Körpə ölümündə günahlandırılan baş həkim danışdı – EKSKLÜZİV

 64934_515690138465120_1361018328_nLeyla Seyidəliyeva: “Məhkəmə yolu ilə mənə dəyən mənəvi ziyanın ödənilməsini tələb edəcəyəm”

Fevralın 12-də Qafqaznews.az saytında “Yaxşı pul xərcləyərdin, uşaq sağ qalardı” – baş həkim övladı ölən ataya nə dedi?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda deyilirdi: “Zaqatala rayonu, Sevil Qazıyeva küçəsi, ev 25 sakini Naibov Vüqar Hüseynbala oğlu övladının ölümünə səbəb olan səhiyyə işçiləri ilə bağlı Qafqaz Xəbər Agentliyinə məktub göndərib. O, Qafqaznews.az-a göndərdiyi şikayət məktubunda bildirib ki, mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edir: “Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın yaratdığı korrupsiya şəbəkəsinin yarıtmazlığı, özbaşınalığı nəticəsində uşağım qəsdən məhv edildi. Belə ki, hamilə olan həyat yoldaşım Darçınova Mahru Darçın qızını doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirdikdə ilk dəqiqədən bizdən pul tələb etdilər, imkansız olduğumu bildirdikdə hamilə yoldaşımı xəstəxananın doğum şöbəsinə buraxmadılar. Buna görə hamilə yoldaşım çöldə soyuq havada gözlədi, mən qayınanamla gedib borc pul tapdıq, gətirib həkimlərə verdik. Qan analizi adı ilə 25 manat, ultrasəs müayinə adı ilə 15 manat, qeydiyyat adı ilə 10 manat, tibbi ləvazimat adı ilə 20 və həkimlərin zəhmət haqqısı üçün 70 manat pul aldılar. Sonra səriştəsiz həkimlər gəlib dedilər ki, uşaq tərs doğulacaq buna görə seçim edin ya ana, ya da uşaq öləcək. Səriştəsiz və vəhşi həkimlər uşağı qol gücü ilə dartıb boğuduqları üçün uşaq yarı ölü doğuldu. Uşağı oksigen balonu altına qoydular”. O qeyd edir ki, pulu qurtardığı üçün, bir oksigen şüşəsinə iki yeni doğulmuş uşaq qoymuşdular.

“Hansı ki, bir oksigen şüşəsinə bir uşaq qoyulmalıdır.Uşağın vəziyəti tam pisləşdi deyə səriştəsiz həkimlər bizə məsləhət bildilər ki, təcili aparın Şəki şəhər xəstəxanasına. Pulumuz olmadı deyə uşağı Zaqataladan Şəki Xəstəxanasına oksigen şüşəsi olmadan apardıq. Orada vicdanlı və savadlı həkimlər irad tutdular ki, belə uşağı nə üçün oksigen şüşəsi olmadan gətirmisiniz, bu doğuş düzgün aparılmayıb gecdir, bu uşaq yaşamayacaq. Elə də oldu, uşaq Leyla həkimin yaratdığı korrupsiyaya qurşanmış səriştəsiz həkimlərin tamahının və səriştəsizliyinin qurbanı oldu. Baş həkim Leyla Seyidəliyeva mənə dedi ki, yaxşı pul xərcləyərdin, uşaq sağ qalardı”. Şikayətçi vətəndaş vurğulayıb ki, onlar bu minvalla çox sayda uşaqları öldürüblər”. Məsələ ilə bağlı qarşı tərəfini mövqeyini də işıqlandırmaq məqsədi ilə, Zaqatala RMX-nin baş həkimi Leyla Seyidəliyeva ilə əlaqə saxladıq. L.Seyidəliyeva Qafqaznews.az-a bildirib ki, Vüqar Naibovun iddiaları tamamilə yalan, təxribat və böhtandır. “Bu məsələ ilə bağlı prokurorluq araşdırma aparılır.

O vətəndaşın özü prokurorluğa müraciət edib, biz də prokurorluğun sorğusuna cavab vermişik və həkimlər özləri də izahat verib. Bu məsələ ilə bağlı biz tibbi şura keçirmişik. Düzdür, o uşaq ağır travma ilə doğulub. Lakin o, bizim oksigen balonu ilə təmin olunan təcili yardım maşınında Şəki Xəstəxanasına çatdırılıb. Orda sutka yarım qaldıqdan sonra evə aparılıb və orda dünyasını dəyişib”, – deyə L.Seyidəliyeva vurğulayıb.

O qeyd edib ki, V.Naibova “yaxşı pul xərcləyərdin, uşaq sağ qalardı” sözlərini deməyib: “Hadisə baş verib keçən ilin oktyabrında. Həmin vaxt mən Bakıda, kollegiya iclasındaydım. Əgər 6 ay əvvəl vətəndaşın narazılığı var idisə, bu gəlib bizə deyə bilərdi. Mən həkiməm, mən elə söz deyə bilmərəm, ya da insanların həyatı ilə oynamaram. Bəli, körpənin durumu ağır olub, amma onun ölümündə bizim günahımız yoxdur. O adam bizim işgüzar nüfuzumuza xələl gətirməyə çalışır. Əgər səhiyyə ilə bağlı məsələ varsa, şikayətinizi bildirin. Amma mənim şəxsi həyatımı qurdalamaq, “Facebook” profilimdən şəkilləri yaymaq, təhqir etmək yol verilməzdir.

Onun nə ixtiyarı var, mənim şəxsi həyatımı çıxarıb qoyub camaatın qabağına? Şəxsi həyat toxunulmazdır”. Əməkdaşımızın “O vətəndaş sizdən kompensasiya olaraq pul istədimi?” sualına baş həkim belə cavab verdi: “Yox, o istəmədi, amma mən məhkəmə yolu ilə mənəvi ziyanın ödənilməsini ondan tələb edəcəyəm”. Baş həkim qeyd edib ki, işgüzar nüfuzuna xələl gətirilməsi səbəbilə V.Naibovu və bir neçə saytın rəhbərliyini məhkəməyə verəcək. Mövzunu diqqətdə saxlayırıq. Əlavə informasiya, mövqe və iradları işıqlandırmağa hazırıq.

Sənan Məmmədli

Qafqaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR