Gürcü analitik: “Qarabağ münaqişəsini özümüz həll etməliyik, böyük oyunçular isə yalnız kömək edə bilər”

dcaac185b3be89b8b5701504f3362d6a“Dağlıq Qarabağda son günlər baş vermiş hərbi toqquşmalarda Rusiya təbliğatı hər vəchlə Türkiyəni günahlandırır. Bu müharibə heç vaxt Türkiyənin marağında olmayıb. Bu gün Türkiyənin Suriyakimi problemi, eyni zamanda daxilində kürd problemi var. Ən başlıcası isə, Qafqazda sülh və sabitliyin olması Türkiyə üçün çox vacibdir”.

Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında tanınmış analitik Gela Vasadze deyib. O, bölgədən Bakı-Ceyhan neft boru kəmərinin keçdiyini, TANAP kəmərinin inşa olunduğunu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirildiyini və digər beynəlxalq enerji layihələrinin reallaşdırıldığını xatırladıb: “Bu layihələr Türkiyə üçün çox vacibdir. Həmin layihələrin kimə sərfəli olmadığını biz yaxşı bilirik. Söhbət Rusiyadan gedir. Rusiya çoxdan Azərbaycana qoşun yeritmək arzusundadır. O istəyir ki, Azərbaycan ərazisində uzunmüddətli böyük münaqişə olsun. Biz bilirik ki, Rusiya Cənubi Qafqazın silahlandırılmasında iştirak edib. İndi bölgədə Rusiya silahları “dillənir”. Əgər müharibə uzunmüddətli və genişmiqyaslı davam etsəydi, Rusiya özünün sülhməramlı qüvvələrini Azərbaycana yeritmək üçün ultimatum verərdi. Nəticədə üçtərəfli beynəlxalq layihələr təhlükə altında qalardı”.

 

G. Vasadze qeyd edib ki, müharibə Gürcüstan üçün də sərfəli deyil: “Gürcüstan da bir çox beynəlxalq layihələrdə iştirak edir. Biz elə bir mürəkkəb vəziyyətdə qalacağıq ki, Rusiya rəhbərliyi bizdən hərbi yüklər üçün tranzit yolu istəməyə başlayacaq və Gürcüstanı seçki ərəfəsində şantaj edəcək. Bundan başqa, Gürcüstan ərazisində azərbaycanlılar və ermənilər yaşayır. Onlar kifayət qədər sülh içində yaşayırlar. Buna baxmayaraq, hər bir xalqın nümayəndələri öz tarixi vətənini müdafiə edir. Bu, həqiqətdir. Bu mənada Gürcüstan öz daxilində daha bir seçim qarşısında qalır. Buna görə də Gürcüstan üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunması çox vacibdir. Əbəs yerə bir çox siyasi qüvvələr Gürcüstanı, Tbilisini Azərbaycan – Ermənistan danışıqları üçün ən sərfəli məkan hesab etmirlər. Biz Qafqazda yaşayacağıq. Bizim xalqlar Qafqazdan heç bir yerə getməyəcəklər. Uşaqlarımız, nəvə-nəticələrimiz bu torpaqda yaşayacaqlar. Bu gün onların necə yaşayacağı bizdən asılıdır. Biz bir-birimizin qanını tökəcəyik, yoxsa əksinə, bir-birimizə hörmət şəraitində əməkdaşlıq edəcəyik? Mən ümid edirəm ki, bizim xalqların müdrikliyi çatar ki, biz bir-birimizin ailəsinə qonaq gedək. İnsan həmişə insan olaraq qalmalıdır. Bu, ən başlıca mövqedir”.

 

Analitik Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan böyük oyunçuların, eləcə də qonşu dövlətlərin hər birinin öz marağı olduğunu söyləyib: “Amma bu münaqişəni biz özümüz həll etməliyik, böyük oyunçular isə yalnız kömək edə bilər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR