Azərbaycanın bəzi çaylarında daşqın təhlükəsi var

flood_080909_2Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il respublikanın daxili çay hövzələrində qarda olan su ehtiyatı yalnız Böyük Qafqazın şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarının hövzələrində həm çoxillik normadan, həm də keçən il ilə müqayisədə 20 faiz çox, Böyük və Kiçik Qafqazın digər bölgələrinə yağan qar isə ümumilikdə çoxillik normadan orta hesabla 22 faiz, keçən il ilə müqayisədə isə orta hesabla 16 faiz az olub. Bu il respublikanın daxili çay hövzələri ilə yanaşı Gürcüstan (Kür və Qanıx hövzələri), Türkiyə (Kür və Araz hövzələri) ərazisində də suvermə qabiliyyətinə malik qar su ehtiyatı çoxillik normadan və 2015-ci ilə nisbətən azdır.

Bu il qar ehtiyatının normadan əsasən az olmasına, yaz (aprel-may-iyun) yağıntılarının isə normadan əsasən az gözlənilməsinə baxmayaraq, gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar nəticəsində bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.

Gursululuq dövründə Kür çayından Şəmkir su anbarına axım normanın 61-83, Qanıx çayından Mingəçevir su anbarına axım normanın 63-90, Araz çayından Araz su anbarına axım isə normanın 34-67 faizini təşkil edəcəyi gözlənilir.

Respublikanın dağ çaylarına gəldikdə, Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 65-95, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında normanın 90-107, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 50-90, Naxçıvan MR çaylarında 30-85, Lənkəran-Astara bölgəsi çaylarında isə 35-85 faizini təşkil edəcəyi gözlənilir.

Nazirlikdən bildirilib ki, yaz (aprel-may-iyun) yağıntılarının miqdarı çoxillik normadan əsasən az, havanın orta temperaturunun isə normadan 1-2 dərəcə yüksək olacağı gözlənilir.

Əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən bu ilin gursululuq dövründə sululuğun Böyük Qafqazın şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında çoxillik normaya yaxın və bir qədər çox, Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) çaylarında normaya yaxın və bir qədər az, Kiçik Qafqaz, Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında normadan az, iri tranzit çaylarında isə normadan əsasən az olacağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR