Oğlunun törətdiyi əmələ görə işdən çıxarılan vəzifəli şəxsi güllələdilər – BAKIDA

ecf22425c9102ec6227f6fb522c624daDünən Bakının Binəqədi rayonunda törədilmiş silahlı insidentin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, avtomatla güllələnən 1973-cü il təvəllüdlü Qasımov Hüseyn Əli oğlu bir neçə ay əvvələdək yüksək vəzifədə çalışıb. Keçən ilin yayında onun 15 yaşlı oğlu Bərdə şəhəri Bakı prospektində idarə etdiyi avtomobillə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun 18 yaşlı oğlu Həsəni vuraraq öldürüb. Bundan sonra H.Qasımov barəsində xidməti araşdırma başladılıb və o, Bərdə rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini vəzifəsindən kənarlaşdırılıb.

Bildirilir ki, dünənki hadisə zamanı H.Qasımov istiqamətində avtomat silahla 10-a yaxın atəş açılıb. O, canını çətinliklə qurtara bilib və ayaq nahiyəsindən yüngül xəsarət alıb.

Hadisəni törədən 2 nəfər axtarılır. Onların H.Qasımovu hansı səbəbdən qətlə yetirməyə çalışması hələlik dəqiq bilinmir.

Araşdırmalar davam etdirilir.

*****

12:14

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

*****

20:54

Bakının Binəqədi rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.

Naməlum şəxs avtomat silahdan 43 yaşlı Qasımov Hüseyn Əli oğlunu güllələyib. Nəticədə Əli Qasımov güllə yaraları alıb və ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Atılan çoxsaylı güllələrdən bir neçəsi yol kənarında park edilmiş “Niva” markalı avtomobilə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin gözətçi otağına dəyib.

Binəqədi Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisəni törədən şəxs hələ saxlanılmayıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, güllələnən Qasımov Hüseyn Əli oğlu əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR