AŞPA-da Dağlıq Qarabağla bağlı müzakirələr olub

82c0c029997c947083aa6d37590dcbe9Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsi çərçivəsində fəaliyyət göstərən Avropa Şurasına üzv ölkələri arasındakı münaqişələrə dair xüsusi Alt Komitəsinin ilk toplantısı keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, iclasda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələr müzakirə olunub.

Müzakirələrin konfidensial olduğundan detallar açıqlanmasa da, erməni tərəfinin bu formatda müzakirələrin davam etdirilməsindən boyun qaçırdığı məlum olub.

İclasda iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov APA-ya açıqlamasında bildirib ki, erməni tərəfi AŞPAsessiyalarında yalan və böhtan xarakterli çıxışlar etsə də, Komitə iclaslarında konkret faktlar haqqında müzakirələr aparılanda, bu müzakirələrin əhəmiyyətsiz olduğunu söyləyirlər: “Söz verdik ki, müzakirələrin detalları haqqında heç bir söz deməyəcəyik. Sadəcə onu deyə bilərəm ki, fikir mübadiləsi aparılıb, erməni tərəfi yenə konstruktivlikdən kənar bir neçə təklif səsləndirib. Ən maraqlısı odur ki, bunlar konkret faktlar üzrə müzakirələrdən qaçırlar, Assambleyanın plenar iclaslarında isə sadəcə yalanları ortaya qoymaq siyasətini yürüdürlər. Ancaq konkret müzakirələrə, faktlara gələndə, müzakirələrin bağlanmasını, onların əhəmiyyətsiz olduğunu söyləyirlər”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR