Milli Preventiv Qrupun üzvləri cəzaçəkmə müəssisələrinə başçəkmələri davam etdirir

0d6079fc-88c5-499a-954a-7078eca49e4a-300x199Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər.

Başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, beynəlxalq standartlara və Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydalarına uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin tibb-sanitar hissə, karantin otağı, cərimə təcridxanası, görüş yerləri və digər obyektlərinə baxış keçirilmiş, saxlanılma şəraiti, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası izrə görülmüş işlər yerində araşdırılmışdır.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar fərdi qaydada dinlənilmiş, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilmiş, müraciətləri yerində araşdırılmışdır. Ümumilikdə isə, qəbul olunmuş məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməmişlər.

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilmişdir.

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, xidmət əməkdaşlarının hüquqi maarifləndirilməsi tərbirlərinin sayının artırılması ilə bağlı tövsiyələr verilmişdir.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR