Miryunis İsayev qohumu Zöhrab Əliyevi “xilas” edəcəkmi?
Ötən il dekabr ayında və bu ilin yanvar ayında Qafqaznews.az saytında 265 min manatlıq borc məsələsi haqda yazılar dərc olunmuşdu. Bildirilirdi ki, zərərçəkmiş Ələkbərova Səbinə Elçin qızı adlı vətəndaş Əliyev Zöhrab Zülfi oğlu tərəfindən aldadılıb və onun 265 min manat məbləğində pulu mənimsənilib. Bu hadisə ilə bağlı zərərçəkmiş Sabunçu rayon məhkəməsinə müraciət edib, məhkəmə isə 265 min manat məbləğində pulunun Əliyev Zöhrab Zülfi oğlundan alınıb ona ödənilməsi barədə qərar çıxarıb . Ancaq buna baxmayaraq, məhkəmə qərarının icrası uzun müddətdir Sabunçu rayon icra şöbəsinin məmuru Hakim Mirzəyev tərəfindən uzadılır. Belə ki, cavabdeh Əliyev Zöhrab Zülfi oğlundan 265 min manat məbləğində pulun alınıb zərərçəkmişə ödənilməsi haqda məhkəmə qərarının icrası heç cür təmin olunmur.
“İcra haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq maddələrinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tələblərinin tədbiqinə əsas verir.
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, icra tələbi üzrsüz səbəbdən icra edilmirsə, icra məcburi qaydada təmin edilməlidir. Zərərçəkmiş dəfələrlə müxtəlif instansiyalara müraciət etsə də, bu işin icrası yenə də Hakim Mirzəyevə yönəldilib və iki il ərzində ona çatmalı olan vəsait Z.Əliyevdən alınaraq zərərçəkmişə verilməyib”. Sonradan, mətbuata Zöhrab Əliyevin icra məmuru Hakim Mirzəyevlə anlaşdığı barədə məlumatlar sızdı. Z.Əliyevin özünün mətbuata verdiyi açıqlamasına görə o vətəndaşlardan mənimsədiyi pulları qaytarmaq istəsə də onun vəkili (hüquqi nümayəndəsi) Fəzail İsmayılov onu inandırıb ki, “lazım olan yerlərə pul çatdırılsa, məsuliyyətdən qaça bilər”.
Onun sözlərinə görə, 2 ilə yaxın müddətdə F.İsmayılov vasitəsilə Ədliyyə Nazirliyinin icraçısı Hakim Mirzəyevə 45 min manata yaxın pul ötürüb, ondan da işi “həbssiz bağlamaq” üçün əlavə 70 min də pul istəyiblər. Fəzail İsmayılov əməkdaşımızla söhbət zamanı bildirib ki, onun oğlu Amerikada oxuyur və o, oğluna bankdan “World kart” alıb verib. Vəkil bildirib ki, oğlu həmin kartdan pul çıxaran kimi, Fəzailin mobil nomrəsinə SMS gəlir, ona görə də, kimə hüquqi xidmət göstərdiyi fərq etmir, çünki əsas olan oğlu üçün karta pul doldurmaqdır. F.İsmayılov etiraf edib ki, buna görə də Z.Əliyevə bu müddətdə köməklik edib. Ancaq sonda Zöhrab Əliyev anlayıb ki, bununla o məsuliyyətdən boyun qaçıra bilməyəcək və sonda borclular yığışıb onun əməllərindən yuxarı instansiyalara şikayət ediblər və Ədliyyə Nazirliyinin istintaq idarəsi çıxılmaz vəziyyətdə qalaraq Zöhrab Əliyev barəsində cinayət işi açılıb.
Məhz bu cinayət işindən sonra Zöhrab Əliyevin öz vəkili Fəzail İsmayılovla münasibətləri korlanıb. Yəni, Zöhrab Əliyev başa düşüb ki, bu işin axırı yoxdur. O, onsuz da gec-tez olsa da borcluların pulunu qaytarmalıdır.
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Zöhrab Əliyev Gömrük Komitəsinin polkovniki Miryunis İsayevin yaxın qohumudur. Miryunis İsayevlə bağlı da apardığımız araşdırmalar bizi çox uzaqlara aparıb. DYP-nin verdiyi “500” nömrələrinə və qiymətləri 100 minlərlə ölçülən avtomobillərə qədər bir sıra məlumatlar əldə etmişik. Amma bu, başqa mövzunun yazısı olduğu üçün, bu barədə gələn yazıda şok açıqlamalar verəcəyik. Bu yazının sonunda isə Zöhrab Əliyevin çıxılmaz vəziyyətdə olduğu barədə məlumat aldığımıza görə, qohumlarının ona yardımçı olacağına ümid etdiyini də oxucuların nəzərinə çatdırmaq istəyirik.
Sənan Məmmədli
Qafqaznews.az