Səhiyyə Nazirliyində lisenziya satırlar?

3A64ED21-D4B1-42F6-A5B2-106CBE49F784_cx0_cy2_cw0_mw1024_s_n_r1Nazim Məmmədov: “Nazirlik ayrı-ayrı tibbi fəaliyyət sahələrinin monopoliyalaşmasına şərait yaradır”

Aprelin 14-də Qafqaznews.az saytında “Azərbaycan daha dünyəvi dövlət deyil” başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirəyə çıxarmazdan qabaq Qafqaz Müsəlmanları İdarəsinin razılığını almağa çalışdıqlarını qeyd edib.

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.

Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında”” qanun layihəsinin qəbulunun uzanmasına obyektiv səbəbdən daha çox subyektiv səbəb mane olur: “Burada da əsas problem təbliğat işinin düzgün qurulmamasındadır. Layihədə nəzərdə tutulan ekstrokorporal mayalanma həm Səudiyyə Ərəbistanda, həm də İranda var. Bizdə niyə olmasın?! Biz narazı məqamlarla bağlı qanunun əleyhinə olan qurumlar, xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsində və digər qurumlarda görüşlər keçirərək həmin məsələləri birgə müzakirə etdik. Onlar görüşlərin yekunu olaraq bizə bildirdilər ki, məsələnin əsl mahiyyəti bizə izah olunmayıb. Ona görə də qanun layihəsində nəzərdə tutulan məsələləri heç də İslama zidd olan məsələ kimi qəbul etmək olmaz. Artıq həm Dini Qurumlarla İş üzrə dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsi qanun layihəsinə razılığını verib. Spiker Oqtay Əsədov da qanun layihəsinin qəbul olunmasına razı olduğundan o, yaxın zamanlarda gündəliyə salınaraq müzakirə olunacaq” (Trend).

Maraqlıdır ki, Azərbaycanda süni mayalanma uzun illərdir həyata keçirilir. Aprelin 18-də Qafqaznews.az-a məlumat daxil oldu ki, Səhiyyə Nazirliyindən məhz süni mayalanmaya görə 50 min manat müqabilində lisenziya alan bir sıra özəl müəssisələrdə bu əməliyyat həyata keçirilir və qiyməti 3-5 min manat arasında dəyişir.

Biz “müştəri” kimi Mərkəzi Klinikaya zəng etdik, bizə bildirdilər ki, bu əməliyyat 3500 manata başa gələcək, bu işi də MK-nın həkimləri yerinə yetirəcək. MK-da bunun tam qanuni və Səhiyyə Nazirliyinin lisenziyası əsasında aparıldığını dedilər. Həmçinin, Leyla Şıxlinskaya Klinikasına zəng etdiyimiz zaman öyrəndik ki, Turan Ersadiq adlı türkiyəli həkim orda da, “Azərtürk” klinikasında da bu əməliyyatları edir.

Ə.Əmiraslanovla əlaqə saxlamaq imkanımız olmadığına görə, məsələni tam anlamaq üçün Milli Məclis Səhiyyə Komitəsinin üzvü Məlahət Həsənovaya zəng etdik, o isə bizi “problemi anlamamaqda” günahlandırdı və məsələni yaxşı öyrəndikdən sonra ona zəng etməyi tapşıraraq, vaxtı olmadığını dedi. Sonrakı günlərdə də onunla əlaqə saxlaya bilmədik. Lakin deputatın sözlərindən onu anladıq ki, yeni qanun layihəsində surroqat analardan söz gedir.

Qeyd edək ki, həm süni mayalanma, həm də klinikalara verilən lisenziyalarla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə aprelin 19-da yazılı sorğu göndərmişik. Hələ də cavab almadığımıza görə, sözügedən nazirliyin rəsmi cavabını növbəti yazımızda olduğu kimi təqdim edəcəyik.

Lakin yenə də maraqlıdır. Doğrudanmı, Səhiyyə Nazirliyi 50 min manata və ya başqa məbləğə məhz süni mayalanma üçün lisenziyalar verir? Bu proses hansı qaydalar əsasında tənzimlənir?

Bu mövzuda sabiq deputat, iqtisadçı alim Nazim Məmmədov maraqlı məqamlara toxundu.get_img

N.Məmmədov Qafqaznews.az-a bildirib ki, əslində Səhiyyə Nazirliyi 3 lisenziya verirdi: tibbi fəaliyyət, əczazçılıq və dərman, səhiyyə avadanlıqlarının idxalı.

“Bu 3 lisenziya növü mərhum prezident Heydər Əliyevin 2002-ci ildə lisenziyalar haqqında imzaladığı Fərmanda göstərilib. Özəl klinikalara ancaq tibbi fəaliyyətlə bağlı verilən lisenziya lazımdır. Lakin nazirlik öz daxili əmri ilə onlarla bölüm yaradaraq, kimə lazım bilibsə ona gəlirli sahələrdə işləməyə “yaşıl işıq” yandırıb, kimləri isə də bazardan sıxışdırıb çıxarmağa dəstək verib. Nazirlik bununla nisbətən gəlirli, rentabelli olan ayrı-ayrı tibbi fəaliyyət sahələrinin, monopoliyalaşmasına şərait yaradır”.

Onun sözlərinə görə, bu da səhiyyə sektorunda ayrı-seçkiliyin, monopoliyaların yaranmasına gətirib çıxarıb, o cümlədən bürokratik əngəllərin artmasına səbəb olub.

“Lakin son zamanlar Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı Nazirlər Kabinetinə verdiyi tapşırıqlar diqqəti çəkir. Lisenziyaların müddətinin uzadılması və dövlət rüsumunun iki dəfə azaldılması müsbət addımdır. Lisenziyaların verilməsində mütəxəssis rəyinin verilməsi amili də sui-istifadə hallarına yol açır. Xaricdə mütəxəssis dedikdə, müstəqil və ixtisaslaşmış qurumların və ekspertlər nəzərdə tutulur. Lakin bizdə bu işi Səhiyyə Nazirliyinin öz mütəxəssisləri görürlər. “Mütəxəssis rəyi” nazirliyin əlində alətə çevrilib. Çox zaman da ayrı-ayrı özəl klinikalara münasibətdə fərqli yanaşmalar müşahidə edirik. Mənim klinikamın 2012-ci ilə qədər cərrahiyə ilə bağlı stasionar şöbəsi olub və imkansız kasıb ailələr ucuz qiymətə və bəzən də pulsuz əməliyyat olunublar, hələ bir neçə jurnalist də yararlanıb. Ancaq 2012-ci ildə aldığımız lisenziyada heç bir səbəb göstərmədən stasionar cərrahiyyəni verməyiblər. Ona görə də, mən sahibkar olaraq monopoliyanın qurbanı olmuşam və klinikanı lazımi inkişaf etdirə bilmirəm, həmçinin 10 nəfərə yaxın personalı ixtisara salmağa məcbur olmuşam”, – deyə Nazim Məmmədov əlavə edib.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR