Jurnalistlər məhkəmə məsuliyyətindən azad edilməlidirmi?

79956Arif Əliyev: “Bu, digər vətəndaşların hüququnu məhdudlaşdırmaq demək olar”

Məlum olduğu kimi, ölkə qanunvericiliyə millət vəkillərinin Milli Məclisdə səsləndirdiyi fikrə görə, onların məhkəmə məsuliyyətinə cəlb edilməsini qadağan edir. Başqa sözlə desək, millət vəkilləri parlamentdə səsləndirdiyi tənqidi fikrə görə məhkəməyə verilə bilməzlər. Baxmayaraq ki, Azərbaycan təcrübəsində millət vəkillərinin məhkəməyə verilməsi təşəbbüsünə heç də sıx-sıx rast gəlinmir.

Bu gün məhkəməyə ən çox yolu düşən, icbari cəzaya, fantastik məbləğdə cəriməyə məruz qalan daha çox jurnalistlərdir ki, onlara qarşı məhkəmə iddialarına mütəmadi surətdə rast gəlinir. Bir çox tanınmış jurnalistin məmurlar və iş adamları tərəfindən məhkəmə vasitəsi ilə cəzalandırılması, bir çox media nümayəndəsinə məhkəmə yolu ilə hədə-qorxu gəlinməsi və s. bu problemin bu gün də kifayət qədər aktual olduğundan xəbər verir.

Maraqlıdır, millət vəkilləri kimi jurnalistlərin də məhkəmə məsuliyyətindən birmənalı şəkildə azad edilməsi mümkündürmü? Jurnalistlərin media orqanlarında dərc etdikləri informasiyaya görə məhkəmə məsuliyyətindən azad edilməsi ilə bağlı qanunun qəbulu nə dərəcədə faydalı və ya zərərli ola bilər? Jurnalistlərə belə bir hüququn verilməsi onların cəmiyyət və dövlət idarəçiliyindəki neqativ halları daha qorxusuz, daha cəsarətli şəkildə dilə gətirməsinə yardım edə bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlma verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev belə bir yeniliyin digər şəxslərin hüququnu məhdudlaşdıracağını və bu səbəbdən də buna lüzum görmədiyini vurğuladı:

“Jurnalisti yazısına görə ümumiyyətlə məhkəməyə cəlb etməmək kimi bir tələb ortaya qoymaq, qeyri-qanuni və ədalətsizdir. Çünki bu, digər vətəndaşların hüququnu pozmaq demək olar. Bildiyiniz kimi, belə bir deyim var – mənim azadlığım, sənin azadlığının başladığı yerdə qurtarır. Jurnalistlərə belə bir hüquq tanımaq digər insanların hüququnu pozmaq demək olar. Jurnalistlərə belə bir hüquq verməklə biz həmin vətəndaşların məhkəməyə müraciət etmək hüququnu əllərindən almış olarıq.  Lakin elə informasiyalar var ki, onların dərc edilməsinə görə jurnalistlər məhkəməyə cəlb edilə bilməz. Bu, qanunvericilikdə öz əksini tapıb. Bunlara birbaşa efirdə gedən və jurnalistin müdaxilə etməsi mümkünsüz olan materiallar, Milli Məclisdə dövlət rəhbərlərinin dilindən səsləndirilən materiallar, digər KİV-də dərc edilən və təkzib olunmayan materiallar və s. kimi informasiyaların işıqlandırılması daxildir. Bunlara görə jurnalistlərin məhkəməyə verilməsinə icazə verilmir. Zəruri həddə qanun jurnalsitləri bu məsuliyyətdən azad edir. Lakin bu hüququ daha da genişləndirmək digər vətəndaşların hüququnu məhdudlaşdırmaq demək olar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR