Ombudsmanın nümayəndəsi sosial xidmət müəssisəsində keçirilən dəyirmi masada iştirak etmişdir

logoBu günlərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın  fəaliyyət planına uyğun olaraq Müharibə və əmək əlilləri üçün pansionatda “Sosial xidmət sahəsində ictimai iştirakçılığın təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir

Qafqaznews.az -a Ombudsman Aparatından verilən məlumata görə ictimai şuranın üzvlərinin, sosial xidmət sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, pansionatın işçi heyətinin və sakinlərinin qatıldığı həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin nümayəndəsi, İctimai Şuranın  üzvü Müqalib Mahmudov iştirak etmişdir. O, tədbirdə çıxış edərək Müvəkkilin ahılların, əlilliyi olan şəxslərin, o cümlədən müharibə və əmək veteranlarının hüquqlarının müdafiəsini daimi diqqət mərkəzində saxladığını bildirmiş və bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat vermişdir.

Müvəkkil və onun tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müntəzəm olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində monitorinq və başçəkmələr həyata keçirdiyi, bu qəbildən olan şəxslərin vəziyyəti ilə maraqlandığı, onların məişət şəraitinin, sosial problemlərinin, sağlamlıq və digər hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə məsul şəxslərə tapşırıq və tövsiyələrin verildiyi bildirilmişdir. Eyni zamanda həmin şəxslərin hüquqi cəhət­dən maarifləndirilməsi, onlara qarşı hər hansı bir ayrı-seçkilik hallarının, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və digər hüquqpozmaların aradan qaldırılması istiqamətində də zəruri tədbirlər görüldüyü diqqətə çatdırılmışdır.

Tədbirdə çıxış edən sakinlər pansionatda tibbi xidmətin göstərilməsi üçün müvafiq ştat vahidlərinin nəzərdə tutulmadığını, bankomat aparatının quraşdırılmadığını və nəqliyyat vasitəsinin olmadığını, buna görə də tibbi yardımla təmin olunmaqda, pensiya və müavinətlərini almaqda, müəssisədən kənara getməkdə çətinlik çəkdiklərini, işçilər isə əmək haqlarının az olmasını bildirmiş və qeyd olunan məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.

Ombudsmanın təklifləri də nəzərə alınmaqla həyata keçirilən sosial xidmət müəssisələrinin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi, ahılların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlərin inkişaf etdirilməsi, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi barədə müzakirələr aparılmış, təklif və tövsiyələr irəli sürülmüşdür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR