Sahibkar xanım prezidentə müraciət etdi: “Bu işin arxasında İbrahim Mehdiyev durur”

62c15b7b52328e0427d3666c5be1f545Xətai rayonu, S.Vəzirov küçəsi, 11-C, mənzil 4 ünvanında yaşayan Sevinc Oqtay qızı Hacıyeva dövlət başçısı İlham Əliyevə müraciət edib. S.Hacıyeva prezidentə yazdığı məktubun bir nüsxəsini Qafqaz Xəbər Agentliyinə göndərib. Müraciətdə deyilir:

Cənab Prezident! Siz hər zaman sahibkarlara, xüsusilə də sahibkar xanımlara dəstək olmusunuz, onların öz bizneslərini inkişaf etdirməsi üçün hər cür şərait yaratmısınız. Eyni zamanda, hər bir sahibkarın borcudur ki, Azərbaycanın qanunlarına hörmət etsin, yalnız şəxsi mənfəətini düşünmədən həm dövlətə, həm də cəmiyyətə faydalı işlərlə məşğul olsun. Lakin bəzən elə hallar olur ki, sahibkar qanunlara riayət etdiyi halda, ayrı-ayrı məmurlar həm qanunları, həm də sizin dəfələrlə verdiyiniz tapşırıqları görməzdən gəlirlər. Bu il fevralın 11-də Xətai rayonu S.Vəzirov 11 ünvanında, “KAT” MTK şəhərciyində mənə məxsus avtomobillərə xidmət məntəqəsi Xətai RİH-in əməkdaşları tərəfindən sökülüb və yüngül konstruksiyalı tikilinin bütün avadanlıqları müsadirə edilərək aparılıb. Lakin bu söküntü işi ilə bağlı mənə heç bir rəsmi sənəd göstərilməyib. Xatırladım ki, bu obyektin inşası və fəaliyyətinə icazə 2005-ci il martın 9-da, Xətai RİH tərəfindən verilib.

 Hörmətli Dövlət Başçısı! O vaxt Xətai RİH başçısı İbrahim Mehdiyev idi və sərəncamda onun adı var. 2010-cu ildə isə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən avtomobillərə texniki xidmət məntəqəsinin eskizi təsdiq olunub. O zaman biz bu obyekti inşa etdik, 40 min manata qədər vəsait xərclədik. Lakin obyekt təzə açılmışdı ki “Təmiz Şəhər ASC-də işləyən Telman Teymurov (o vaxt bu şəhərcikdə yaşayırdı) dedi ki, “əgər “moyka” işlətmək istəyirsinizsə, ayda mənə 300 manat verəcəksiniz, mən də “yuxarı”lara verəcəyəm”. Sonra Telman guya “sakinlərə narahatlıq” bəhanəsi ilə qapı-qapı düşüb imza topladı, bu ərizə RİH-ə getdi.

Hətta bəzi əcnəbi vətəndaşlardan da imza almışdılar. Əksər qonşular sonra dedilər ki, “biz nəyə imza atdığımızı bilmirdik, bizə burda abadlaşdırma və yaşıllaşdırma olacağını deyiblər”. Beləliklə, bir neçə il əvvəl obyekt söküldü. 2015-ci il iyul tarixində Xətai Rayon Məhkəməsi bizim həmin ərazidə yüngül konstruksiyalı məntəqə açmağımıza icazə verdi, bu işin icrasına nəzarət isə Ədliyyə Nazirliyi Xətai Rayon İcra Şöbəsinin icraçısı Rüstəm İbrahimova tapşırıldı. O bizə dedi ki, narahat olmayın, yenə sökməyə gəlsələr, mənə bildirin. Bundan 15 gün əvvəl R.İbrahimovun nəzarəti ilə həmin “moyka”nı bərpa etdik. Lakin fevralın 11-də Xətai RİH-dən gəlib heç bir sənəd göstərmədən sökdülər. İcraçıya zəng etdim, dedi mənim bu məsələdə işim bitib, siz 102-yə yığın.

Sahə inspektoru Valeh Səfərli isə gəldi, həmin adamlarla dedi-güldü, zarafatlaşıb getdi. Daha sonra adı Füzuli olan RİH əməkdaşı mənə dedi ki, “RİH-in memarı Vadim Surxayevlə danışın, o desə, söküntü dayanar”. Mən getdim Vadim müəllimlə görüşdüm, o isə bildirdi ki, “siz yenidən icazə almalısınız”. Beləliklə, bu məsələdə biz tək qaldıq. Məsələ ondadır ki, sakinlər arasında bu işin arxasında duran şəxsin Xətai RİH-in keçmiş rəhbəri, hazırda Yasamal rayonunun icra başçısı olan İbrahim Mehdiyevin olması danışılır. İbrahim Mehdiyev bu şəhərcikdə (S.Vəzirov 11H, mənzil 13-14) yaşayır, iki mənzili alıb birləşdirib. Və “moyka”nın sökülməsində də məhz İbrahim Mehdiyevin rolunun olduğu deyilir. Sakinlərin sözlərinə görə, Telman adlı şəxslə İbrahim müəllimin yaxın münasibəti olub. Obyektin birinci dəfə sökülməsinin də məhz İbrahim Mehdiyevin sifarişi ilə olduğu deyilir, bunu özü də dəfələrlə sakinlər arasında etiraf edib.

On beş gün əvvəl bu obyekt tikiləndə İbrahim Mehdiyev gəlib soruşmuşdu, ona demişdilər ki, məhkəmə qərarı var. O isə “baxarıq” deyərək getmişdi. İbrahim Mehdiyevin hələ fəaliyyətə başlamayan obyekti sökdürməkdə əsas səbəb kimi “səs-küy olmasını” göstərdiyi deyilir.

Möhtərəm İlham Əliyev Cənabları! Maraqlıdır ki, İbrahim Mehdiyev rəhbərlik etdiyi Yasamal rayonunda binalara bitişik olan avtoyuyucuları və müxtəlif obyektləri görmür, lakin Xətai rayonunda – yaşadığı şəhərcikdə hələ açılmayan avtoyuyucu ona 150-160 metr məsafədən (arada bir bina da olduğu halda) maneəçilik yaradır.

Üstəlik, bu avtoyuma məntəqəsinin tikilməsinə icazəni özü 2005-ci ildə verib, 2010-cu ildə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən təsdiq olunub. Əlimizdə məhkəmə qərarı da olduğu və həmin məhkəmə qərarında bizə bu tikinti üçün şərait yaradılması tələb olunduğu halda, Xətai İH-in əməkdaşları heç bir sənəd göstərmədən bizim obyektimizi söküb, avadanlıqları da müsadirə ediblər.

Cənab Prezident! Sizdən bir vətəndaş, bir Azərbaycan xanımı olaraq xahiş edirəm, hüquqlarımızı kobud surətdə pozan və qanunları öz həvəs və arzularına uyğun istismar edən məmurların cəzalandırılmasında, bizim sahibkarlıq və mülkiyyət hüquqlarımızın bərpasında öz köməyinizi əsirgəməyəsiniz! Sizin sayənizdə tezliklə haqq-ədalətin zəfər çalacağına, vəzifəsindən sui-istifadə edən şəxslərin cəzalandırılacağına inanıram”.

Qafqaznews.az



moyka9

moyka8

Moyka6

moyka4

moyka3

Moyka2

Moyka1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR