Rüşvət Müfəttişliyi

12832340_194152240958177_3002460701606313501_nHər gün səhər saatlarında Xırdalan dairəsindən Bakıya qədər yolboyu yaranan vəziyyətə baxmaq kifayət edir ki, özlüyündə Azərbaycanda olan korrupsiya və qanunsuzluq haqqında təsəvvürün formalaşsın. Özbaşınalıq, “naxal” sürücülər, hörmətsizlik, “bespredel”, tıxaclar… bunlar hamısı “nəyinsə düzgün olmadığına” işarə edir.

Hər gün nə qədər sürücü görürük ki, ən elementar yol-nəqliyyat qaydalarından belə xəbəri yoxdur. Amma hansısa yolla sürücülük vəsiqəsi əldə edib. Hansısa yolla deyəndə, ən asan yolla. Elə o cür yolla da, bahalı avtomobilə, yüksək gəlirli işə, cəmiyyətdə mövqeyə sahib olub.

O sürücülərdən kimi korrupsionerdir, kimi korrupsionerlərin övladı, kimi də korrupsionerlərin ən sevimli “müştəri”si.

Oxucular mən demədən də çox şeyi bilir. Amma mətbuatda belə şeylər haqda yazmaq “bir az” risklidir.

Məsələn, bir DYP rəsmisi çıxıb deyə bilər ki, Azərbaycanda rüşvətlə sürücülük vəsiqəsi almaq halları yoxdur. Hətta bunun əksini deyənlər məhkəməyə verilə, məhkəmədə uduza da bilər.

Rusiyanın tanınmış bloqqeri Erik Davidıçın yayımladığı kadrlardan biri diqqət çəkir: Moskva Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Şəhər Müfəttişliyi (QİBDD) texniki baxışdan keçməli olan avtomobilləri saatlarla uzun bir növbədə saxlayır, amma tapşırılmış maşınlar növbədənkənar və evakuatorun belində 20 dəqiqəyə “yola salınırlar”.

Bu, təkcə bürokratik süründürməçilik deyil, rüşvətə tələbat yaradan “sistem”dir.

Bizdə belə hallar yoxdurmu? Bu və digər mənfi halları dövlət başçısı belə inkar etmirsə, hansısa məmurların inkar etməsi o qədər əhəmiyyət daşımaz.

Vətənimizdə DYP müfəttişləri arasında rüşvət yığışdırılıb – razılaşa bilərik. Amma rüşvətxorluq inanılmaz bir “qanunsevərlik”lə əvəz olunub: bəzi müfəttişlərin faiz almaq xatirinə sürücülərlə amansız davranışı, dəxlisiz cərimələr və s.

Kimlərinsə müəyyən qədər faiz almağa olan ehtirası qanundan sui-istifadəyə gətirib çıxarır. Amma qanun insanları əzmək üçün yox, xoşbəxt etmək üçün var…

Məhz ölkədə bürokratik süründürməçilik və rüşvət rıçaqlarını kəsmək üçün də ASAN Xidmət yaradıldı.

Amma bütün cəmiyyəti yeni qurumlarla xilas etmək çətindir. Daha yeni qurum yaratmağa da gərək yoxdur. Yeni düşüncə yaratmaq lazımdır: deputatın da, polisin də, məmurun da, müəllimin də – bütün cəmiyyətin xoşbəxt olmasına xidmət edən düşüncə.

Bu yeni düşüncə də bizim gündəlik həyatımızda ən ali quruma çevrilər – bir Rüşvət Müfəttişliyi olaraq.

Qanun insanları sıxmaq, cərimələmək, incitmək, dalana dirəmək üçün deyilmiş… Bunu kimsə yeni öyrəndi.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR