Ekspertdən çağırış: “Parlaq gəncləri hərbi əməliyyatlardan uzaq tutmalıyıq”

12935193_209004149472986_1034676096_nRamil Məmmədli: “Milli Məclisdə dövlət əhəmiyyətli mülki fəaliyyətlə məşğul olan gənclərlə bağlı qanunvericilik bazası, mexanizmi müəyyənləşdirilə bilər”

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qafqaznews.az-a verilən məlumata görə, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. “Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub.

Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb”, – deyə nazirlik açıqlayıb.

Bu döyüşlərdə şəhid olmuş Azərbaycan hərbi qulluqçularının bəzilərinin adları məlum olub. Şəhidlərimiz bunlardır: mayorlar Urfan Vəlizadə və Təbriz Mustafazadə, baş leytenant Bəkir İsmayılov, gizir Fariz Novruzov, əsgərlər İlkin Məmmədov, Rəvan Nurayev, Samir Qaçayev, Ruhin Qəhrəmanov. Həmin şəhidlərin bir neçəsinin fotosu sosial şəbəkələrdə paylaşılır, müxtəlif səhifələrdə onların haqqında məlumat verilir.12809712_1134229386621374_6747765827365899523_n

Sosial şəbəkə paylaşımlarından Samir Qaçayev adlı şəhidimizin gənc və istedadlı heykəltəraş olması barədə bilgilər diqqətimizi çəkdi. Şübhəsiz ki, vətən uğrunda canından keçən hər bir şəxs dəyərlidir, lakin istedadlı və xüsusi perspektivə malik olan gənclər ölkələrinə ancaq səngərdə, cəbhə xəttində xidmət etmirlər. Oxucular da bizimlə razılaşar ki, vətənə ən mühüm xidmət mərhələsi məhz hərbi xidmət müddəti başa çatdıqdan sonra, həmin gənclərin karyera qurduqları zaman başlayır.

Görəsən, Azərbaycanda parlaq gənclərin hərbi əməliyyatlardan qorunması, ən azından arxa cəbhədə xidmət etməsi barədə hər hansı tədbirlər görülürmü? Bu barədə hər hansı qanunvericilik norması, qaydalar mövcuddurmu və ya buna gərək varmı? Bu məsələ ilə bağlı münasibət almaq üçün, hərbi-siyasi icmalçı Ramil Məmmədli ilə əlaqə saxladıq.

“Əvvəla, bildirim ki, hazırda cəbhə xəttində vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. İstər maddi-texniki baxımdan, istərsə də şəxsi heyət baxımından üstünlük bizim tərəfimizdədir. Lakin şəhidlərimiz var və xalqımız onlarla fəxr edir. Xüsusi istedadlı gənclərin qorunması, ya da arxa cəbhədə xidmət etməsi barədə hər hansı qanunvericilik bazası yoxdur. Dünya təcrübəsi barədə detallı məlumata malik deyiləm, lakin post-sovet ölkələrində ali təhsilli gənclər hərbi xidmətə leytenant rütbəsi ilə başlayırdılar. 2001-ci ildən sonra ölkəmizdə bu yığışdırılıb. Ümumiyyətlə, müharibə başladıqda, daxili qoşunlar da cəbhə xəttinə yeridilə bilər. Azərbaycanda hərbi xidmət icbaridir və qanunla, hərbi xidmətə yararlı olan 18-35 yaşları arası hər bir kişi hərbi xidmətə getməlidir”, – deyə ekspert Qafqaznews.az-a bildirib.

O qeyd edib ki, hər hansı şəxsin xüsusi qaydada hərbi xidmətdən kənar qalması onun çalışdığı qurumlar çərçivəsində həll oluna bilər: “Məsələn, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan, ölkənin “beyin”lərindən sayılacaq gənc bir müttəxəssisin nazirlikdə çalışdığı müddətdə hərbi xidmətə getməməsi mümkündür. Bu da, həmin qurumun Səfərbərlik Xidmətinə rəsmi məktubu ilə baş tutur. Ümumiyyətlə, hansı gəncin hərbi xidmətə çağırılması Müdafiə Nazirliyinin səlahiyyətlərində deyil”.

Lakin R.Məmmədli hesab edir ki, xüsusi istedada malik, ölkənin “beyni” sayılacaq gənclərin hərbi əməliyyatlardan uzaq tutulması vacibdir: “Mən sizinlə razıyam ki, vətənə xidmət ancaq səngərdə məhdudlaşmır. Azərbaycanın dövlətçilik tarixinə, hətta Səfəvilər dövrünə baxsaq, görərik ki, müharibə başladığı zaman xüsusi istedada malik elm adamları, incəsənət xadimləri və şairlər daha təhlükəsiz yerə köçürülür, onların ciddi mühafizəsi təşkil olunurdu”.

Eksertin fikrincə, bu məsələni nizamlamaq üçün konkret və aydın mexanizm hazırlanmalıdır. “Milli Məclisdə dövlət əhəmiyyətli mülki fəaliyyətlə məşğul olan gənclərlə bağlı qanunvericilik bazası, mexanizmi müəyyənləşdirilə bilər. Təklif edirəm ki, millət vəkillərimiz də bu istiqamətdə düşünüb tədbirlər görə bilərlər. Fikrimcə, ölkəmizin gələcəyi sayılacaq, parlaq istedada malik, dövlət əhəmiyyətli mülki fəaliyyətlə məşğul olan gəncləri hərbi əməliyyatlardan uzaq tutmalıyıq. Tez bir zamanda müvafiq qanun layihəsi hazırlansa, mütərəqqi addım olar”, – deyə Ramil Məmmədli əlavə edib.

Mövzu ilə bağlı millət vəkillərinin və aidiyyatı olan qurumların da mövqeyini öyrənməyə çalışacağıq.

 Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR