Kikboksinq Federasiyasının vitse-prezidenti: “Bəli, bizdə pul yığımı var, amma…”

ceyhun musaSəbuhi Rəcəb: “Əgər hansısa məşqçi belə şey edibsə, bunu bütün federasiyaya aid etmək olmaz”

Fevralın 16-da “Adil Əliyevin keçirdiyi çempionatda 600 idmançıdan pul toplanılır?” başlıqlı yazı  dərc olunmuşdu.

Yazıda bildirilirdi: “Qafqaz Xəbər Agentliyinə müraciət edən bir qrup idmançı bildirib ki, yarışa qatılan idmançıların hər birindən 20 manat “iştirak haqqı” toplanılır. “Bu çempionatda 600-dən çox idmançı iştirak edir. Hər idmançıdan 20 manat toplanılırsa, 12 min manat pul edir. Bu pul niyə və nə üçün toplanılır, deyilmir. Bəzi idmançılar var ki, o pulu verə bilməyərək, yarışdan kənarda qalıblar”, – deyə şikayətçilər qeyd edib. Onların sözlərinə görə, pul yığımına Adil Əliyevin yaxın adamı, “xəzinədar” kimi tanınan Rüstəm müəllim nəzarət edir. Biz məsələnin mahiyyətini araşdırmağa çalışdıq.

Ola bilər ki, bir çoxu üçün “böyük məbləğ sayılmayan” 20 manatı kimsə verə bilməsin, nəticədə gələcəyin qızıl medalçısı, hətta Avropa və dünya çempionu olacaq bir gəncin yolu bağlansın…

İlk növbədə Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Oruc Məmmədli ilə əlaqə saxladıq, o bu məlumatı təkzib etdi: “Xeyr, belə şey yoxdur. Şəxsən özüm nəzarət edirəm ki, hər hansı klub çərçivəsində belə, bu cür hallar baş verməsin. Özüm həm də Gənclər və İdman Nazirliyində məsul işçiyəm, kikboksinq üzrə kuratoram. Xoşagəlməz halların baş verməməsi üçün diqqətlə işləyirik”. Oruc müəllim qeyd edib ki, çempionatın sponsorları qismində “12 May” MMC və “Kontinental-M” MTK çıxış edir. Adıkeçən şirkətlərlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Daha sonra sözügedən Rüstəm müəllimin (Federasiyanın keçmiş baş katibi Rüstəm Rüstəmov – red) telefon nömrəsini əldə etdik, onunla əlaqə saxladıq. Rüstəm Rüstəmov həmin vaxt məsələni təkzib etsə də, yazı çıxandan sonra aqressiv reaksiya vermiş və hətta redaksiyamıza zəng edərək, kobud tonla “gəlib sizi tapacam” demişdi.

Martın 16-da Qafqaznews.az-la əlaqə saxlayan “12 May” MMC-nin rəhbəri, AKF-nin vitse-prezidenti Səbuhi Rəcəb bildirdi ki, onun şəkli gedən və şirkətinin adı hallandırılan yazıda mövqeyi əks olunmayıb: “Məni tapmaq çətin deyil. Əgər mənim fikrimi soruşsaydınız, sizə cavab verərdim”.

Biz məsələ ilə bağlı sualı təkrar etdik və həm çempionatın sponsoru, həm də federasiyanın vitse-prezidenti olaraq Səbuhi Rəcəbin də mövqeyinin önəmli olduğunu vurğuladıq.

Səbuhi Rəcəb bildirdi ki, həmin yazı dərc olunandan sonra məsələ ilə maraqlanıb: “Bizim daxili iclaslarımız olur, orda da soruşdum, məsələnin əslini öyrəndim. Ümumiyyətlə, bizdə belə prosedur var”.

“Hansı prosedur?” sualına vitse-prezident belə cavab verdi: “Yəni, pul yığımı”.

“Çempionatda adambaşına 20 manat pul yığılmasını deyirsiniz?”, – deyə dəqiqləşdirmək istədik.

12167390_1183712348311512_1793894592_n“Yox, ona federasiya rəhbərliyinin ehtiyacı da yoxdur. Siz özünüz inanırsınız ki, Adil müəllim idmançıların 20 manatına göz dikib? Məsələ belədir ki, bəzən beynəlxalq yarışlar olanda, nazirliyin və federasiyanın  istədiyimiz qədər idmançı göndərməyə imkanı çatmır. İmkanı olan şəxslər, sponsorlar köməklik edir ki, hansısa beynəlxalq yarışa 5 nəfər yox, 10 nəfər getsin. Mən özüm də həmin federasiyanın yetirməsiyəm. İndi çalışıram ki, gənc idmançı dostlarımıza dəstək verim. Təbii ki, hər idmançının 500-600 manat verməyə imkanı yoxdur, o zaman biz sponsor olaraq dəstəyimizi göstəririk. Adil müəllim də dəfələrlə öz cibindən pul qoyub ki, komandamız beynəlxalq yarışlarda daha geniş heyətlə təmsil olunsun”, – deyə S.Rəcəb vurğuladı.

“Üzr istəyirəm, siz əvvəlcə dediniz ki, pul yığımı var… Demək istəyirdiniz ki, sponsorlar olaraq pul yığılır, amma hər idmançıdan adambaşı pul yığılması yoxdur?”- deyə dəqiqləşdirmək istədik.

“Xeyr, elə şey ola bilməz. Böyük yarış keçirilib, 605 idmançı iştirak edib, onlar üçün yüksək səviyyədə çempionat təşkil olunub. Əgər hansısa məşqçi belə şey edibsə, bunu bütün federasiyaya aid etmək olmaz. Əksinə, mən sizdən xahiş edirəm, elə şey olduqda bizə bildirin, tədbir görək”, – deyə Kikboksinq Federasiyasının vitse-prezidenti vurğulayıb.

Söhbət zamanı Qafqaz Xəbər Agentliyinin əməkdaşı Rüfət Əhmədzadənin Adil Əliyevin yaxın adamı Rüstəm Rüstəmov tərəfindən təhdid olunmasına da toxunduq.

“Mənim Rüstəm müəllimlə yaxın münasibətim yoxdur. Onu federasiyanın keçmiş işçisi kimi tanıyıram. O barədə danışmaq istəmirəm. Amma başa düşürəm ki, sizə məlumat verilib və onu dərc etmək hüququnuzdur. Mənbəni açıqlamağa da məcbur deyilsiniz. Əlbəttə ki, mətbuatla dost olmaq lazımdır. Xahiş edirik, gələn dəfə hər hansı mənfi hal olanda mənbəni də bildirməyin, amma bizə məlumat verin, aradan qaldıraq”, – deyə Kikboksinq Federasiyasının vitse-prezidenti cavab verdi.

Araz Məmmədov

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR