“Sovetski”də kompensasiya verilişi dayandırılıb

21945İcra hakimiyyəti vətəndaşlara “bir müddət gözləməyi” məsləhət görüb
Bakının mərkəz hissələrindən sayılan “Sovetski” adlanan ərazisində söküntü işləri davam edir. İnsan Hüquqları İnstitutunun bu ərazidə apardığı araşdırmalar bir sıra maraqlı faktları ortaya çıxardıb.
Yerli əhali ilə söhbət zamanı hazırda Yasamal Rayonu Söküntü Komissiyasının mənzillərə kompensasiya verilişini dayandırdığını, vətəndaşlara “bir müddət gözləyin” cavabı verildiyini söyləyiblər. Azkvadratlı mənzillərin sahiblərinə Nərimanov rayonu, Koroğlu Rəhimov 9 ünvanındakı inşa olunan binada mənzillər veriləcəyi gözlənilir.
Müqavilə və mənzillərin təhvilinə dair müvafiq akta imza atan vətəndaşlara hər ay üçün 200 manat olmaqla, toplam 400 manat kirayə mənzillər üçün vəsait ayrılıb. Kirayə üçün vəsait 2 aylıq verilir. Bu vəsait vətəndaşlara “Azərtürkbank”da hazırlanmış plastik kartların hesablarına yatırılmaqla ödənilir. Vəsaiti ATM-dən çıxardıqda vətəndaşın hesabından hər hansısa əlavə komissiya haqqı tutulmur. Bu qayda ancaq “Azərtürkbank” və “Azərbaycan Beynəlxalq Bankı”nın ATM-ləri üçün nəzərdə tutulub.
İnsan Hüquqları İnstitutunun apardığı araşdırmaya görə, söküntü ərazisindəki tarixi-mədəni və arxitektur abidələrin saylarında azalma baş verib: “2014-cü ilin martında mədəniyyət və turizm nazirinin mətbuat katibi İntiqam Hümbətov söküntü zonasında 230 tarixi və mədəni əhəmiyyətli binanın olduğunu söyləyib.  2014-cü ilin aprel ayında Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov mətbuata açıqlamasında tarixi əhəmiyyətli evlərin sayının 168 olduğunu deyib.
2014-cü ilin dekabrında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ərazidə ümumi sayı 118 tarixi evdən 30-a yaxın tarixi binanın sökülməyəcəyini deyib. Bundan başqa bir çox evlərin tarixi və mədəni əhəmiyyəti olmadığını bildirib.
Ərazidə bir çox tarixi və mədəni əhəmiyyətli tikililər var. Bunlara misal olaraq Abdulla Şaiqin və Abbas Mirzə Şərifzadənin ev muzeyləri, 1920-ci ildə yaradılmış Əli Bayramov adına Qadınlar Klubu misal ola bilər. “Sovetski” ərazisində 2001-ci ildə Nazirlər Kabinetinin tarixi-mədəni əhəmiyyətli paytaxt Bakı şəhərində tikililərin siyahısında 200-ə yaxın tikilinin olması qeyd olunsa da, yuxarıda qeyd olunmuş məsul vəzifəli şəxslərin dediyi rəqəmlər daha azdır.
Bundan başqa 2016-cı ilin yanvarında Nazirlər Kabineti Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları ərazisində də söküntü işlərinin aparılmasına qərar verib. Söküntü işləri ilə bağlı hazırlıqlara yaxın vaxtlarda başlanacağı bildirilir”.
bizimyol.info

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR