“Aztelekom”un Qafqaz Xəbər Agentliyi ilə nə qərəzi var?

Безымянный copyMasazırda yaşayan əməkdaşımız Rüfət Əhmədzadə və digər sakinlər Qafqaznews.az və Kavkaznews.az saytlarına daxil ola bilmir

Aprelin 28-də Qafqaznews.az saytında “Azərbaycanda elektron KİV-i qoruyan yoxdur?” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda qeyd olunurdu ki, 28 aprel tarixində, günorta saatlarında qəfildən Qafqaz Xəbər Agentliyinin saytlarını açmaq bütün ölkə boyu problem yaranıb. Əməkdaşlarımız məsələni qaldırdıqdan və bir neçə provayder şirkətinə zəng etdikdən sonra, problem müvəqqəti olaraq aradan qalxdı. Amma müvəqqəti olaraq.

Aprelin 29-da axşam saatlarından etibarən, Masazırda yaşayan əməkdaşımız Rüfət Əhmədzadə və digər sakinlər Qafqaznews.az və Kavkaznews.az saytlarına daxil ola bilmir. Eləcə də, Abşeron rayonun digər qəsəbələrində, eləcə də Xırdalan şəhərində yaşayan “Aztelekom” istfiadəçiləri saytlarımıza daxil olmaqda problem yaşadıqlarını bildirdilər. Belə ki, digər saytları açmaqda heç bir problem yoxdur, yalnız Qafqaz Xəbər Agentliyinin saytlarına giriş məhdudlaşdırılıb.

Son çarə olaraq, əməkdaşımız Rüfət Əhmədzadə və digər şikayətçi oxucularımız “proxy” saytlar vasitəsilə Qafqaznews.az-a daxil olmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, “proxy” saytlardan hansısa ölkədə qadağan olunmuş saytlara girmək üçün istifadə olunur. Maraqlıdır, bəlkə, bizim saytlarımıza giriş Azərbaycanda (və ya ayrı-ayrı rayonlarda) qadağandır, amma bizim bundan xəbərimiz yoxdur?
Aprelin 28-də baş verən problemi bir daha xatırlatmaq yerinə düşər. Belə ki, ölkədə fəaliyyət göstərən müxtəlif provayderlərin abunəçiləri qafqaznews.az saytına girə bilməyiblər.

Lakin Türkiyədə olan dostlarımız bildirdilər ki, bizdə heç bir problem yoxdur. Görünür, ölkədə saytlarımızın fəaliyyəti ilə bağlı hansısa maneələr və ya problemlər yaranıb (ya da yaradılıb).

Maraqlıdır ki, hələ 20 gün bundan əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərdiyimiz sorğuya cavab ala bilməmişik.

Aprelin 9-da dərc olunan “Provayderlər media düşmənlərinə ortaqlıq edir?” başlıqlı yazıda da bunu bildirmişdik.

 Həmin yazıdan nəinki bir neçə gün əvvəl, hətta bir neçə il əvvəl də eyni problemlərlə üzləşmişdik. Görünür, hələ çox üzləşəcəyik.

Aprelin 28-də nazirliyin mətbuat xidmətinə yenidən müraciət etdik və sorğumuzu yenidən yolladıq (əməkdaşların tövsiyəsi ilə), lakin bizim köhnə sorğunun cavabı hazırdır, ya yox, dəqiq məlumat ala bilmədik.

 “Aztelekom”un internet xidmətləri şöbəsi müdiri Şahin İsgəndərzadə bizdən saytların domen adlarını öyrənib bildirdi ki, çox güman, problem “Delta Telecom”la bağlıdır. Digər provayderlərdən də eyni şeyi bildirdilər.

 “Aztelekom”da bizə dedilər ki, heç bir sayta məhdudiyyət qoyulmayıb, amma araşdırılacaq. Maraqlıdır ki, bir neçə dəqiqə sonra saytlara giriş problemi aradan qalxdı, lakin saytlar yenə ağır açılırdı.

 Yenidən Şahin müəllimlə əlaqə saxladıq. O bildirdi ki, saytları yoxladılar, hər hansı ciddi problem olmamalıdır, hər halda araşdırılır.

 “Delta Telecom”dan isə ümumiyyətlə problemi araşdırmaq istiqamətində heç bir təşəbbüs görmədik. Operativ şöbədə Şaiq adlı əməkdaş  “bizdə heç bir problem yoxdur, hər hansı saytla bağlı bu gün bizə müraciət olunmayıb” deyərək öz vəzifəsini bitmiş saydı.

 Bir daha qeyd edək ki, son zamanlar “Facebook” səhifəmizə müraciət edən vətəndaşlar (müxtəlif rayonlar və provayderlər) Qafqaznews.az saytına  girişin məhdudlaşdırılmasından gileylənirlər.

Xüsusilə də, yüksək vəzifəli məmurlarla bağlı yazılar dərc olunduqda bu cür şikayətlər çox alırıq.

Nəinki şikayətlər almaq, hətta bəzən özümüz belə Bakının “göbəyində”, redaksiyada oturarkən saytımıza daxil ola bilmirik.  Halbuki, digər xəbər saytlarını açmağımızda problem yaranmır.

Ya sayt heç açılmır, ya da ağır açılır. Vaxtaşırı olaraq, haker hücumlarına da məruz qaldığımızı qeyd etsək, yerinə düşər.

Amma məsələ təkcə qafqaznews.az saytında deyil, ümumiyyətlə elektron KİV-də çox həmkarımızdan belə gileylər eşitmək olar.

Hər hansısa provayder tərəfindən məqsədli və ya hər hansısa şəxslərin sifarişi ilə bloklama, qərəzli şəkildə məhdudlaşdırma ehtimalları nə dərəcədə yüksəkdir, deyə bilmərik.

Amma görünür ki, heç bir müstəqil elektron KİV provayderlərin ya qərəzli, ya da səhlənkar yanaşmasından sığortalanmayıb… yenə də maraqlıdır, “Aztelekom”un Qafqaz Xəbər Agentliyi ilə nə qərəzi var?

Mövzu diqqətimizdədir, çünki bu problem hələ də aradan qalxmayıb.

Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR