Səhiyyə sistemimiz və boş ümidlərimiz

8040212782149_186628001710601_1248561291_n-300x200Hərdən oğlumun təzə doğulduğu günləri, çəkdiyim həyəcan və başıma gələn absurd hadisələri xatırlayıram. Xüsusilə də, “Semaşko”nun doğum evi ilə bağlı “xatirələr” çox maraqlıdır.

Uşağı və yoldaşımı evə gətirməyə gedəndə qapıdakı “oxran” uzatdığım 1 manatı görəndə soruşdu ki, “oğlun olub, ya qızın?”.

Oğlum olduğunu deyəndə arsız-arsız 2 manat istədi, amma vermədim. Yoldaşım düşəndə çantaları qayınanam götürmüşdü, 3 tibb bacısı içində 2-3 yüngül şey olan sellofanın qulplarından yapışıb sağa-sola dartırdılar.

Üzümə də elə baxırdılar ki, yəni, bizə də pul ver. Mən heç nə vermədim, amma qayınanam istəyirdi  ki, bir-bir hamısına verək, ona da imkan vermədim.

Taksiyə minəndə tibb bacıları mənə faşist kimi baxırdılar, baxışlarında kinayə, hətta qarğış da var idi. Rüşvətə alışan cəmiyyət çox təhlükəlidir. Burda 5 manata görə, sənin 3-4 günlük körpə uşağına da bəddua edə bilərlər.  Uşaq 4-5 aylıq olanda isə həkim onun allergik həssas olduğunu bilə-bilə güclü antibiotiklər yazdı (firmadan faiz alacaq deyə)…. Nəticədə isə uşaq pomidor kimi qıpqırmızı oldu, allergiya bronxial astmaya çevrildi.

Mətinin müalicəsi üçün iki il ərzində bir ətək pul xərcləmişəm – vaxtaşırı tutmalar, qızdırmanın sudurqaya çevrilməsi, xırıltılar və s… Azca yaxşılaşma var, amma radikal dəyişiklik yoxdur.  Bu səhiyyə sistemində elə “radikal” dəyişiklik də gözləmirəm.

Amma bütün yaxınlarım bunu mənimlə əlaqələndirirlər, çünki mənim də körpəlikdən bronxial astmam var. Hətta bəzi dostlarım “Səndən keçib?” deyə soruşanda məhv oluram…

Deyə bilmirəm ki, məni də xəstə edən bu sistem olub. Hamının gördüyü həqiqətə kimsəni inandıra bilmirəm.

Allergiya irsi ola bilər, amma bunun kəskinləşib astmaya çevrilməsi (və ya çevrilməməsi) də həkimlərin əlindədir. Azərbaycan Tibb Universiteti əzbərçi həkimlər yetişdirdiyi müddətdə, həkimlərimizdən yaradıcı yanaşma gözləmək yersizdir. Yoldaşım da həkim-bioloqdur. Amma təəssüf ki, o da bu sistemin yetirməsidir. Öz həmkarlarını daha yaxşı tanıması, “həkim nə deyirsə, elədir” prinsipinə şübhə etməsi üçün xeyli vaxt lazım oldu.

Qalın-qalın kitabları var, arada vərəqləyirəm – 1 cümlə 8 sətirdir. Cümlənin sonuna çatanda əvvəli yaddan çıxır. Bu cür dolaşıq, mürəkkəb mətnləri əzbərləyən kadrlardan hansı təşəbbüskarlıq gözləyə bilərik ki?

Yoldaşım indi-indi işləməyə başlayıb, necə deyərlər, həyatı indi-indi öyrənir.

Bir şeyə sevinirəm ki, rüşvətə nifrət edən insanla ailə həyatı qurmuşam, hazırda işi də özəl sektordur, yəni rüşvətə-hörmətə aidiyyatı yoxdur.

Məni az maaşımla qəbul edən adam öz işinin də az maaşına qane ola bilər. Bunu özünə deməyimə ehtiyac yoxdur. Nikbindir, ümidlidir.

İnanır ki, bir gün ölkədə hər şey yaxşı olacaq. Mən də kasıb jurnalist olmayacam, əməyimə və istedadıma görə layiqincə yerimi tapa biləcəm.

Ən azından, təhdidlər altında yaşamaq bizdən uzaq olacaq.

… Ümidlərimiz bizi hələ də bu ölkədə yaşamağa vadar edir. Ümidlərimizin ucbatından, rüşvətxor, vicdansız və amansız insanların üzünə gülümsəyirik.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR