1914-1920-ci illərdə türk-müsəlman əhaliyə qarşı soyqırımla bağlı beynəlxalq elmi ictimaiyyətə müraciət edilib

0cc1147afe82db090cacab66b4dad067“Azərbaycan və Şərqi Anadoluda  türk-müsəlman əhaliyə  qarşı  soyqırımları (1914-1920-ci illər)” adlı

  III beynəlxalq konfransın iştirakçılarının beynəlxalq elmi  ictimaiyyətə

                                        MÜRACİƏTİ

 

“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş III beynəlxalq elmi konfrans təkcə Azərbaycanın elmi həyatı üçün deyil, eyni taleyi yaşamış bir çox dünya xalqlarının tarixi taleyi üçün də önəmli hadisədir. Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası (Moskva, Tatarıstan, Şimali Qafqazın bir sıra respublikaları), Gürcüstan, Qazaxıstan, Özbəkistan, Almaniya, Polşa, Albaniya və digər ölkələrdən olan tarixçi alimlər XX əsrin əvvəllərində Azərbaycan və digər türk-müsəlman xalqlarının tarixində qanlı  iz qoymuş hadisələri müzakirə etdilər.

Tarixçi-alimlər Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və digər ölkələrin arxivlərində aşkar edilmiş arxiv sənədləri əsasında 1914-1920-ci illərdə erməni millətçiləri tərəfindən  Şimali Azərbaycanın  Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz bölgələrində, Şərgi Anadoluda, Türküstanda, Şimalı Qafqazda və Volqaboyunda türk-müsəlmanlara qarşı törədilmiş soyqırımı subut etdilər. On minlərlə dinc türk-müsəlman əhali və digər millətlərin nümayəndələri, o cümlədən günahsız körpələr, qadınlar və yaşlı insanlar məhz etnik mənsubiyyətinə görə qətlə yetirilmişdilər.

Bəşəriyyətə qarşı tarixdə görünməmiş, bu dəhşətli cinayət bolşevik-daşnak qüvvələri tərəfindən təşkil edilmiş və həyata keçirilmişdi. Erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən soyqırım cinayətləri 1918-ci il mayın 29-da tarixi Azərbaycan torpaqlarında – İrəvan şəhəri və onun ətrafında yaradılan Ermənistan (Ararat) Respublikası tərəfindən davam etdirildi. Azərbaycanlıların soyqırımını öz dövlət siyasətinə çevirən Ermənistan (Ararat) Respublikası Azərbaycan xalqına qarşı soyqırımlarını həyata keçirərkən nizami silahlı qüvvələrdən geniş istifadə etdi.

Türk-müsəlman xalqlarına qarşı soyqırımı cinayəti sonrakı dövrlərdə də davam etdirilmişdir. Azərbaycana qarşı yönəlmiş erməni təcavüzünün növbəti mərhələsi keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq həyata keçirilən növbəti etnik təmizləmə ilə nəticələndi. Ermənistan Respublikasının ərazisindən – tarixi Azərbaycan torpaqları olan İrəvan və Zəngəzurdan bu torpaqların əzəli sahibləri olan 200 min azərbaycanlı qovuldu. Nəticədə bu tarixi Azərbaycan torpaqlarında – İrəvan və Zəngəzurda bu gün bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Bundan əlavə, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından zorla qovularaq qaçqın və məcburi köçkünə çevrilmişlər.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlı  əhalisinin soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət idi. Erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı törədilmiş bu soyqırım tarixin  müxtəlif dövrlərində Asiya, Afrika, Amerika, bundan başqa Türküstan, Qafqaz, Volqaboyu, Balkan xalqlarına qarşı törədilmiş analojı cinayətlərlə bir sırada durur.   Ermənistan nəinki Azərbaycana, eyni zamanda Gürcüstana və Türkiyəyə qarşı da ərazi iddiaları irəli sürür.

Biz  təəssüf  hissi ilə qeyd etməliyik ki, dünya ictimayyəti, nüfuzlu  siyasi dairələr erməni təcavüzünün qarşısını almaq çağrışlarına biganə qalır, hətta mötəbər  beynəlxalq  təşkilatların qəbul etdiyi qərar və qətnamələri  inkar edirlər.

VII Humanitar forumun ərəfəsində keçirilən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı III beynəlxalq konfrans, Azərbaycan cəmiyyətinin bütün xalqlarla dinc yanaşı yaşamaq iradəsini, sülh və həmrəyliyə çağırışını nümayiş etdirir.

“Azərbaycan və Şərqi Anadoluda  türk-müsəlman əhaliyə  qarşı  soyqırımları (1914-1920-ci illər)” adlı III beynəlxalq konfransın iştirakçıları əmindilər ki, bu siyasətin, eləcə də Ermənistanın beynəlxalq havadarlarının onun işğalçılıq ambisiyalarına rəvac vermələrinin heç bir tarixi mənəvi və hüquqi əsasları yoxdur.

Konfransımızın keçirilməsi ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən bütün cəbhə boyu Azərbaycan torpaqları növbəti dəfə təxribatlara məruz qalmışdır. Bu təxribatçı həmlələri Azərbaycan ordusu rəşadətlə dəf etmişdir. Azərbaycan sülh naminə xoş məram nümayiş etdirərək, növbəti dəfə atəşkəs təşəbbüsü ilə çıxış etmişdir. Biz yekdilliklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dair Azərbaycanın mövqeyini dəstəkləyirik. Özünün ərazi suverenliyinin, torpaq bütövlüyünün bərpa olunması Azərbaycan xalqının haqqıdır, ədalətli mübarizəsidir. Biz bu ədalətli mübarizəni yekdilliklə dəstəkləyirik.

Biz, beynəlxalq konfransın iştirakçıları, bütün beynəlxalq ictimayyətin diqqətini erməni işğalçılarının cinayətlərini subut edən faktlara yönəldərək Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına dəstək olmağa çağırırıq! Tarixi ədalətin bərpası naminə ermənilərin soyqırımına məruz qalmış Azərbaycan və digər xalqlara qarşı tarixin qanlı səhifələrinin təkrarlanmaması üçün beynəlxalq aləm qəti addımlar atmalıdır. Bu, regionda və bütün dünyada sabitlik və təhlükəsizlik naminə bütün dünya ictimaiyyətinin marağındadır!

Biz, alimlər, cəmiyyətin tərəqqipərvər qüvvələri, böyük dövlətlərin, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumların “idarəolunan xaos”, ikili standartlar siyasətini mühakimə etməyə çağırırıq. Dünya nizamı pozulmamalıdır. Beynəlxalq hüquqa müvafiq olaraq qəbul edilmiş BMT-nin bütün qətnamələri yerinə yetirilməlidir və bu, diqər qüvvələrin maraqlarına xidmət etməməlidir. Biz hesab edirik ki, qlobal təhlükəsizliyi ancaq ədalət, qanunçuluq və sabitlik təmin edə bilər. Yalnız beynəlxalq hüququn norma və prinsiplərinə dəqiq riayət edərək, separatçıların, ekstremistlərin və terrorçuların cinayətlərinin  qarşısını almaq, ölkələrin və xalqların hüquq bərabərliyi əsasında dinc yanaşı yaşaması üçün müasir dünya nizamını qurmaq, öz tamahkar maraqlarını güdən qlobal mərkəzlərin qüvvələrinin özbaşınalığına son qoymaq olar.

Konfrans iştirakçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi riayət etməyə çağırır. Qafqazda sabitlik üçün Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan dörd qətnaməyə əməl  olunmasının   xüsusi əhəmiyyəti var.

İndiki gərgin vəziyyətdə nəinki siyasətçilər, həm də elm və mədəniyyət xadimləri ölkələr və xalqlar arasında yaradıcı dialoqu inkişaf etdirmək, millətlərarası və dinlərarası münaqişə və ədavətə son qoymaq, terrorun qarşısını almaq üçün və silahlı münaqişələrin həlli məqsədilə əlindən gələni etməlidirlər. Şübhəsiz, prioritet kimi xalqların tarixi hüquqlarına, onların milli və dini hisslərinə və məsləklərinə, ənənəvi dəyərlərinə və əxlaqi ideallarına hörmət edilməlidir. Bu kontekstdə Azərbaycanın çoxəsrlik ənənələr və xalqın mədəni-mənəvi dəyərlərinə əsaslanan tolerantlıq və multikulturalizm siyasətinin nümunəsini özündə kəsb edən dəyərli tarixi təcrübəsini qeyd etmək lazımdır.  Azərbaycan xalqı tarixən etnik və dini dözümlüyü ilə seçilmişdi. Azərbaycan Respublikasının ərazisinin 20%-nin işğal edilməsinə və azərbaycanlı əhaliyə qarşı terrora baxmayaraq Azərbaycan bu dəyərlərə sadiq qalır.

Biz ümid edirik ki, bizim çağırışlarımız dünya birliyinin və elmi ictimaiyyətin  diqqətindən kənarda qalmayacaq.

 

“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı  III beynəlxalq konfransın iştirakçıları

  Şamaxı şəh., 10 aprel 2016-cı il

Qafqaznews.az

Şamaxı soyqırım konfrans logo

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR