Səfeh suallar altında böyümək

rufet“Mən bütün dühamı və kitablarımı sadəcə ona görə qurban verərdim ki, hardasa mənim nahara gecikəcəyimdən nigaran qalan qadın olaydı” (İ.S.Turgenev)

Azərbaycanda az qala hər publisistin özünün şablonlar bazası var. Hansısa mühüm günün ildönümündə axtarış aparıb öz köhnə yazılarından birini, ya da ikisini tapır… bir az əl gəzdirəndən sonra alınır yeni yazı.

Ya da ki, “vikipediya mənim dostumdur”məsələsi. Elə mən də Azərbaycanın hər publisisti kimi deyəcəyəm ki,  “yox, nə danışırsınız, məndə hər şey yeni, hər şey orijinal, bir-birindən fərqli”…. Amma yalan deyəcəyəm.

Yaxşı yazı bir dəfə yazılır. Cəmi bircə dəfə. Ondan sonra yazdığının daha yaxşı olması üçün, geriyə baxmalı, “bünövrə”ni yoxlamalısan.

Bu gün “Qadınlar” mövzusunda bir neçə yazı oxudum, sonda maraq oyandı: mən də axı bu mövzuda az yazmamışam…. və iki saata yaxın, bloqumda  (rufatahmad.wordpress.com)  “qadınlar” açar sözü (“tag”) keçən bütün  şeir, esse və hekayələrimi nəzərdən keçirdim. Əlbəttə ki, tələm-tələsik. Sonda bu misralarda ilişib qaldım:

İndi, nə sıxıntılı anlarımda

əlini məhəbbətlə çiynimə vurub

“üzülmə oğlum, düzələr!” deyən yox,

Nə də, naxoşluğu unudum deyə,

Zamanı mənimçün xoş eləyən yox…

Amma, belə baxanda,

Yerli-yersiz danlayanım da yoxdur,

Dərdimi anlamayıb,

Pul xətrinə “Leyli” rolunu oynayanım da…

Sadəcə, günü-gündən artan qayğılarım var…

Onları burdakı qadınlar doğur.

“Ah, Kiyev” adlanan bu kəmistedad şeiri bir neçə il əvvəl, atamdan ayrı olduğum vaxtlarda yazmışdım. O zaman bizim aramızda şəhərlər, ölkələr var idi. İndi isə bizi həyat və ölüm ayırır. Bir anlıq duruxdum, ondamı çox darıxırdım (atam qəlbimi qırıb məni Bakıya göndərdiyinə görə), yoxsa, indi daha çox darıxıram (bir daha qovuşa bilməyəcəyimə görə)… Alınmadı… müqayisə edə bilmədim. Valideyn üçün darıxmağın azı-çoxu olarmı?

Yəqin ki, sizin də uşaq vaxtı ən çox əsəbləşdiyiniz şey olub: “Atanı daha çox sevirsən, yoxsa, ananı?”… Sən özünü itirirsən. Atan və anan “komandasının qol vurmasını gözləyən futbol azarkeşləri kimi sənə baxırlar, sizə bu sualı verən qohumunuz bu “ağıllı” sualı ilə fəxr edir… Və tarappp, birdən ağlınıza gəlir ki, “atamı çox istəməsəm, mənə oyuncaq almaz”.

Ana isə… küsməz, inciməz… əsas odur ki, qonağın yanında evin kişisi, ailə başçısı pərt olmasın.

Bəli, 8 Mart Beynəlxalq Qadınlar Günündə ağız dolusu atamdan və atalardan danışmağım yersiz görünə bilər, amma sözümün məğzi var. İcazənizlə, davam edirəm.

Bizim kişilər heç də ideal deyil, hətta çıxıb şəhərdə sorğu keçirsəm,  məsələn, rastıma çıxan qadına “Xanım, kişilərimiz ürəyinizcədir?” deyə sual versəm…  əminəm ki, 100 qadından cəmi 4-5 nəfəri bizim kişilərdən tam ya da 60-70 faiz razılıq edəcək. Əksəriyyəti pisləyəcək, tənqid edəcək… Ürək dolusu kişilərimizin eyiblərini, mənfi cəhətlərini faş edəcək. Və Azərbaycan kişisi tamamilə “məhv olacaq”.

Həmin sorğunu anonim yox, mikrofon və kamera ilə keçirsək, tam əksi olacaq, kişilərimizi bəyənməyən cəmi 4-5 qadın tapılar. Bu isə kompleksdir… İnanmırsınız?

Məsələ ondadır ki, heç bizim kişilər də Azərbaycan qadınlarından ötrü “dəli-divanə” deyil. Dünyanın bütün ölkələrində belə müzakirələr gedir.  İtaliyasından tutmuş Zimbabvesinə qədər.

Narazıları dindirsək, hər birinin öz arqumentləri var. Amma heç kimin də dəyişə bilməyəcəyi bir həqiqət var: milləti onun atası qədər anası da formalaşdırır.

Mən millətlər arası nikahlara da pis baxmıram. Lakin bu həyatda insanın öz ölkəsinə, öz millətinə qarşı ikrahla yanaşmasından çox nifrət etdiyim başqa şey yoxdur.

Atalarımız mərd və dözümlü olmalıdır. Analarımız da anlayışlı və qayğıkeş.

Atalarımız rüşvət gözləməməlidir, analarımız  idə rüşvətlə alınan ərzaq, hədiyyə, maşın, mebel, xəz, paltar və s.

Atalarımız ailəsinə sadiq və sevgi dolu olmalıdır, analarımız isə onda sədaqət və sevgi yaradacaq qədər məharətli.

Atalarımızı da analarımız yetişdirir.

Oğul böyüdür və ona valideyn və övlad sevgisini birdən öyrədir.

Sevgidə səadət var. Rahatlıq, etimad, hörmət… Ən yaxşı şeylər. Əlbəttə, qısqanclıq da… amma sevgi, etimad və hörmətin əhatəsində.

Səadət hər bir qadının haqqıdır. Bu haqqınız uğrunda mübarizəniz xeyirli olsun, əziz xanımlarımız…. Və arzu edirəm,Azərbaycan qadınları dünyaya dərd-qayğı yox, qürrə-sevinc gətirsinlər.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR