Hava yağışlı olacaq, temperatur düşəcək – XƏBƏRDARLIQ

20160427-123059linkSabah hava şəraitinin Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacaq.

Aprelin 28-də Azərbaycan rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskinli olacağı, gün ərzində qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

 

Qeyd edək ki, nazirlik Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Qurumun yaydığı məlumata görə aprelin 28-i axşama doğru qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR