Kikboks üzrə Respublika Çempionatında qalmaqal

403816120Dünya çempionu haqsızlığa uğradığını və federasiya prezidentinin gözü önündə uduzdurulduğunu bildirir: “Mənə “qardaş” deyənlər barəmdə haqsız qərar çıxardılar”

16-17 fevral tarixlərində Kikboks üzrə Respublika çempionatı keçirilib. Yarışda respublikanın ən güclü kikboksçuları müəyyən olunaraq milli yığmaya qəbul olunub və həmin idmançılar öz çəkilərinə uyğun olaraq il ərzində dünyada keçiriləcək yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Anar Süleymanov
FACEBOOK PROFİLİNDƏN
“Dəfələrlə çempion olmalısan ki, bəlkə sənə də mükafat düşə…”

Yarış zamanı 86 kq çəki dərəcəsində yarımfinal yarışında anlaşılmazlıq olduğu və idmançının qəsdən uduzdurulduğu məlumatı yayılıb. Dünya çempionu olan Fuad Zeynalov ilə Kamil Şərifovun qarşılaşması zamanı Kamil Şərifov qalib elan edilib. Fuad Zeynalovun tələbələri və dostları sosial şəbəkədə hakimlərin qərarına etiraz ediblər.

Qarşılaşmanın videosundan da görünür ki, görüşün qalibi Fuad Zeynalovdur. O özü də Sputnik-ə açıqlamasında haqsızlığa uğradığını deyib: “Bildiyiniz kimi, mən Sərhədçi Olimpiya Mərkəzinin baş məşqçisiyəm, kapitan rütbəsindəyəm. Dünya və Avropa çempionu, Dünya kubokunun sahibiyəm. Bu yarış mənim sonuncu yarışım olmalı idi. Sonuncu dəfə rinqə çıxıb, nəyə qadir olduğumu sübut etmək istəyirdim. Bu yarış mənim üçün həm də şəxsi imtahan idi. Sözsüz ki, yarış öz vətənimdə keçirildiyinə görə, onun ədalətlə mühakimə olunacağına əmin idim. Məqsədim titul əldə edib çempion olmaq idi. Yuxarıda da qeyd etdiyim kimi titullarım kifayət qədərdir. Bu titulların siyahısına daha birini də əlavə etmək istəyirdim”.

“Yarışda başda federasiyanın prezidenti olmaqla, bütün idarə heyəti iştirak edirdi. Karyeramın ən prinsipial döyüşləri Kamil Şərifov adlı döyüşçü ilə olub. İki dəfə ona məğlub olmuşam. Bu yarışın yarım finalında onunla yenidən üçüncü dəfə qarşılaşdıq. Bu yarışa böyük məsuliyyətlə hazırlaşmışdım. Çəkdiyim əziyyətlərin və gərgin məşqlərin sayəsində özümü tam hazır hiss edirdim. Fikirləşdiyim kimi də oldu. Mən rəqibimə asanlıqla və böyük fərq üstünlüyü ilə qalib gəldim”, —deyə kikboksçu bildirib.

O, döyüşün sonunda əminliklə əllərini qaldırıb qalib olduğunu nümayiş etdirsə də, gözlənilmədən canlı yayımda və idarə heyətinin gözü qarşısında hakim K. Şərifovun əlini qaldırıb: “Bu qərar haqlı olaraq həm mənim, həm də federasiya prezidentinin narazılığına səbəb oldu. O, hətta vitse-prezident Güloğlan Cabbarova iradını bildirərək mənim qalib olduğumu və finalda döyüşməli olduğumu dedi. Bundan sonra məni əmin etdilər ki, yenidən qərar çıxarılacaq və mən finalda döyüşəcəm. Burada hansı oyunların getdiyini başa düşmədim, amma qərar qüvvəsində qaldı”

“Bu idman növü ilə ailə həyatı heç cür alınmır…”

İdmançının sözlərinə görə, ona ən ağır gələni isə işin başqa tərəfi olub: “Bu qərarı mənə “qardaş” deyən insanlar çıxardı. Bilmirəm, bu hərəkətin səbəbi nə idi: paxıllıqmı, qısqanclıqmı… Bunu onların vicdanına buraxıram. İstənilən halda karyeramın son döyüşü mənə gözlədiyimdən də artığını verdi. Sonuncu raundun qonq səsi dost və düşməni bir-birindən ayırdı. Mən kimin dost, kimin düşmən olduğunu bildim”.

Məsələ ilə bağlı Kikboks Federasiyanın prezidenti Adil Əliyevlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Döyüşün nəticələri ilə bağlı federasiya rəsmilərinin fikirlərini işıqlandırmağa hazırıq.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR