Qatil dayə hekayəti: ölkəmiz də təhlükədən sığortalanmayıb

img2022406Dəyanət Rzayev: “Dayə götürərkən onun ucuz olmasına fikir verildiyindən belə faciəli nəticələr ortaya çıxır”; Adil Qeybulla: “Uşaqlarla məşğul olan hər kəs spesifik kurs və müayinədən keçməlidir”

Bir neçə gün öncə Rusiyada 4 yaşlı uşağa dayəlik edən, Özbəkistan vətəndaşı olan qadın onun başını kəsib. Qadın əlində uşağın başını yelləyərək “Allahu-Əkbər” qışqırırmış. Məlum olub ki, qadın 15 il şizofreniyadan müalicə alıb və qətli törədərkən də kəskin ruhi pozğunluq halında olub.
Bu qorxunc cinayət dayələrlə bağlı məsələni bir daha gündəmə gətirib. Sosial şəbəkələrdə dayələrin azyaşlı körpələrə fiziki işgəncə verməsi ilə bağlı videogörüntülərin sayı da son vaxtlar artıb.
Qeyd edək ki, Azərbaycanda da bir çox valideynlər işlədikləri üçün övladlarını dayələrə etibar etməli olurlar. Ölkəmizdə əcnəbi dayələrin sayı da kifayət qədərdir. Avropa ölkələrinin bir çoxunda dayəliklə məşğul olan firmalar var. Bu firmalar dayə seçərkən onların sağlamlığına, psixikasına, uşaqlarla davranışına, təcrübəsinə diqqət edirlər. Azərbaycanda isə analar dayə seçərkən övladına yaxşı baxa biləcək, səmimi, dürüst, etibarlı insan tapmağa çalışır.
Əslində isə uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirdilməsi, yuxu zamanı yatırdılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil. Mütəxəssislərə görə, körpənin inkişafı, çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, uşağın psixologiyasını bilən bir dayə olmalıdır. Təəssüflər olsun ki, valideynlər dayə seçərkən bu cür kriteriyalara diqqət etmədikləri üçün faciəli və mənfi situasiyalarla rastlaşırlar.
Psixoloq Dəyanət Rzayev bir insana psixi diaqnoz qoyulmasının bir aya yaxın vaxt apardığını dedi: “Amerika, Avropa ölkələrində dayəliklə məşğul olan xüsusi firmalar var. Bu firmalar ailələrə dayələr tapır. Onlar çox peşəkar səviyyədə işləyir. Orada dayələrin əsəb dispanserində qeydiyyatda olub-olmamasına dair arayışları var. Bizdə isə istənilən insan əsəb dispanserinə gedib orada qeydiyyatda olmadığına dair bir arayış gətirə bilər. Amma bu insanın əsəb dispanserində qeydiyyatda olmaması onun sağlam olması demək deyil. Baş verən sonuncu hadisədə də görünür ki, dayənin psixi problemləri olub. Psixoterapiyada diaqnoz müşahidə nəticəsində qoyulur. Bu sahədə heç bir aparat, qurğu yoxdur ki, bu insanı yoxlasın ki, xəstədir ya deyil. Ən azı bir ay müşahidədən sonra insanın psixikasının sağlam olub-olmamasına dair diaqnoz qoyurlar. Rusiya və digər keçmiş sovet məkanlarında bu cür hallara fikir vermirlər. Kimsə məsləhət görür ki, bu yaxşıdır, götürürlər. Demirlər ki, get, sağlamlıq haqda arayış gətir. Qiyməti münasib olsun, vəssalam. Dayə götürərkən ən çox onun pulunun ucuz olmasına fikir verdikləri üçün bu cür faciəli nəticələr ortaya çıxır. Əvvəllər dayələr yox idi. Uşağa nənə, baba, qohumlar baxırdı”.
Psixoloq Azərbaycanda dayə tapan firmalar olsa da onların peşəkar olmadığını bildirdi: “Təəssüflər olsun ki, indiki zamanda dayə seçmək çətindir. Düzdür, Azərbaycanda da firmalar var ki, dayələr təşkil edir. Ancaq onların peşəkarlığı yüksək deyil. Dayələri taparkən onları hərtərəfli araşdırmır, yoxlamırlar. Sadəcə olaraq, vasitəçilik edirlər. Elan verirlər, kimin iş-gücü yoxdursa, müraciət edir ki, mən dayəyəm. Qədimlərdə elit ailələrdə dayələr olurdu. Bu dayələr musiqidən tutmuş, yazıb-pozmaya qədər hər şeyi bilirdilər. Amma indi dayənin ancaq yemək bişirə bilməsinə, bir də uşağa baxa bilməsinə fikir verirlər. Dayə mərhəmətli, mehriban, uşağa qarşı həssas olmalıdır”.maxresdefault
Dəyənin işə götürülmədən əvvəl həkim müayinəsindən keçməsinin vacibliyinə gəlincə isə tibb elmləri doktoru, professor Adil Qeybulla onların həkimdən sağlamlığa dair kağız gətirməsinin vacib nüans olduğunu dedi: “Əslində bu sahə tam nəzarətdə olmalıdır. Dayələr qeyri-leqal ödəmələr alırlar. Beləcə, vergidən də yayınırlar. Uşaqlarla məşğul olan hər kəs spesifik kurs keçməlidir.  Uşaqların bəzilərində autizmə meyllilik olur. Bu cür uşaqlarla vaxt keçirmək, məşğul olmaq çox ciddi məsələdir. Dayəliklə bağlı məsələlərdə peşəkarlığa diqqət etmək lazımdır. Təəssüflər olsun ki, bizdə bu işlər daha çox peşəkarlıqla deyil, inam və məbləğlə bağlı məsələlərlə görülür. O da nəticədə faciəli hadisələrə səbəb olur. Uşaq psixologiyasını bilməyən, uşaqla işləmək qabiliyyəti olmayan şəxslər uşağın tərbiyəsi ilə məşğul ola bilməzlər. Həmçinin dayə işi mütləq leqal olmalı, qanun çərçivəsində tənzimlənməlidir. Dayənin sağlamlığı haqqında kağızının olması da vacibdir. Əks halda, başqa problemlər yaşana bilər”.musavat.com
 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR