“Salyan OIL” Əməliyyat Şirkəti də maaşları artırdı

236801“Salyan OIL” Əməliyyat Şirkəti maaşları artırıb. Bu barədə virtualaz.org saytının Şirvan bürosuna şirkətin fəhlələri məlumat veriblər.
Artıq fevral ayının ödənişlərindən başlayaraq əməkhaqqı 10 faiz artırılıb. Bundan başqa, işsizliyin aradan qaldırılmasına kömək məqsədilə əlavə 100 nəfər yeni fəhlə müddətli müqavilə ilə işə götürülüb. Hazırda müəssisədə 900 nəfərə yaxın işçi çalışır, sutkalıq neft hasilatı isə 600-700 tondur.
Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayının 25-də“Salyan OİL” Əməliyyat Şirkətinin 300-ə yaxın fəhləsi şirkətin Kərimbəyli kəndindəki ofisinin qarşısına toplaşaraq xəbərdarlıq aksiyası keçirmişdilər.
Aksiya iştirakçılarının virtualaz.org saytının Şirvan bürosuna o zaman verdikləri məlumata görə, iki ay idi ki, “Salyan OİL” şirkətinin çinli baş meneceri Shan Lianzhengin əmri ilə şirkətdə işləyən fəhlələrin əməkhaqqı qənaət adı ilə 33 faiz kəsilmişdi.
“Bu isə bütün neft əməliyyat şirkətləri arasında onsuz da daha az əməkhaqqı alan “Salyan OİL” neftçilərinin məvacibini minimuma endirib. İş hətta o yerə çatıb ki, ağır əmək şəraitində çalışan neftçilərin bəzilərinin aylıq əməkhaqqı 300-400 manata düşüb”, – deyə aksiyaçılar virtualaz.org saytına bildirirdilər.
Aksiyadan sonra etirazçı neftçiləri “Salyan OİL” Əməliyyat Şirkətinin baş meneceri Shan Lianzheng qəbul etmişdi. O söz vermişdi ki, problem müzakirə edilərək qərar qəbul olunacaq.
Qeyd edək ki, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən “Kürsəngi” və “Qarabağlı” neft yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilməyə başlanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR