QƏHRƏMAN ÖMRÜ … FOTOLAR

shehid-Edalet-VahabovDaxili Qoşunların respublikamızın ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yolu qəhrəmanlıq nümunələri ilə zəngindir. Ağdərə rayonunun  Aterk kəndinin müdafiəsi zamanı igid döyüşçülərimizin göstərdiyi qəhrəmanlıqlar məhz bu qəbldəndir. Belə ki, Qoşunların Gəncədə yerləşən «N» saylı hərbi hissəsinin 38 nəfər döyüşçüsü bu kəndin müdafiəsi zamanı mühasirəyə düşməsinə baxmayaraq, düşmənə təslim olmamış və son damla qanlarınadək vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişlər. Vətənin 38 nəfər qəhrəman övladı Bakıdakı Şəhidlər Xiyabanda “Qardaşlıq məzarı”nda dəfn edilmiş və onların şərəfinə qəbirüstü abidə ucaldılmışdır.

Belə qəhrəmanlardan biri də Daxili Qoşunların sıravi hərbi qulluqçusu, şəhid Ədalət Qurban oğlu Vahabovdur.

Sıravi Ədalət Vahabov 1972-ci il dekabr ayının 4-də Dəvəçi rayonunun Quşçu sovetliyinin Liman kəndində (indiki Şabran rayonunun Çəlquşçu kəndində – A.Ə.) anadan olub. Qurban kişinin və Səlimə ananın böyüdüb tərbiyə etdiyi beş övladdan (Təranə, İlhamə (1980-cı ildə dünyasını dəyişib –A.Ə.), Ədalət, Şəfaqət və Pərvanə) biri və eyni zamanda ailənin üçüncü övladı idi Ədalət…Edalet Vahabov 1-ci sinif 1981

1979-cu ildə vahabovlar ailəsi Sumqayıt şəhərinə köçüb. Bu baxımdan Ədalət 9-cu sinfədək bu şəhərdəki 22 saylı orta məktəbdə təhsil alıb. Sonra təhsilini şəhərdəki 7 saylı texniki peşə məktəbində davam etdirib. Bu dövrdən etibarən Ədalət həm də halal zəhmətə qatlaşaraq, Ceyranbatan qəsəbəsindəki meyvə-tərəvəz bazasında fəhlə kimi əmək fəaliyyətinə başlamaqla, valideynlərinə dəstək olmağa da çalışırdı.

Ədalət yaxşı oxumaq və işləməklə yanaşı, həmçinin bir gənc kimi idmana da böyük maraq göstərirdi. Hələ orta məktəbdə oxuyarkən Sumqayıtda futbol üzrə yeniyetmələr arasında keçirilən bir çox yarışlarda fəal iştirak edib. Ədalətin uşaqlıq arzularından biri də elə məhz tanınmış futbolçu kimi ölkəmizin yığma komandasının tərkibində qələbələr qazanaraq, xalqımızı sevindirmək idi… Lakin onun yeniyetməlik və gənclik çağları ölkəmizin ən təlatümlü dövrünə təsadüf etdiyindən arzusu yarımçıq qalır…
Edalet, Seymur, Rovshen 23.10.1986İgid döyüşçünün anası Səlimə xala övladı ilə bağlı xatirələrini bizimlə bölüşərkən bunları dedi:

“… Ədalət uşaq yaşlarından düzgünlüyü sevən, dostcanlı, adına layiq bir uşaq olub. Yalanı xoşlamazdı, həmişə zəifin tərəfində durardı. Deyib-gülən, zarafatçıl, olduqca mehriban, ünsiyyətcil idi. Bu baxımdan da onun istər orta məktəbdə oxuyarkən, istərsə də işlədiyi müddətdə çoxlu dostları vardı. Məhəllədə hamı onun xətrini çox istəyirdi. Fəhləlik edərək qazandığı pulu da gətirib atasına verərdi…

İstədiyi bir qız da vardı. Hərbi xidmətə gedəndə, şəkilini də özü ilə aparmışdı. Onunla birgə xidmət edən yoldaşlarının dediyinə görə, şəkili kibrit qutusunun içərisinə qoyub, üzərində saxlayardı…”.

Bu arada Qurban dayı Ədalətin bir zamanlar çəkdirdiyi foto şəkilləri bir-bir mənə göstərir: “… Bu xatirə albomundakı şəkili Ədalət birinci sinfi bitirməsi münasibəti ilə çəkdirmişdi. Bunu isə orta məktəbdə oxuyarkən sinif yoldaşları ilə birgə çəkdirmişdilər (öndə sağdan birinci – A.Ə)”.

Qurban dayı sözünə bir müddət ara verib, Ədalətin yeniyetməlik yaşlarında yaxın dostları olmuş Seymur və Rövşən ilə birlikdə futbol məşqləri zamanı çəkdirdiyi şəkilə baxaraq (sağdan birinci – A.Ə), sözünə davam edir:

“…Yaxşı futbol oynayardı. İdmanla məşğul olduğu üçün siqaret və sipirtli içkilərdən uzaq qaçardı. Arzusu yaxşı futbolçu olmaq idi. Məşqlərinə ara verməzdi. Futbol üzrə yeniyetmələr arasında keçirilən bir çox yarışlarda qazandığı nailiyyətlərinə görə dəfələrlə diplom və qramotalarla təltif edilmişdir…”.shehid Edalet VahabovEdalet Vahabov (Sovet esgerleri ile )

Qurban dayı sovet ordusunun Sumqayıtda yeləşən hərbi hissəsində xidmət edən və əslən Özbəkistandan olan hərbi qulluqçularla birgə çəkdirdikləri şəkilə baxaraq (şəkildə Qurban dayı öndə, sovet əsgərlərinin arasında əyləşib. Ədalət isə ayaq üstə soldan birinci dayanıb – A.Ə.), övladı ilə bağlı xatirələrini yenidən dilə gətirir:

“… Uşaq yaşlarından Ədalətin hərbi xidmətə böyük marağı vardı. Buna görə də hərbiyə “kişilik məktəbi” kimi baxırdı.

Əsgərliyə getmə ərəfəsi idi. Ailəliklə oturub televizora baxırdıq. Xocalı soyqırımı ilə bağlı kadırlar göstərirdilər. Ədalət ermənilərin törətdiyi vəhşiliyə dözə bilməyib, yumruğunu stola çırpıb ayağa qalxdı və: “axı niyə məni hərbi xidmətə çağırmırlar? Gedim bu vəhşilərin dərsini verim!” – deyib, hirsli halda evdən çıxdı. Daşnakların vəhşiliyi ona çox pis təsir etdiyindən, dayanıb televizora axıra kimi baxa bilmədi…”.

Vətənimizin ən dar günündə – 1992-ci ilin aprel ayının 19-da Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən onu hərbi xidmətə çağırırlar.

Ədalət Vahabov bir qədər sonra Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Qoşunların cəsur əsgəri kimi Ağdərə rayonunun bir sıra kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

19 iyul 1992-ci il. Ağdərənin Aterk kəndi (indiki Həsənriz – A.Ə.) uğrunda gedən qanlı döyüşlər Ədalətin son döyüşü olur…

Bu kəndin müdafiəsi zamanı 37 nəfər döyüşçüsü yoldaşı ilə birgə mühasirəyə düşmələrinə baxmayaraq, Ədalət təslim olmur, son damla qanınadək vuruşaraq onlarca erməni yaraqlısını məhv edir. Lakin döyüşdə ağır yaralanan igid hərbi qulluqçumuz gözlərini yumaraq, əbədi ölümsüzlüyə – şəhidlik zirvəsinə yüksəlir…

Aterk ətrafında gedən döyüşlərin canlı şahidi və iştirakçısı olmuş Daxili Qoşunların hərbi qulluqçusu, baş gizir Emin Quliyev şəhid silahdaşlarının qəhrəmanlıqlarını və əziz xatirəsini heç zaman unutmayacağını deyir: “… Həmin ərəfədə mənimlə birgə 12 nəfər hərbi qulluqçunu Aterkdən yaxınlıqdakı Umudlu kəndinə gətirmişdilər. Biz burada döyüş postu qurub müdafiə olunmalıydıq. Aterk kəndində də bizim döyüşçülər vardı…

İndiki kimi yadımdadır, səhər saat 09:50-də erməni daşnakları Aterk və Umudlu kəndələrini güclü artilleriya atəşinə tutdu. Bunun ardınca isə düşmənin ağır zirehli texnikası Aterkə doğru hücuma keçdi. Bizim olduğumuz mövqelər də aramsız olaraq artilleriya və iri çaplı silahlardan atəşə tutulduğundan, eləcə də bizə əlavə kömək gəlmədiyindən geri çəkilməli olduq. Beləliklə də, Aterkdə olan 38 nəfər döyüşçümüz mühasirədə qaldı…”.Qardashliq mezari-abide

Sıravi Ədalət Vahabov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.

Bu barədə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı tərəfindən vahabovlar ailəsinə ünvanlanmış 27 noyabr 1992-ci il tarixli məktubda deyilir:

“HÖRMƏTLİ VAHABOVLAR AİLƏSİ!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsində böyük ruh yüksəkliyi ilə iştirak edir, misilsiz qəhrəmanlıq göstərirlər.

Sizin oğlunuz Ədalət də qeyrət göstərərək, qeyrət rəmzinə çevrilmiş,  Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi şəxsi şücaət və igidliyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının «Fəxri Fərmanı»na layiq görülmüşdür”.

Şəhid Ə.Vahabovun həyat və döyüş yolundan bəhs edən yazılara görkəmli ziyalımız Tofiq Əliyevin 2000-ci ildə Sumqayıtda nəşr olunmuş “Sumqayıtın qan yaddaşı” adlı 2-ci kitabında, həmçinin “Sumqayıt” qəzetinin 24.09.1993-cü il tarixli sayında dərc edilmiş “Ata ümidini kəsmir” başlıqlı məqalədə rast gəlmək olar.

Məlumat üçün qeyd edək ki, Daxili Qoşunların Arxivindən verilmiş müvafiq arayışda sıravi Ə.Vahabovun “N” saylı hərbi hissənin əsgəri kimi Ağdərədə həlak olduğu və Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 29-cu sıra nömrəsi ilə qeydə alındığı göstərilmişdir.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

Kapitan Anar Əhmədov,  Daxili Qoşunların zabiti

Qafqaznews.az

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR