Zabitlər Zakir Həsənovdan nə xahiş ediblər? – “Prezidentlə danışın”

 Cenab Ali Bas KomandanÜzeyir Cəfərov: “Bu dəfə Azərbaycanı heç kim dayandıra bilməyəcək”

Ramil Məmmədli: “İşğalçı dövlət təmas xəttinə əlavə qoşun qüvvələri toplayır və Azərbaycan bunu soyuqqanlılıqla seyr edə bilməz”

Cəbhə xəttində gərginliyin yenidən artması ölkə mətbuatında və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Gərginliyin yenidən qızışmasını Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib. Nazirliyin aprelin 27-də yaydığı məlumatda deyilir ki, cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub:

“Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub. Bildiririk ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür”. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ölkə mətbuatına bildirib ki, son toqquşmalarda Azərbaycan tərəfindən itki qeydə alınmayıb.

Bununla yanaşı, aprelin 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birliyin komandir heyəti və digər məsul zabitlərin iştirakı ilə toplantı keçirib. Toplantıda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı Müdafiə nazirinə məruzələr edilib.

Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib. Həmçinin, Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin Moskvada verdiyi açıqlama diqqəti çəkib: ““Cəbhədə təxribatı kimin törətdiyi hər kəsə məlumdur. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını almaq və düşmənə layiqli cavab vermək üçün bütün lazımı tədbirləri görür”.

V Moskva Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakının önəmindən danışan K. Vəliyev konfransın mövzusunun vacibliyini diqqətə çatdırıb: “Beynəlxalq terrorçuluqla mübarizə bu gün dünya üçün çox vacibdir. Terror təhlükəsi bizim regionda da mövcuddur. Buna misal olaraq qonşumuzdan olan təhdidi göstərmək olar. Biz real terror təhlükəsi ilə üz-üzəyik, müharibə vəziyyətdəyik. İnşallah qalib gələcəyik (APA)”. Göründüyü kimi, gərginliyin yenidən qızışması diqqəti çəkir, lakin “dördgünlük müharibə”nin beynəlxalq təzyiqlər, xüsusilə də Rusiyanın vasitəçiliyi ilə bitdiyi halda, hərbi əməliyyatların yenidən başlaması Azərbaycan üçün hansı perspektivlər vəd edir?57065f373ad88.

Bu barədə Qafqaznews.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, vəziyyət həqiqətən də çox gərgindir.

“Düşmən tərəfi razılaşmaya əməl etmir, hər şəkildə Azərbaycandan heyif çıxmağa çalışır. Ordan-burdan adam gətirib tökürlər cəbhə xəttinə, amma Azərbaycan Silahlı Qüvvələri hazırda çox güclüdür və silah-sursat baxımından da hərbi əməliyyatları daha geniş miqyasda aparmaq gücünə malikdir.

Yenidən hər hansı təzyiq və ya xahiş olacaqsa belə, Azərbaycanın geri çəkiləcəyini düşünmürəm. General-leytenant Kərim Vəliyevin Moskvada verdiyi bəyanat da bunu deməyə əsas verir ki, Azərbaycanın mövqeyi qətidir. Nəcməddin Sadıqov Moskvada Bişkek protokolunun qüvvədə qalması barədə sənədi imzalamışdı, lakin bu, o demək deyil ki, təxribatlar davam etdiyi halda biz seyirçi qalacağıq. Azərbaycan gərəkli bildiyi addımı atmaqda sərbəstdir. Bu dəfə Azərbaycanı heç kim dayandıra bilməyəcək”.

O vurğulayıb ki, ordu rəhbərliyində 90-cı illərin əvvəllərində olan hərc-mərclik, qruplaşma əhval-ruhiyyəsi yoxdur: “Hazırda Milli Orduda hər şey vahid rəhbərliyin nəzarətindədir. Əminəm ki, müdafiə naziri və dövlət başçısı prosesi nəzarətdə saxlayır, cəbhə xəttində baş verən ən xırda hadisə barədə vaxtında məlumat alır və gərəkli tədbirlər görürlər. Ordudakı ruh yüksəkliyi də diqqəti çəkir. Hətta məndə olan məlumata görə, bu gün cəbhə bölgəsində xidmət edən zabitlər nazirdən xahiş ediblər ki, Prezidentlə danışsın, qəti əks-hücuma keçmək üçün razılıq alsın”.1455566593_ramil-memmedli

Hərbi-siyasi icmalçı, ekspert Ramil Məmmədli isə Qafqaznews.az-a bildirib ki, Azərbaycan 1994-cü ildə atəşkəs müqaviləsinə ona görə imza atmışdı ki, daha çox ərazilərin itirilməsinə mane olsun. “Lakin indi vəziyyət başqa cürdür. Azərbaycan görür ki, bu məsələ danışıqlar yolu ilə həll olunmur. Ona görə də, hazırda istər Azərbaycan prezidentinin, istərsə də Azərbaycanın müdafiə nazirinin və müdafiə naziri müavinin də son dedikləri Azərbaycanın mövqeyini aydın izah edir.

Həmçinin Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır ki, biz bu məsələdə üçüncü tərəfin müdaxiləsini istəmirik, ya Ermənistan danışıqlara gedib beş rayonu boşaltmalı və 1988-ci ildə olan vəziyyətə qayıtmaq üçün sülh prosesinə təkan verməlidir… ya bu “söhbət”i Azərbaycan və Ermənistan ikilikdə həll etməlidir. Ermənistan hakimiyyəti isə bundan narahat olub. Çünki Ermənistanın daxili iqtisadi və siyasi vəziyyəti, hərbi gücü onlara bu müharibədə yaxşı heç nə vəd etmir. 1990-cı illərdə səsləndirdikləri “Gəncəni də alacağıq, hətta Bakıya da gələ bilərik” kimi bəyanatları indi dilə gətirmirlər. Ona görə də, Ermənistan rəhbərliyi var gücü ilə beynəlxalq təşkilatları və xarici dövlətləri prosesə qoşmağa, Azərbaycanı “aqressor” kimi tanıtmağa çalışır”.

Əməkdaşımızın “əks-hücum başlanıbmı, hərbi əməliyyatlar aprelin 2-də olduğu kimi yenidən başlayıbmı?” sualına ekspert belə cavab verdi:  “Müharibənin gözü-qaşı olmur. Əgər 122-152 mm-lik toplardan atəş açılırsa, bu və ya digər tərəfə raket zərbələri endirilirsə,deməli, müharibə gedir. Lakin aktiv döyüş əməliyyatları hələ getmir”.

Bununla belə, Ramil Məmmədli hesab edir ki, yaxın müddətdə hərbi əməliyyatlar yenidən fəallaşa bilər. “Yaxın günlər üçün deyə bilmərəm, amma yaxın müddətdə hərbi əməliyyatlar yenidən başlaya bilər. Bunun üçün Ermənistan tərəfi zəmin yaradır. İşğalçı dövlət təmas xəttinə əlavə qoşun qüvvələri toplayır və Azərbaycan bunu soyuqqanlılıqla seyr edə bilməz”, – deyə ekspert Qafqaznews.az-a bildirib.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR