“Standard Holding” mövqe bildirməkdən imtina edir

12910789_1697267097199827_1529593051_nMartın 28-də Qafqaznews.az saytında “Heydər Babayevin varisi vətəndaşların evinə göz dikib?” başlıqlı yazı dərc olunub.Yazıda “Bank Standard”ın Müşahidə Şurasınin sədri Kamal İbrahimovun sabiq iqtisadi inkişaf naziri Heydər Babayevlə əlaqələrindən söz açılır, “Standard İnsurance” və “Bank Standard”ın fəaliyyəti ilə bağlı şikayətlərə toxunulur, eyni zamanda müxtəlif KİV – lərə istinadən kreditlərin verilməsi zamanı “şapka”lardan və borclu vətəndaşların yeganə mənzilinə göz dikilməsindən söz açılırdı. Xatırladaq ki, yazı sayta getməzdən qabaq əməkdaşımız qarşı tərəfin də fikrini öyrənmək üçün “Standard Holding”ə müraciət edib. “Standard Holding” in əməkdaşı Rasim Hacıyev tezliklə şirkətin piar-menecerinin bizimlə əlaqəyə girərək suallarımızı cavablandıracağını bildirib. Amma təəssüflər olsun ki, “Standard Holding”dən heç bir zəng gəlmədiyi qeyd olunurdu.

Növbəti gün “Standard Holding”in piar-meneceri Zeynəb Nurulla sayt rəhbərliyi ilə əlaqə saxlayaraq, zəng etdiyini, lakin müxbirlə əlaqə yarada bilmədiyini qeyd edib. Biz isə öz növbəmizdə əməkdaşın redaksiyadan uzaqlaşması ehtimalını xatırladaraq, “Standard Holding”in mövqeyini olduğu kimi dərc etməyə hazır olduğumuzu bildirdik. Holding nümayəndəsi yazıdan narazı olduğunu vurğulasa da, məqalədəki fikirlərlə bağlı mövqe bildirməkdən imtina etdi. Qafqaznews.az oxuculara xatırladır ki, dərc olunan yazılardakı fikirlərlə bağlı qarşı tərəfin fikrini öyrənməyə və işıqlandırmağa hər zaman hazırıq.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR