Xocalı faciəsi – günahkar axtarıb tapa bildikmi?

12767262_180226305684104_377865861_n

Bu gün Xocalı faciəsinin ildönümüdür. Az qala əzbərlədiyimiz xronikadan xatırlatma verməyəcəm. Erməni quldur dəstələri, 366-cı alay, içimizdəki xainlər, sapı özümüzdən olan baltalar… Bu barədə çox danışılıb, çox deyilib.

24 ildir günahkar axtarırıq, 24 ildir məsumiyyətin yasını tuturuq.

Ramiz Rövşən demişkən, “hamı günahkardır dünyada, amma heç kimin günahı yoxdur”.

Dövlət rəsmilərinin, millət vəkillərinin də münasibəti birmənalı deyil. Hər il mətbuatda müxtəlif bəyanatlarla “günahkarlar siyahısı”na rast gəlirik. Bəzən kimsə kiməsə olan qəzəbini, heyfini Xocalı faciəsinə calaq edir. Kimlərsə də ailəsinin çörəyini bu faciədən çıxarır.

Min təəssüflər olsun ki, Sovet dövrünün “plandoldurma” ənənəsi müstəqillik illərində də bizdən uzaq olmadı. Həm də təəssüflər olsun ki, bu “plandoldurma”lara “qrantalma”lar da əlavə olundu, faciələrimizin təbliğatı biznesə çevrildi. Xocalı faciəsi bir dəfə olub, qurtarıb. Amma faciələrimizin istismarı hələ də davam edir. Əsl faciə budur…

… Vaxtaşırı virtual aləmdə erməni gənclərlə mübahisələrimiz olub. Qarşı tərəfin ən çox istifadə etdiyi, bəlkə də həqiqiliyə inandığı bir iddia var: “Xocalı faciəsini azərbaycanlıların özü törədib, atıblar ermənilərin üstünə”.

Maraqlıdır, nə qədər gülməli olsa da, bu cəfəngiyatla beyinlərin “yuyulması”nın özü də bir faciədir.

Bir tərəfdən də, biz azərbaycanlılar  çox səhvlər etdik… inam bizdən uzaq olmadı, amma çox inandıqca da çox aldandıq. İnandıq ki, “sizi xilas edəcəm” deyən nə qədər yoldankeçən bizi öz arxasınca apara bildi. Aldandıq ki, səhvlərimizin cəzasını hələ də çəkirik.

Şükürlər olsun ki, dövlət bütövlüyümüzü qoruya bilmişik – qocaman palıd kimi məğrur duran istiqlalımız var. Lakin “palıd”ın gövdəsinə daraşan qurdlar da az deyil. Onlardır bizim vətən sevgimizi, faciələrimizi, kədərimizi, hətta sevincimizi istismar edənlər. Onlar varlandıqca, dövlətin sərvətini xaricə daşıdıqca… cəmiyyətdə vətənpərlik də sarsılır, “kasıb uşağı ölümə gedəcək, varlı uşağı qaçıb gizlənəcək” kimi fikirlər də haqlı və əsaslı çıxır.

Amma biz inanırıq. Sonunda aldanmaq, yanılmaq, hətta daha ağır faciələrə məruz qalmaq varsa da.. Bu millətin qısır olmadığına, mütləq “günəşli günlər” gələcəyinə inanırıq. Millətin içindən nə qədər xain çıxarsa çıxsın, onun varlığı da, möhtəşəmliyi də sadiq övladlarında təcəssüm edəcək.

O ki qaldı erməni-türk ədavətinə… Hər birimizin öz həqiqəti var. Hər birimizin öz iddiası. Görünən odur ki, ermənilərin və azərbaycanlıların yenidən bir araya gəlməsi, nifaqa və nifrətə son vermək üçün çox zəhmət lazım gələcək.

Həqiqətlərin ən acısı isə odur ki, bu müharibəyə son vermək üçün də qan tökülməsinə ehtiyac var.

Cəlladların, fırıldaqçıların, oyunbazların cəzalandırılması lazımdır.

Yenə də min təəssüflər olsun ki, önə verilən günahsızlar, sadəlövhlər, inanaraq aldadılanlar olur.

“Düşmən” deyib keçməyək. Cəbhə xəttinin o tərəfində də, övladını parlaq gələcək arzularıyla böyüdən analar var.

Gələcəyin parlaqlığı gülən gözlərdə görünməlidir, bıçaq tiyəsində yox.

Başımız sağ olsun!

 Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR