Cəbhəyanı rayonlarda hansı tədbirlər görülür, nələr çatışmır? – ARAŞDIRMA

1459952949_52c92f4930ac899309f1d82667d21958Zahid Oruc: “Sakinlərin ruh yüksəkliyi müsbət haldır, amma onların sosial problemlərini də dinləməliyik”

Fazil Mustafa: “Regionların inkişafı ilə bağlı dövlət proqramı var, sadəcə icra başçıları yaxşı işləməli, büdcəni lazımsız yerlərə dağıtmamalıdır”

Sərdar Yusifoğlu: “Cəbhəyanı  bölgələrdə  sakinlərin, xüsusilə də gənclərin ruh yüksəkliyini, döyüşə can atmasını görəndə riqqətə gəldik”

Ermənistan ordusunun atdığı mərmilər Ağdamda 72 evə zərər vurub, 30 ev dağıdılıb, 5 ev yanıb, 37 ev isə atəş zərbələrindən ciddi xəsarət alıb.

Bu barədə Qafqaznews.az-a Ağdam Rayon İcra Hakimiyyəti (RİH) başçısının köməkçisi Eldəniz Abdullayev bildirib.

O qeyd edib ki, Əhmədağa, Üçoğlan, Zəngişalı, Qərvənd, Çəmənli, Qaradağlı, Sarıcalı, Şüküralı, Əfətli kimi kəndlərdə evlərə və binalara zərər dəyib, bir məktəb və uşaq bağçası da dağıdılıb.

Eldəniz Abdullayev bildirib ki, 1957-ci il təvəllüdlü Qaraşov Qaraş Şahmar oğlu bu zərbələr nəticəsində həlak olub, 8 nəfər yaralanıb. Qafqaznews.az-ın kəndlərdə zərbələrdən qorunmaq üçün hansı tədbirlər görüldüyü barədə sualına RİH nümayəndəsi belə cavab verib.

“Ağdamın elə kəndləri var ki, təmas xəttindən 500-1000 metr aralıdır. Ağdam rayonunda itki daha az olub. Gərginlikdən əvvəl də biz müxtəlif tədbirlər görmüşdük. Hər kənddə bunkerlər, sığınacaqlar qazılıb ki, artilleriya atəşləri eşidildikdə əhalinin təhlükəsizliyini təmin etmək mümkün olsun”, – deyə E.Abdullayev Qafqaznews.az-a qeyd edib.

Onun sözlərinə görə, icra başçısı Raqub Məmmədovun yanında Fövqəladə Hallar Komissiyası yaradılıb və hazırda rayona dəyən zərərin araşdırılması aparılır.

O bildirib ki, Ermənistan SQ-nin artilleriya atəşindən zərər çəkən sakinlərə hər cür maddi yardım göstəriləcək.

“Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin nümayəndələri əraziləri gəzirlər, evlərin və təsərrüfatın bərpası ilə bağlı hesablama aparırlar. Ona görə də, dəqiq məbləğ barədə indi heç nə deyə bilmərəm. Amma söhbət milyonlardan gedir. Bir evin tikintisi ən az 30-40 min manata başa gələcək. Əlbəttə, dövlət sakinlərə kömək edəcək, lakin düşmən tərəfindən bizə böyük zərər dəyməsi danılmaz faktdır”, – deyə E.Abdullayev qeyd edib.

Tərtər rayon icra başçısının birinci müavini Ramiz Şabanov virtualaz.org saytına açıqlamasında bildirib ki, rayonun Qapanlı, Yuxarı Qaradağlı, Qaraçağı, Dəmirçilər kəndi, eləcə də rayon mərkəzində evlər dağılıb. “Tərtər rayon Fövqəladə Hallar Komissiyası hazırda ərazilərdə araşdırma aparır. Zərər müəyyənləşəndən sonra sakinlərə kompensasiya ödənilməsi məsələsinə baxılacaq”, – deyə R.Şabanov əlavə edib.

скачанные файлыMilli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, müstəqil deputat Zahid Oruc  Qafqaznews.az-a bildirib ki, aprelin 2-dən sonra bütün ölkədə ruh yüksəkliyi müşahidə olundu, xüsusilə də cəbhəyanı rayonların sakinlərinin qorxmazlığı, əsgərlərlə həmrəyliyi və dəstəyi diqqət çəkdi.

“İnsanlar evlərini atıb getmədilər. Bu, təqdirəlayiq haldır. Onlar artıq başa düşür ki, qaçqınçılıq yaxşı şey deyil, geri çəkilmək heç nə verməyəcək. İllər boyu qaçqın  yükü ilə yaşamaqdansa, mərd insanlarımız düşmən gülləsinə sinə gərməyi üstün bilir. Lakin onların təhlükəsizliyi və rifahı üçün ciddi addımlar atılmalıdır. Sakinlərin ruh yüksəkliyi müsbət haldır, amma onların sosial problemlərini də dinləməliyik Yaşayış məntəqələrini qəti geri çəkmək olmaz, lakin o ərazilərdə normal infrastruktur qurulmalıdır. Xüsusilə də, müəllimlərin maaşına diqqət yetirilməlidir. Ağdam, Füzuli, Tərtər, Ağcabədi, Bərdə kimi rayonların kəndlərində sosial şəraiti dirçəltmək, eyni zamanda təhsil şəraitinə də diqqət ayırmaq lazımdır. Bu barədə Milli Məclisdə də məsələ qaldırmaq olar”, – deyə Z.Oruc bildirib.1425306662_fazil-1

Başqa bir millət vəkili, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirib ki, cəbhəyanı rayonlara getməyib: “İndi bizim orda nə işimiz var. Bu yaxın günlərdə uyğun olsa, gedib baş çəkərik. Ordan məlumatları mətbuatdan alıram. Amma onu deyim ki, istər cəmiyyətimizdə, istərsə də məhz həmin rayonlarda əhalinin mübariz əhval-ruhiyyəsi diqqətimizdən yayınmadı. Şübhəsiz ki, dinc sakinlərimiz düşmən tərəfinin davamlı zərbələri altındadır. Onların təhlükəsizliyi üçün yerlərdə bunkerlər yaradılmalı, sığınacaqlar olmalıdır. Sakinlərin müdafiəsi və normal yaşaması üçün bütün lazımi tədbirlər görülməlidir. Milli Məclisdə əlavə qanuna, təklifə ehtiyac yoxdur. Regionların inkişafı ilə bağlı dövlət proqramı var, sadəcə icra başçıları yaxşı işləməli, büdcəni lazımsız yerlərə dağıtmamalıdır”.

Fazil Mustafa da həmkarı Zahid Oruc kimi, cəbhəyanı rayonlarda müəllimlərin maaşlarının yüksək olmasının vacibliyini vurğulayıb: “Orda çalışan müəllimlərin maaşı Bakıdakı müəllimlərin maaşından iki dəfə çox olmalıdır”.

888и-1_1403898120Gərginliyin davam etdiyi günlərdə cəbhə xəttində, Tərtər rayonunda olan təhsil eksperti, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin (GEMİ) sədri Sərdar Yusifoğlu Qafqaznews.az-a bildirib ki, təşkilatın bir neçə fəalı ilə birlikdə Tərtər rayonundakı vəziyyətlə tanış olub, sakinlərlə fikir mübadiləsi aparıb.“Aprelin 2-də şəhid olan Tərtər sakini Nicat İsgəndərovun dəfn mərasiminə qatıldıq. Sakinlərlə söhbətimizdən belə qənaətə gəldik ki, əhalinin ruh yüksəkliyi yerindədir və kimsə öz evini tərk etmək niyyətində deyil. Tərtər sakinləri hər an mərmi riski altında yaşayırlar, lakin buna rəğmən, bir kəndi belə boşaltmaq barədə söz belə gedə bilməz. Cəbhəyanı bölgədə sakinlərin, xüsusilə də gənclərin ruh yüksəkliyini, döyüşə can atmasını görəndə riqqətə gəldikSadəcə, insanlara maddi və mənəvi dəstək olmaq, onların problemləri ilə də maraqlanmaq yaxşı olardı. Təhsil məsələsinə gəlincə, bu rayonda da çalışan gənc kadrlar var, amma düzünü deyək ki, həvəsləndirici tədbirlərə ehtiyac var. Gənclərin məşğulluğunu artırmaq üçün də bir sıra tədbirlər görülə bilər. Sırf gəginliyin yaratdığı risklərlə bağlı danışırıqsa, bu risk həmişə var, insanlarımız bu riskə hazırdır. Heç kim düşmənə bir qarış torpaq belə verməyi, bircə addım da geri çəkilməyi ağlından keçirmir”, – deyə S.Yusifoğlu vurğulayıb.

O, gəncləri dövlətimizin yanında olmağa və bu çətin günlərdə təxribatlardan kənar qalmağa çağırıb.

“Problemlər hər yerdə var. Lakin hazırda bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz hamımızın ümummilli məsələsidir. Bu istiqamətdə əl-ələ verməli, cəbhədə baş verənlərə biganə qalmamalıyıq”, – deyə təşkilat rəhbəri əlavə edib.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR