İcra hakimiyyəti müəllimlərə “haqq” qoyub?

236044Abşeron məktəblərinin müəllimləri növbəti və yeni problemlə üzləşib.

Gün.az xəbər verir ki,  ötən ilin dekabr ayında diaqnostik qiymətləndirmədən keçən müəllimlərə məvaciblərində yaranan artıma görə “haqq” qoyulub.

Abşeron rayon İcra Hakimiyyətinin göstərişinə və rayon Təhsil Şöbəsinin yerli məktəb direktorlarına verdiyi qeyri-rəsmi əmrə görə, bundan sonra diaqnostik qiymətləndirmədən keçən müəllimlərin hər biri aylıq 10 manat pul, “haqq” verməlidir.

Səbəbsə məlum deyil.

Qeyd edək ki, bu, əslində Abşeron məktəblərində birinci hal deyil.

Hələ keçmiş icra başçısının zamanında da Abşeronda, Xırdalanda “hasarçəkmə”, quruculuq- abadlıq işləri adı altında müəllimlərdən mütəmadi olaraq “haqq” tələb olunur və yığılırdı.

Xüsusilə də, yayda məzuniyyətə, tətilə çıxan müəllimlərin hər birindən 50-150 man arasında “haqq” yığılırdı.

Etiraz edən məktəb direktorları və ya müəllimlər də təbii ki, “cəzalandırılırdı”.

Bu günlərdə redaksiyamıza zəng edən və israrla adının çəkilməsini istəməyən Abşeron, Xırdalan məktəblərindən birinin müəllimi bildirib ki, diaqnostik qiymətləndirmənin nəticələrindən sonra sevincləri qursaqlarında qalıb.

“Vallah-billah bezmişik…. Onsuz da güclə, birtəhər dolanırıq, həm də əlavə qazancımız olmur ki, özümüzü, ailəmizi bir yana çıxaraq. Bu azmış kimi də dəqiqədəbir müəllimlərdən “haqq” tələb olunur. Ay, nə bilim, hasar çəkilir, pul verin, kimsə Həccdən qayıdıb, pul verin, İcra Hakimiyyətindən “qonaq” gələcək, pul verin, Təhsildən kimsə gələcək, “artıq-əskik söz-söhbət” olmasın, pul verin…5-10 manat pul qazanırıq, onun da heç üzünü görmürük.

İndi də belə bir göstəriş gəlib ki, diaqnostik qiymətləndirmədən keçən və maaşlarında artım olan müəllimlər hər biri ayda 10 manat ödəməlidir. Axı, nəyə görə? Biz zəhmət çəkirik, alnımızın tərini axıdırıq ki, kiməsə pul verək? Niyə bunun qarşısı alınmır? Ümidimiz yenə də mətbuatadır, bəlkə səsimizi eşidən ola…” – deyə, adının çəkilməsini istəməyən müəllim daha sonra sözlərinə əlavə edib.

Məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq üçün Abşeron rayon İcra Hakimiyyətinə və Təhsil Şöbəsinə zəng etdik. Hər iki qurumun da telefonları “müdrikcəsinə” susurdu, cavab vermirdi…

Adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR