At ətinin Bakıya gətirilməsinin qarşısı alındı

88015372Bakı şəhərinə satış üçün gətirilən ətlərin müayinəsi başa çatmışdır

İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan tədbirlər çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları əməliyyat məlumatları əsasında martın 31-dən aprelin 1-nə keçən gecə Qaradağ rayonu ərazisində olan Dövlət Yol Polisi postunda Süleymanov Faiq Qərib oğluna məxsus avtomobili saxlayıblar. Avtomobilə baxış keçirilən zaman mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan 700 kq-a yaxın heyvan cəmdəklərinin olması müəyyən edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Qafqaznews.az-a  verilən məlumata görə cəmdəklərin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasının ekspertizasına əsasən yoxlanılan 17 (on yeddi) nümunə heyvan ətinin hamısının at əti olması müəyyən edilib. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə 17(on yeddi) nümunə ətin keyfiyyətsiz olduğu müəyyən edilib. Həmçinin  ət nümunələrinin baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız olması müəyyənləşdirilib.

Ətin qida üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq, onların zərərsizləşdirilməsinə dair qərar verilib.   Qərara uyğun olaraq, heyvan cəmdəkləri aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər mütəmadi olaraq davam etdiriləcək. İnsanların sağlamlığına təhlükə yaradan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı heç kəsə güzəşt edilmədən alınacaq. Belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər isə inzibati qaydada cəzalandırılacaqlar.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR