Prezident 2015-ci ili dəyərləndirdi-VİDEO

80161271Prezident İlham Əliyev 2015-ci ilin sınaq ili olduğunu deyib və bildirib ki, regiondakı çətinliklərə baxmayaraq, ölkəmizdə işlər normal məcrada davam edib. Dövlət başçısı gələn il üçün prioritetləri də açıqlayıb.

Prezident İlham Əliyev 2015-ci ili dəyərləndirərkən bildirib ki, ötən il dünyada və regionda hökm sürən çətinliklərə baxmayaraq, ölkəmizdə sabitlik olub. Xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilib, milli birlik və həmrəylik hökm sürüb. Dövlət başçısının sözlərinə görə, indi diqqət xüsusən gələcək iqtisadi inkişafımıza yönəldilməlidir. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək:

“Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasin. Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək. Mən bunu dəfələrlə bəyan etmişəm və son illərdə qeyri-neft sektorunun inkişafı , bu məqsədi güdür. Əgər biz bu islahatları aparmasaydıq, bu gün çox ağır vəziyyətdə ola bilərdik”.

Dövlət başçısı vurğulayıb ki, şəffaflıq bütün sahələrdə – istər icra orqanlarının, istərsə də vergi-gömrük orqanlarının fəaliyyətlərində tam təmin edilməlidir:

“Biz dünyanın inkişaf etmiş ölkələrinin praktikasını tam şəkildə tətbiq etməliyik. Gəlirlərə, xərclərə nəzarət gücləndirilməlidir, xüsusilə ictimai nəzarət. Mən bu barədə də dəfələrlə demişəm ki, ictimaiyyət daha da fəal olsun. Yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər, anlamalıdırlar ki, onlar insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni, münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam”.

Prezident İlham Əliyev onu da əlavə edib ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq. Bununla belə, dövlət sosialyönümlü siyasətini davam etdirəcək:

“Mən əminəm ki, 2016-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək. Qeyd etdiyim kimi, idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işləyəcəyik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR