“Günahı Təhsil Nazirliyindən çox, RİH-lərdə axtarmaq lazımdır”

888и-1_1403898120Sərdar Yusifoğlu: “Məktəblər ona görə güzəştə gedirlər ki, şagird heç olmasa, orta təhsil sənədi alsın”

Dəyanət Rzayev: “Bölgələrdə vəziyyət çox ağırdır, işsizlik və sosial problemlər insanlarda elmə-təhsilə marağı öldürür”

Martın 30-da Qafqaznews.az saytında “Təhsil Nazirliyi özündən razıdır” başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə qeyd olunurdu ki, Azərbaycanda keçirilən buraxılış imtahanıarı nəticəsində, tükürpərdən fakt üzə çıxıb. Orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında nəinki tədris proqramının minimum mənimsəmə səviyyəsi qeydə alınıb, hətta oxumağı və yazmağ bacarmayan şagirdlərin də olduğu məlum olub. Martın 29-da bu məlumatı Tələbə üzrə Dövlət Komissiyası yayıb: “Belələri 11-ci sinif məzunları arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfərdir. Bu statistika imtahan rəhbərlərinin protokollarına əsasən aparılıb. Əgər nəzərə alsaq ki, bu cür hallar əksər imtahan rəhbərlərinin protokollarında qeyd olunur, deməli, vəziyyət acınacaqlıdır. Qəribədir ki, bu şagirdlər 9-cu və hətta 11-ci siniflərə qədər oxuya biliblər. Yazmaq-oxumaq bilməyən 11-ci sinif şagirdlərinin sayı rayonlar üzrə belə bölünüb: Sabirabad rayonunda 6 nəfər, Lənkəranda 4 nəfər, Hacıqabulda 3, Tovuzda 2 nəfər, Daşkəsən, Gədəbəy, Goranboy, Qazax, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərbirində isə 1 nəfərdir”. “

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdərinin statistikası isə belədir: Astarada 12 nəfər, Sabirabadda 9 nəfər; Lerikda 8 nəfər; Gədəbəy, Tovuz və Masallı rayonlarının hər birində 4 nəfər; Qazax, Goranboy və Bərdə kimi rayonların hər birində 3 nəfər; Daşkəsən, Şəmkir, Ağstafa, Ağcabədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hər birində 2 nəfər; Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hər birində 1 nəfər” (APA). Biz Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovdan TQDK-nın məlumatını şərh etməyi xahiş etdik. “Mənim bu məsələ ilə bağlı yetərli məlumatım yoxdur. Bu informasiyanın mənbəyi TQDK-dır”, – deyə C.Valehov bildirib. Onun fikrincə, yazıb-oxumağı bacarmayan məzunların olması Təhsil Nazirliyinin fəaliyyətini şübhə altına salmır.

“Siz normal hesab edirsiniz ki, 100 məzun yazıb-oxuya bilmir?” – deyə jurnalist maraqlandı.

“Mən şərh verməkdən imtina edirəm”, – deyə Cəsarət Valehov cavab verib. Milli Məclisin deputatı Nizami Cəfərovun fikrincə, əgər bu məlumat doğrudursa, təcili tədbirlər görülməlidir.

Qeyd edək ki, bu məsələ Azərbaycan ictimaiyyətində geniş müzakirələrə gətirib çıxardı. Ötən gün Modern.az saytında adıkeçən rayonların təhsil şöbə müdirlərinin nazirliyə çağırıldığı barədə xəbər dərc olundu.

TQDK-nın nümayəndəsi Nəsimi Kazımov Modern.az-a açıqlamasında yazıb-oxumağı bacarmayanlar haqqında əlavə məlumatın verilməsinin mümkünsüzlüyünü qeyd edib. Lakin o, vurğulayıb ki, hansı Təhsil şöbələrindən həmin şagirdlər haqqında maraqlanan olubsa, onlara məlumatlar göndərilib.

Modern.az saytı adları çəkilən rayonlardan bəzilərinin Təhsil şöbələri əlaqə saxlamağa çalışıb. Lakin əksər Təhsil şöbələrinin müdirlərinin yerlərində olmadığı bildirilib.

Təhsil şöbələrindən verilən məlumata görə, şöbə müdirləri Təhsil Nazirliyinə çağrıldığı üçün hazırda işdə deyillər. İşçilər bildiriblər ki, şöbə müdirləri bu gün Bakıya yola düşüblər.

Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Qafqaznews.az olaraq, bir çox oxucularımız kimi, biz də bu suala aydınlıq gətirmək istədik: “Oxumaq istəməyən və yaxud savaddan məhrum şagirdlər 9 və hətta 11 il ərzində necə məktəbdə qalıblar və onlara rüblük, illik qiymətlər hansı əsasla verilib?”.

Təhsil eksperti, “Gənclərin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar Yusifoğlu bildirib ki, bəzi regionlarda hətta pul tanımayan məktəblilərə də şəxsən rast gəlib.

se_1380015660“Mən düşünürəm ki, bu məsələdə hər şeyi Təhsil Nazirliyinin üstünə yıxmaq lazım deyil. Şagirdlərin savadsızlığında rayon icra hakimiyyətlərinin, rayon təhsil şöbələrinin üzərinə məsuliyyət düşür. Günahı Təhsil Nazirliyindən çox, RİH-lərdə axtarmaq lazımdır. Onlar yerlərdə təhsilə maraq təşviq etməli və davamlı tədbirlər görməlidirlər. Eyni zamanda, bəzi valideynlər də övladlarının təhsil almasında maraqlı deyil”, – deyə S.Yusifoğlu qeyd edib.

O vurğulayıb ki, yazıb-oxumağı bacaramayan 11-ci sinif şagirdinə rast gəlməyib: “Amma 9-cu sinif şagirdləri məsələsi inandırıcıdır, çünki onların doqquz illik təhsil sənədi alması ailələri üçün formal xarakter daşıyır. Məktəblər ona görə güzəştə gedirlər ki, şagird heç olmasa orta təhsil sənədi alsın”.

S.Yusifoğlu burda sosial problemlər və bölgələrdə gənclərin kənd təsərrüfatına yönləndirilməsi ehtimalını istisna edir: “Rayonda böyümüş nə qədər ali təhsilli gənc tanıyıram ki, örüşə də gediblər, naxıra da. Kənddə bu işlərlə məşğul olmaq normaldır. Burda əsas mənəvi tərəfə baxmaq lazımdır. Valideynlərdən də çox şey asılıdır”.

Ekspertin fikrincə, heç də hər şey fəlakət kimi dəyərləndirilməməlidir: “Bəli, şagirdlərin yazıb-oxuya bilməməsi acınacaqlı haldır, bu istiqamətdə tədbirlər görülməlidir. Lakin Bakıdan bölgələrə gedən, məsələn, Lerikin ucqar kəndində 600 manat maaşla işləyən müəllim tanıyıram. Çox savadlı gəncdir, peşəsinə sevgi ilə yanaşır. İnanıram  ki, o, uşaqlara normal dərs keçməyə maraqlıdır. Lakin ümumi mənzərədə bəzi məqamlar var ki, onları korrektə etmək, yerlərdə araşdırma aparıb tədbirlər görmək lazımdır”.

Sərdar Yusifoğlu müxbirimizin “Azərbaycandakı gənclərin təhsil səviyyəsinə ümumi baxanda, nikbin yanaşma mümkündürmü?” sualına belə cavab verib: “Biz əsasən xaricdə təhsil ilə məşğul oluruq. Bizə müraciət edən gənclərlə yazılı sorğu aparır, onların dünyagörüşünü öyrənmək üçün bəzi tapşırıqlar veririk. Ümumilikdə, vəziyyəti nikbin saya bilərik. Azərbaycanda parlaq gənclər də çoxdur. Və onların ölkəmizə uğur gətirəcəyinə inanırıq”.

Psixoloq Dəyanət Rzayev isə bu məlumatı “faciə” adlandırıb: “Bu, Təhsil Nazirliyi üçün yox, ölkə üçün faciədir. Təəssüflər olsun ki, bunun əsas səbəbi cəmiyyətdə intellekt kultunun yox, diplom kultunun hökm sürməsindədir. Bölgələrdə vəziyyət çox ağırdır, işsizlik və sosial problemlər insanlarda elmə-təhsilə marağı öldürür. Korrupsiya elementləri və sosial problemlər insanlarda nəyə intellekti ilə nail olacağına inamı zəiflədir. Məsələn, əksər gənclərimiz bu gün polisdə işləmək, asan yolla pul qazanmaq istəyir. Bir az oxuyan əksər gənclərin də hədəfi hüquq fakültəsidir ki, bitirəndən sonra hüquq mühafizə orqanlarında işləsinlər. Bəzi ailələr düşünürlər ki, uşaq oxumasa, onu Ukraynada-Rusiyada bir ali məktəbə düzəldərlər, adı gedər, diplom alar”.скачанные файлы

D.Rzayevin sözlərinə görə, ümumilikdə cəmiyyətdə qrammatik savad zəifləyib: “Elmlər namizədi tanıyıram ki, öz adını düzgün yazmır. Məsələn, adı Rzadır, Rıza yazır. Cəmiyyətdə dilimizə qarşı diqqət və sevgi aşağıdır. Əvvəl deyirdilər ki, kimin donanması və ya aviasiyası güclüdürsə, o da güclüdür. Amma indi güc təhsildə, elmdədir. Təəssüf ki, bizdə elm-təhsil çox aşağı səviyyəyə düşüb. Müəllimin cüzi maaşa işlədiyini görən şagirdlərdə də təhsil almağa maraq olmayacaq. İlk növbədə müəllimlərin maaşından başlamaq lazımdır. Yüksək maaşla rayonlara gedən gənc müəllimlərin də sayı çox azdır. Ümumilikdə elm və təhsil xadimləri çox az maaş alırlar”.

D.Rzayev bu problemin məktəblərdə psixoloqların olmaması ilə bağlılığını istisna edir: “Əvvəl də məktəblərdə psixoloq yox idi. Amma ideologiya var idi. Təhsil çox yüksəkdə tutulurdu. Cəmiyyətdə inam var idi ki, təhsil almasan, uğura nail ola bilməzsən. Təəssüflər olsun ki, indi elə deyil”.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR