CNN: Müasir qırıcıların uçuşunun 1 saatı 45 min dollara başa gəlir

132682_res_01CNN xəbər verir ki, İŞİD-ə qarşı əməliyyatlarda ABŞ Vyetnam müharibəsi dövrünün OV-10 Bronco tipli hərbi təyyarələrindən istifadə etməyə başlayıb.

Belə ki, hazırda İŞİD əleyhinə əməliyyatlarda iki OV-10 Bronco təyyarəsi fəaliyyət göstərir ki, bunlar ən azı 50 il bundan əvvəl istehsal olunublar. Əməliyyatların başladığı tarixdən həmin təyyarələr artıq 120 döyüş tapşırığını yerinə yetiriblər. Xəbəri ABŞ Hərbi Qüvvələrinin Mərkəzi komandanlığının rəsmisi kapitan Brayant Devis də təsdiqləyib.

Amerikalı hərbçilərin fikrincə, tənzimlənməyən silahlı birləşmələrlə mübarizədə köhnə tipli yüngül təyyarələr müasir F-15 və F-35 tipli qırıcılarla müqayisədə daha effektivdir. Çünki bu, həm iqtisadi cəhətdən sərfəlidir, həm də pilotların vurduqları hədəfi daha rahat görə bilməsinə şərait yaradır.

Mənbə qeyd edir ki, əgər müasir tipli qırıcıların 1 saatlıq uçuşu 45 min dollara başa gəlirsə, köhnə tipli təyyarələrdə bu rəqəm 5 mindən artıq deyil.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR