Heydər Babayevin varisi vətəndaşların evinə göz dikib?

Безымянный copyKamal İbrahimovun “Odisseya”sı: Vurulan oliqarxların qisası belə alınır….

Heydər Babayevlə bağlı mətbuatda çox yazılar dərc olunub. Sabiq iqtisadi inkişaf nazirinin 2005-ci ildən 2008-ci ilin 30 oktyabr tarixinə qədər (vəzifəsindən azad olunduğu gün – red.) sahib olduğu biznes imperiyası barədə müxtəlif məlumatların sayı-hesabı yoxdur. Bəzi mətbuat orqanlarının yazdığına görə, “Bank Standart” və ABU PETROL şirkətlərinin də daxil olduğu Heydər Babayevin qurduğu imperiya uçuruma getdi və sonda o məcbur olaraq hətta ölkədən bir müddət qaçaq düşdü.

Bu yaxınlarda isə mətbuatda bir yazı gözümə sataşdı. Yazının başlığından bəlli olurdu ki, H. Babayevi şəhərin Nizami küçəsində görüblər. Bax elə bu yazıdan sonra, qeyri – rəsmi olaraq Heydər Babayevin varisi adlanan İbrahimov Kamal Mirsahib oğlunun rəhbərlik etdiyi “Bank Standard” həmvətənlərimizin bankda bir neçə illər girovda olan yeganə evlərinə göz tikməyə başladı. K.İbrahimov bu vəzifəsindən əvvəl “Standard İnsurance” sığorta şirkətinin rəhbəri olub, elə bu günlərdə də həmin vəzifəni də icra edir. Baxmayaraq ki, o, həm də hazırda “Bank Standard”ın Müşahidə Şurasının sədridir. H.Babayevin vaxtıilə gördüyü işlər, demək olar ki, bu şəxsin gözünün qarşısında olub. Mətbuatda H.Babayev və “Bank Standard”ın daxil olduğu “Standard Holding”lə bağlı bundan əvvəl də məlumatlar dərc olunub.

Bu məlumatlarda “Bank Standard”ın rəhbərliyinin hətta uzun illərdir şəxslərin bankda girovda olan yeganə evləri banka girov qoyularkən, onlardan alınan külli miqdarda “şapka”lardandan xəbəri olub. Çünki, o vaxt H. Babayev bərk gedirdi, hətta onun baş nazir postunda oturacağı söylənilirdi. Ola bilsin ki, o arzuladığı vəzifədən də böyük vəzifəyə iddialı olduğu üçün, onu elə o vaxt birdəfəlik yola saldılar. Sabiq nazirin Azərbaycandakı iqtisadi gücü zəifləsə də, bu “zəifləmə” sadəcə aysberqin görünən tərəfidir. Belə ki, onun köhnə kadrları, yetişdirdiyi adamlar hələ də bir sıra dövlət qurumlarında və özəl sektorda öz mövqelərini qoruyurlar.

Heydər Babayevin gedişindən sonra, Kamal İbrahimov kimilər başçısız qalsalar da, onların fəaliyyət mexanizmində ciddi dəyişikliklər baş vermədi. K.İbrahimovun rəhbərlik etdiyi “Bank Standard”ın fəaliyyəti ilə tanış olmaq üçün, indiyədək mətbuatda dərc olunan saysız şikayətlərə də baxmaq kifayət edir. Belə ki, hazırda “Bank Standard” sosial şəbəkələr və KİV-də vətəndaşların ən çox narazı qaldığı banklardan biri kimi yada düşür. Vətəndaşlara qarşı sərt və barışmaz davranış, yüksək faiz dərəcələri, xidmətlərin ləngliyi və keyfiyyətsizliyi, internet xidmətlərində və beynəlxalq pul köçürmələri zamanı davamlı baş verən nöqsanlara, borclu vətəndaşlara qeyri-qanuni şəkildə təzyiqlər və s. Kamal İbrahimov ilk işinə Vergilər Nazirliyində başlayıb, sonra Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə – H. Babayevin yanına transfer olunub.

Növbəti mərhələdə sığortaçı kimi səhnəyə çıxan Kamal İbrahimov burda öz “parlaq istedad”ını nümayiş etdirib. Bu gün Azərbaycanda insanların sığorta şirkətlərinə inamsızlığının əsas səbəbi də işgüzarlığı ilə deyil işbazlığı ilə tanınan şirkətlərdir.

Kamal İbrahimov rəhbərlik etdiyi “Standart İnsurance” bu siyahıda ön sıralarda gedir. KİV-də dərc olunan çoxsaylı şikayətlərdən də görünür ki, “Standard İnsurance”ın müştəriləri hər hansı qəza vəziyyəti olduqda bu şirkətdən sığorta ödənişini almaqda süni əngəllərlə üzləşirlər. Heydər Babayevin “iqtisadi siyasət”inin ən qabaqacıl davamçılarından olan Kamal İbrahimovun rəhbərlik etdiyi bank hazırda borcluların yeganə mənzillərinə göz dikməklə diqqəti çəkir.

“Bank Standard” millətin yeganə mənzilinə göz tikindiyinə görə, bankla bağlı bir neçə dəfə Prezident Administrasiyasına, Mərkəzi Banka və sonuncu ümid yeri kimi Heydər Əliyev Fonduna müraciətlər olunub.

“Bank Standard” ın fəaliyyət standardlarına nəzər saldıqda, bir sual yaranır: Bu insanlar vətəndaşları dəridən-qabıqdan çıxarmaqla, dövlətdən Heydər Babayevin və digər vurulan oliqarxların qisasını alırlar? Əhaliyə güzəştli kreditlər vəd edən bankların bir çoxu “Troya” atını xatırladır. Bu cür “Troya” atları vətəndaşlara necə “sürpriz”lər yaradır, geniş danışmağa ehtiyac yoxdur. Kimin kim olduğunu biz yaxşı bilirik. Ola bilsin ki, hələ bu yazıdan sonra redaksiyamıza bir çox şikayətçilər tərəfindən H.Babayevin və onun varisi olan K. İbrahimovun bu və digər əməllərindən müraciətlər daxil olsun.

Mətbuat buna görə gərəkdir ki, millətini hökümətə qarşı qaldıranları və onların çirkin əməllərini ifşa edib dövlətimizin nəzərinə çatdıra bilək. Biz inanırıq ki, dövlət də bu cür əməllərə qarşı layiqli tədbirlər görərək, ölkədə ədalətin ölmədiyini sübut edəcək.

Biz qarşı tərəfin də fikrini öyrənmək üçün “Standard Holding”ə də müraciət etdik. “Standard Holding”in əməkdaşı Rasim Hacıyev tezliklə şirkətin piar-menecerinin bizimlə əlaqəyə girərək suallarımızı cavablandıracağını bildirdi. Amma təəssüflər olsun ki, “Standard Holding”dən heç bir zəng gəlmədi.Araşdırmamız davam edir, bizi izləyin.

Mahmud Rasimoğlu

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR