Mətbuat xidməti, yoxsa, istirahət mərkəzi?

13089975_220663824973685_1398649112_nMənə nə Qulu Məhərrəmli, nə də Zeynal Məmmədli dərs deməyiblər.

Bu böyük jurnalistlərin tələbəsi olmasıyla fəxr edən və tez-tez dilə gətirən gəncləri görəndə əvvəl həsəd aparıram, amma sonda…. Özlüyümdə düşünürəm: “Elə yaxşı ki, onlar mənə dərs deməyiblər”.

Əlbəttə ki, Bakı Slavyan Universitetinin Tərcümə Fakültəsində təhsil aldığım illərdə Seyfəl müəllim kimi böyük müəllimimiz, dekanımız olub. Lakin sırf jurnalistika ilə bağlı danışsaq, mən “həyat məktəbi”nin yetirməsiyəm.

Bəlkə də, bir çoxları kimi, başım qocaman müəllimlərimlə fəxr etməyə qarışsaydı, öyrənməyə vaxt tapmayacaqdım. Öz səhvlərimi özüm görməli, öz üslub və yazı tərzimə özüm “çəki-düzən” verməli olmuşam. Əlbəttə ki, mütaliəsiz bu iş olmazdı.

Bizim yazıçılardan daha çox Mirzə Cəlil, Əbdürrəhim Bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, dünya yazıçılarından isə Lev Tolstoy, Cek London, Teodor Drayzer, Alber Kamyu və Erix Mariya Remarkın üslubunun vurğunu olmuşam… onların əsərlərində bir individin mübarizəsi və inkişafı üçün lazımlı şeylər tapmışam.

Alber Kamyunun “Taun” romanını çoxunuz oxumuş olarsınız. O əsərdə baş qəhrəman yoxdur, amma bir xeyli qəhrəman var. Bütöv bir şəhər müəllifin qəhrəmanına çevrilir, hər bir obraz xüsusi incəlik və müəllif qayğısı ilə təsvir olunur. Bu təsvir elə güclü alınıb ki, oxuduqca, hər şey gözlərinin qarşısında film kimi canlanır. Burda müəllif sanki romanı “vətəndaşlara bərabər hüquqlar verən konstitusiya” üzərində yazıb, birini o birindən üstün tutmayıb.

Ədəbiyyatla bağlı ideyalarımızın sərhədləri geniş və hətta, ucsuz-bucaqsız da ola bilər. Amma mətbuatda “qırmızı xətt”lər, rəsmi qanunlar, yazılmamış qanunlar, qadağalar, tabular və yüzlərlə insanın kaprizləriylə hesablaşmalı oluruq. Bəzən jurnalist dostlarla öz aramızda  belə zarafatlar da edirik: “Filan nazirliyin mətbuat katibi işləməyə görə yox, boş-bikar oturmağa görə maaş alır” və yaxud, “Daha jurnalistikadan yorulmuşam, mətbuat katibi olsaydım, doyunca istirahət edərdim”.

Bəzən çox uğurlu və “bomba” sayılacaq bir araşdırma üzərində çalışarkən, bürokratik “qayalara çırpılırıq”. Və yaxud, yazımızın duzu-ədavası yerində olsun deyə, aidiyyatı olan qurumların da informasiyasına ehtiyacımız olur. Di gəl ki, burda da “qayalara çırpılmaqdan” heç bir jurnalist sığortalanmayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərdiyim sorğuya iki həftəyə yaxındır cavab ala bilmirəm. Səhiyyə Nazirliyinin mətbuat xidmətinə göndərdiyim sorğu dörd gündür hələ də “işlənmə” prosesindədir.

Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin müəllim hələ martın əvvəlində xahiş etdiyim  məsələni hələ də öyrənib qurtara bilməyib, ona görə də zənglərimə cavab vermir. “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sakinlərin şikayətləndiyi bir MTK şirkətinin su borcunu öyrənib bizə bildirəcəkdi, o da iki həftəyə yaxındır hələ də elektron məktubuma cavab yazmır. Ümumilikdə, Anar müəllimdən şikayətimiz çox deyil, amma arada unutqanlıqları da qeyd etmək yerinə düşər. Eyni zamanda Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov da yada düşməlidir – qızıl hərflərlə. Jurnalisti arxayın edib sonra cavabsız buraxmaqda cənab polkovnikə çatan olmaz.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayevin səsini eşidən isə cənnətlik olar. Nə mobil telefona, nə də iş nömrəsinə cavab vermir. Bütün yazılarımız “təəssüf ki, ƏƏSMN-in mövqeyini öyrənə bilmədik” sözləri ilə bitir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində isə mətbuatla əməkdaşlıq səviyyəsi kəllə-çarxa çıxıb. Bu günlərdə PX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsində adını deməyən bir əməkdaş həmkarım, iş yoldaşım Rəşad Rüstəmova qarşı kobudluq edib.

O,  “Biz sizin agentliklə əməkdaşlıq etmək istəmirik, sizin qanunsuz  fəaliyyətiniz göz qabağındadır” deyərək, şirkətimizin işgüzar nüfuzuna kölgə salıb.

Penitensiar Xidmət əməkdaşı qanuni səviyyədə fəaliyyət göstərən və indiyədək REKET SİYAHISINA DÜŞMƏYƏN, vergilərdən yayınmayan, dövlətçiliyə daim sadiq qalan Qafqaz Xəbər Agentliyinə böhtan atıb.

Yuxarıda böyük müəllimlərdən söz açmışdım. Sonda “böyük dayday”lardan da xatırlatma vermək yerinə düşər.

Kimlər kimə güvənir, bilmirəm. Amma yaxşı jurnalist və vicdanlı məmur ədalətə güvənər. Hətta sağında-solunda ədalətdən əsər-əlamət görməsə belə….

Hörmətlə və sayğılarla.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR