Qadın sürücülər niyə polisə tabe olmaq istəmir?

236003Son zamanlar sərxoş halda avtomobili idarə edən qadın sürücülərin sayı artıb. 
Statistikadan məlum olur ki, qadınlar əsasən gecə vaxtı, təxminən saat 2-3 radələrində içkili vəziyyətdə sükan arxasına əyləşir. Yol polisi tərəfindən saxlanılan sərxoş qadın sürücülərin əksəriyyətinin ya sənədləri qaydasında olmur, ya da polisin əmrinə tabe olmaq istəmir, müqavimət göstərməyə çalışır. Bununla bağlı mətbuatda, sosial şəbəkələrdə az qala hər gün  məlumatlar, videolar yayılır. Dəfələrlə bu mövzuda bir sıra deputatlar, ekspertlər öz irad və təkliflərini bildirsələr də görünəni budur ki, problem həll olunmaqdansa, əksinə, daha da artmağa başlayır.  Bu azmış kimi içkili vəziyyətdə avtoxuliqanlıq edən xanımların da sayı durmadan artır. Bu da bir çox hallarda ağır yol qəzalarına səbəb olur.
Bəzi ekspertlər qeyd edirlər ki, əslində əvvəllər də sərxoş vəziyyətdə avtomobil idarə edən qadınlar çoxluq təşkil edib. Sadəcə əvvəllər reyd vaxtı qadın sürücüləri saxlanılırdısa, onların qadın olduğunu nəzərə alınaraq  informasiyanı ictimailəşdirmir, məsuliyyətə cəlb olunsalar da, bu barədə mətbuata məlumat verilmirdi. Lakin sonradan qadın sürücülərlə bağlı qayda pozuntuları, xüsusən də sərxoş qadın sürücülərin, onların polislərə qarşı neqativ davranışlarının sayı artdıqca ictimailəşdirmək zərurəti yaranıb.
Xatırladaq ki, ötən il tanınmış prodüser, aparıcı Təranə Səmədovanın sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılması, onun polislərə qarşı kobud, təhqiredici ifadələr işlətməsi, neqativ davranışlar nümayiş etdirməsi ilə bağlı video yayılmışdı. Onun bu hərəkəti mediada, sosial şəbəkələrdə ciddi tənqid olunmuşdu.
Psixoloq Elmir Rüstəmov isə bu cür ictimailəşdirməyin tərəfdarı olmadığını deyib:
“Bu cür neqativ halları ictimailəşdirmək bir qiim insanları bu cür davranışlardan çəkindirirsə, digərlərini şüuraltı buna təhrik edir. Məsələn, bir müddət bundan əvvəl tanınmış bir xanım sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanımış və bu barədə mətbuatda işıqlandırılmışdı. Hazırda o xanımı yada salan var? Əlbəttə ki, yox. İndi isə o xanım efirlərdə dəyərlərdən danışmağa başlayır.
Bir daha qeyd edirəm, biz informasiya əsrində yaşayırıq. Hər şey sürətlə axır. Ola bilsin ki, olay həmin gün aktual olsun, lakin sonra yada düşmür. İctimai qınaq da ya 2-3 saat və ya bir gün təşkil edir”.
Psixoloq problemin yaranma səbəblərindən də söz açıb:
 “Bunun kökündə daha çox informasiya əsrinə daxil olmağımız durur. Ümumilikdə informasiya əsiri kişi və qadın arasında gender bərabərliyini, hüquqların bərabər olmasını irəli sürdü. Gender bərabərliyi isə özü ilə bərabər xanımlarda kişi qabiliyyətlərinin, vərdişlərinin, kişilərdə də qadınsal vərdişlərin, özəlliklərin inkişaf etməsinə gətirib çıxardı.
Xanımın avtomobil idarə etməsi pis iş deyil. Lakin bunlar istər-istəməz qadınlarda kişisəl duyğuların yaranmasına səbəb olur. Üstəlik, hazırda istər seriallarda, istərsə də kliplərdə spirtili içkilərin təbliği gedir. Bu da qadınların içkili vəziyyətdə avtomobil idarə etməsinin artmasına  və az qala dırnaqarası ənənəyə çevrilməsinə səbəb olur”.
Elmir Rüstəmov yalnız maarifləndirici üsullarla problemi həll etmək mümkün olduğunu qeyd edib:
“Fikrimcə, bu cür insanlarla bağlı sosial çarxlar hazırlansa, maarifləndirici işlər görülsə daha əhəmiyyətli olar. Anlatılmalıdır ki, içmək istəyirsənsə, get evində iç , amma içib sükan arxasına keçsən, kimisə vurub şikəst edə bilərsən. Beləliklə, çəkib ictimailəşdirməyin, “etmə” deməyin heç kəsə təsiri olmayacaq. Buna görə də sosial çarxların təşkil edilməsinə ehtiyac var”.
 ***
Qadınların avtomobil sürməsinə qadağa qoyan yeganə ölkə…
Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, qadınların avtomobil sürməsini qadağan edir. Dini rəhbərlər hesab edirlər ki, əgər qadınlar avtomobil idarə etsələr, bu, əxlaqsızlığın yayılmasına səbəb ola bilər. Ölkə qanunverciliyində bununla bağlı əslində heç bir qadağa yoxdur. Lakin dini rəhbərlər zaman-zaman bununla bağlı öz fətvalarını verir, avtomobil sürməyin qadınlara fiziki olaraq mənfi təsir göstərdiyini iddia edərək qadınların sükan arxasına keçməsinin qarşısını almağa çalışırlar. Lakin Səudiyyə Ərəbistan qadınları bu iddia və fətvalarla razılaşmayaraq dəfələrlə aksiya keçiriblər. Nəticədə hökumət qadınların yalnız bir sıra məhdudiyyətlə avtomobil arxasına keçməsinə razı olub. Belə ki, yaşı 30-dan çox olan qadınlar heç bir kosmetikadan istifadə etməyərək yalnız gündüz saatlarında sükan arxasına keçə bilər.
Mühafizəkar müsəlman ölkələrindən olan İranda isə qadın sürücülərin sayı kişilərdən he də geridə qalmır. Aparılan araşdırmalar zamanı məlum olub ki, bu ölkənin qadınları kişilərə nisbətən avtomobili daha diqqətli idarə edir. Bu səbəbdən Tehranda taksi sürən qadınların xidmətindən daha geniş istifadə edilir.//Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR