Akif Səlimovun bizdə qalan 50 min manatı

12782149_186628001710601_1248561291_nLaçın sakinləri 2 ay əvvəl məndən kömək istəmiş, mən də şikayətlərini Qafqaz Xəbər Agentliyinin saytlarında dərc etməyə köməklik etmişdim. Sonra Laçın RİH başçısı mənim iş yoldaşlarımı məhkəməyə verdi. Bu ay məhkəmə olmalıydı, 50 min manat mənəvi zərər-zad… Amma alınmadı, prezident Akif Səlimovu azad elədi. Azadlıqdan gözəl şey yoxdur. Əslində, yazılarda böhtan, təhqir, şərəf və ləyaqətin alçaldılması da yox idi. Sakinlərin Prezident Administrasiyasına şikayətə gedəcəyi barədə məlumat idi. Sonradan icra başçısı sakinlər arasında problemi hansısa yolla “həll etmiş”, amma narazı vətəndaşlara dəstək verən jurnalistlərdən intiqam almaq arzusunu da çin etməyə qalxmışdı.

Digər tərəfdən, Akif İsmayıl oğlu Səlimov məhkəmə iddiasını RİH adından yox, şəxsən öz adından qaldırmışdı, amma bunun üçün RİH-in hüquq şöbəsini, administrativ resurslarını səfərbər etmişdi. Yaxın günlərdə hazırlıq iclası olacaqdı. Mənsə dostlarım qarşısında özümü bir qədər günahkar hiss edirdim. Bütün lazımi texniki avadanlıqları hazırlamış, bu həftəsonu Taxtakörpü qəsəbəsinə yola düşəcəkdim. Laçın sakinləri arasında videosorğu aparmaq, süjet hazırlamaq və mən də bacardığım kimi intiqam almaq fikrindəydim.

Sağ olsun cənab prezident, yolpulum cibimdə qaldı. Akif Səlimova verəcəyimiz 50 min manat da… Jurnalisti məhkəməyə verən istənilən məmur bilməlidir ki, jurnalist həbsə gedər, amma 50 min, 100 min və ya 150 min manat ödəməz. Çünki o pul yoxdur. Olmayan pulu necə ödəyəcəkdik? Ölkə başçısının digər sərəncamı ilə Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Cəbrayıl camaatını çox istədiyindən söyən icra başçısının qəlblərdə öz yeri var… Amma yenə də, azadlıq başqa şeydir. Dadlıdır, qiymətlidir… Mətbuatda gülüş və tənqid obyekti olmaqdansa, elə vəzifədən və artıq yüklərdən azad şəkildə yaşamaq yaxşıdır. Bəzi adamlara vəzifə vermək onları alçaltmağa bərabərdir.

 Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR