Üzeyir Cəfərov: “Hərbi prokurorluğun fəaliyyətində şəffaflıqla bağlı problemlər var”

1384161505301153_436204379749187_1391004075_nEkspert 20 Yanvar və Xocalı faciələri ilə bağlı lazımi hərbi istintaq işlərinin aparılmamasından narazıdır

“Əvvəlki illərlə müqayisədə orduda cinayət və korrupsiya halları xeyli azalıb, lakin bu hallar hələ də var və bəzi şəxslər bunları gizlətməyə çalışır”

Ötən il Azərbaycanda hərbi cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 790 min 503 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.

Bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirib. O qeyd edib ki, 2015-ci ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Bildirilib ki, ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 66 nəfər tapılıb istintaqa cəlb edilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 136 yoxlama keçirilib, nəticədə 2191 qanun pozuntusu aşkarlanıb. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 202 təqdimat göndərilib, 227 nəfərə xəbərdarlıq edilib, 44 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 141 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 15 qanunsuz qərar ləğv olunub. Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib (APA).

Hərbi ekspert Üzeyir Cəfərov Qafqaznews.az-a bildirib ki, hərbi prokurorluğun açıqlaması bir qədər formal xarakter daşıyır, əvvəlki illərlə müqayisə üçün rəqəmlər və faizlər dəqiq göstərilməyib.

“Şübhəsiz ki, əvvəlki illərlə bağlı xeyli irəliləyişlər var. Lakin deməzdim ki, hərbi cinayətlərin kökü tam kəsilib.

Əməkdaşımızın “Hərbi prokurorluğun işində, cinayətlərin araşdırılması zamanı şəffaflığın səviyyəsi sizi qane edirmi?” sualına ekspert mənfi cavab verib: “Təəssüf ki, bu istiqamətdə ciddi problemlər qalmaqdadır. Hərbi cinayətlərin istintaq və məhkəmə prosesi şəffaf keçirilmir. İctimaiyyətin məlumatlandırılması lazımi səviyyədə deyil. Xoşagələn hal odur ki, əvvəlki illərdə Azərbaycan əsgərlərinin düşmən əlinə düşməsi halları çox olurdu, indi bu hallar baş vermir. Hərbi cinayətlər və korrupsiya hallarında da xeyli azalma var. Orduda maaşların artırılması və nəzarətin gücləndirilməsi korrupsiya hallarının qarşısını bir qədər aldı, lakin bu hallar yenə də var. Ordumuz başqa planetə aid deyil ki, bu ordu da Azərbaycan cəmiyyətinin bir təzahürüdür. Cəmiyyətdəki mənfi hallar miqyasından asılı olmayaraq, özünü ordu daxilində də göstərir”.

Ü.Cəfərov əlavə edib ki, Hərbi Prokurorluğun fəaliyyətində xüsusilə vurğulamaq istədiyi məqamlar əsgərlərin ölüm halları ilə bağlıdır.

“Çox zaman hansısa qətl və ya işgəncə nəticəsində intihar halı baş verərkən, bəzi rütbəli şəxslər bunu ört-basdır etməyə çalışır. Lakin diqqətlə araşdırandan sonra məlum olur ki, bu hadisə hərbi cinayətin nəticəsidir. Məsələn, FHN qoşunları kimi sakit bir yerdə xidmət edən Babaşov soyadlı əsgərin ölümü məhkəmədə diqqətlə araşdırıldıqda məlum oldu ki, ona qarşı nizamnamədən kənar davranışlar olmuşdu”.

Onun sözlərinə görə, hərbi cinayətlər daha çox sabiq nazir Səfər Əbiyevin dövründə müşahidə olunurdu: “İndi də ara-sıra belə hallar baş verə bilər. Lakin bu problemlər köklü araşdırılmalı və mətbuat vasitəsi ilə işıqlandırılmalıdır, ictimai nəzarət olmalıdır. Mən briqada komandirinin müavini olduğum zaman, bəzən hərbi tribunallar “səyyar məhkəmə” formatında, hərbi hissələrdə keçirilirdi. Bu istiqamətdə, fikrimcə, müəyyən addımlar atmaq olar”.

Həmçinin, Üzeyir Cəfərov 20 Yanvar və Xocalı faciələri ilə bağlı lazımi hərbi istintaq işlərinin aparılmamasından narazıdır: “Hər il 20 yanvar və 26 fevral tarixləri ərəfəsində Hərbi Prokurorluq bəyan edir ki, faciələrin törədilməsi ilə bağlı hərbi cinayət işi açılıb, araşdırma gedir. Lakin bu istiqamətdə ciddi addımlar atılmır. O hərbi cinayətlərdə günahkar olan şəxslərin çoxu həyatdadır. Onların məsuliyyətə cəlb olunması üçün mühüm tədbirlər görülə bilərdi”.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR