«Angel» xəz-dəri qalereyasında müştərilər necə soyulur?

1455090346_12674669_1120634527968964_1007574503_nİstehlakçıları kütləvi şəkildə aldadan mağaza ilə bağlı müxtəlif instansiyalara dəfələrlə müraciət edilsə də, heç bir tədbir görülməyib Son illər Azərbaycanda xanımların xəzə olan marağı xeyli artıb. Tələbat artdığı üçün xəz-dəri qalereyalarının da sayında artım müşahidə edilməyə başlayıb. Ancaq bəzi mağazalar var ki, onlar bazarda monopoliyanı öz əllərində saxlayırlar. Və vətəndaşların etibarından sui-istifadə edərək onlara saxta xəz satırlar. İnsanlar müxtəlif TV-lərdə gedən reklam çarxlarına aldanıb həmin mağazalardan baha qiymətə mal alırlar. Lakin aradan bir müddət keçdikdən sonra aldadıldıqlarının fərqinə varırlar. Müştərilərin hüquqlarını pozan həmin mağazalardan biri də «Binə» Ticarət Mərkəzində yerləşən «Angel» xəz-dəri qalereyasıdır. Gundelik-baku.com xəbər verir ki, ilk baxışdan cəlbedici təklif və satış qiymətləri ilə müştərilərin diqqətini çəkən «Angel»də satılan məhsullar elə də keyfiyyətli deyil. Deyilənə görə, burda satışa çıxarılan malların çoxu Çin Xalq Respublikasından idxal olunsa da, üzərlərinə başqa ölkələrin emblemini yapışdırıb camaata satırlar. Vətəndaş isə aldığı məhsulun Çin istehsalı olmasından xəbərsizdir. Saxta etiketlər sayəsində istehlakçılar təmiz malı aşkarlamaqda çətinlik çəkirlər. Yunanıstan və digər ölkələrin istehsalı kimi alıcılara təqdim edilən “Angel» xəz-dəri geyimləri, əslində, Çində istehsal olunur: «Burda satılan geyimlərin ən ucuzunun qiyməti 5-6 min manatdan başlayır. Qalereyada hətta 40-50 min manata satışa çıxarılan xəzlər də var ki, onların tərkibi keyfiyyətli deyil. Mağazanın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır ki, bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə “şuba”ların tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır. Qalereyada çalışan şəxslər müştərilərə satdığı malların yüz faiz orijinal olduğunu bildirirlər. Başqa sözlə desək, geyim dükanının rəhbərliyi müştəriləri aldadır. İstehlakçıların hüquqlarını pozan «Angel»in sahibi bu yolla milyonlarla gəlir əldə edib. Saxta mallar orijinaldan çətinliklə seçilir. Təəssüf ki, istehlakçıların böyük qismi bu təmiz və saxta malı ayıra bilmədikləri üçün aldanırlar». Maraqlıdır ki, istehlakçıları kütləvi şəkildə aldadan «Angel» xəz-dəri qalereyası ilə bağlı müxtəlif instansiyalara dəfələrlə müraciət edilsə də, mağazanın rəhbəri barədə heç bir tədbir görülməyib. Sözügedən qalereya heç nə yoxmuş kimi fəaliyyətini davam etdirir və müştəriləri aldatmaqdadır. Biz isə aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən xahiş edirik ki, «Angel»in fəaliyyətini dərindən araşdırıb vətəndaşlarının soyulmasının qarşısını alsınlar. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Mövzunu diqqətdə saxlayacağıq. Gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR