“Toy edənlərin müğənniyə pul vermək imkanı yoxdur” – ŞİKAYƏT

1456146468_0001Dolların məzənnəsinin manata nisbətən bahalaşmasından iki ay keçib. Manatın devalvasiyasının hər sahəyə olduğu kimi, toy biznesinə ciddi təsir göstərdiyi məlumdur. Əsas gəliri el şənliklərindən olan sənət adamları ölkədə yaşanan iqtisadi böhrandan dəfələrlə şikayət edərək, bildiriblər ki, toya dəvət almırlar.

Evlənmək istəyən cütlüklərin yaz aylarında toy etməyə üstünlük verməsi isə toy bazarında canlanma yaradıb.

Bəs, hazırda müğənnilərin vəziyyəti necədir? Sənət adamları toy böhranından çıxa bilib?

Musavat.com saytı müğənnilər arasında sorğu aparıb və onlardan toylara dəvət alıb-almadıqlarını öyrənib.

Müğənni Manaf Ağayev bildirib ki, toylara dəvət almır: “Toy yoxdur. İnsanların maddi durumu bəllidir. Toy edənlərin də müğənnini çağırıb, pul vermək imkanı yoxdur. Vəziyyət düzələr, bizi də toylara dəvət edərlər”.

Müğənni Ayan Babakişiyeva qeyd edib ki, toy biznesinin tezliklə böhrandan çıxacağına inanır: “Manatın dəyərdən düşməsi hər kəsə mənfi təsir göstərib. Devalvasiyadan sonra toy biznesi zəifləyib. Toyların sayının azalması müğənnilərin çoxunu işsiz qoyub. Sənət adamlarını toya dəvət etmədiyi üçün heç kimi qınamaq olmaz. İnanıram ki, vəziyyət tezliklə düzələcək”.

Müğənni Günay İbrahimli də qeyd edib ki, vəziyyəti digərlərindən fərqlənmir: “Mənim də vəziyyətim digər müğənnilər kimidir. Tam səmimi deyirəm. Əvvəllər iki toya gedəndə fərqləndirirdik ki, birində qonaqlar fəal idi, digəri maraqsız keçdi. Amma indi elə deyil. Əsas odur ki, toy olsun. Hər il yanvar-fevral aylarında toy azlığı ilə üzləşirik. Bu il ölkədə yaşanan iqtisadi böhrana görə toyların sayı lap azalıb. Ümidimizi, mart-aprel aylarına bağlamışıq”.

“Qala Ceyhun” kimi tanınan müğənni Ceyhun Əliyev isə toylara dəvət aldığını bildirib: “Məndə toy böhranı olmayıb. Çünki hamının imkanı çatacaq məbləğdə toy oxumuşam. Vergimi də vaxtında ödəyirəm. Əgər toy qiymətimi 8-10 min manat kimi təqdim etsəydim, təbii ki, mən də oturub, toy sifarişi gözləmək məcburiyyətində qalardım. İnsanların büdcəsini nəzərə almaq lazımdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR