Qafqaz Xəbər Agentliyinin direktoru DİN rəhbərinə müraciət etdi

Usubov-Ramil-Idris-ogli-Azejrbajdzhan“Bu şəxs agentliyimizlə əməkdaşlığının bitməsindən sonrakı iki il ərzində başqa insanları da aldatmışdır”

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov cənablarına

Hörmətli DİN Başçısı!

Azərbaycan cəmiyyətində mənfi hallara, dələduzluğa və insanların etibarından sui-istifadə hallarına qarşı olan münasibətinizi bilərək, bizi narahat edən məsələ ilə bağlı Sizə müraciət etməyi lazım bildik.

Bu gün ölkəmizdə jurnalistin əsas rolu cəmiyyətin problemlərinə işıq salmaq, onların həlli istiqamətində araşdırmalar aparmaq olsa da, təəssüflər olsun ki, bəzi jurnalistlər öz peşəsinə asan yolla pul qazanmaq vasitəsi kimi baxır.

Qeyd edək ki, 2014-cü ilin oktyabr ayında Qafqaz Xəbər Agentliyi jurnalist etikasına zidd hərəkətlərinə görə, Gədəbəydəki ştatdankənar müxbiri Qürbət  Yusubovla əməkdaşlığa son verib. Bu jurnalistlə əməkdaşlığın bitməsi haqda saytımızda da məlumat vermişdik. Düz iki il ərzində bu şəxs barədə heç nə eşitmədik.

Lakin bir neçə gün bundan əvvəl bizə müraciət edən Gədəbəy rayon sakini Sara Abbasova bildirib ki, özünü agentliyimizin əməkdaşı kimi təqdim edən Qürbət Yusubov adlı şəxs onların üç min manata yaxın pulunu mənimsəyib və “yoxa çıxıb”.

S.Abbasova bizə müraciətində yazıb: “Qürbət Şahvələd oğlu Yusubov bizi inandırdı ki, müəyyən pul müqabilində xeyrimizə məhkəmə qərarının çıxarılmasına nail ola bilər. O, 6-7 ay ərzində (2015-ci ilin avqust ayında) bizi müxtəlif bəhanələr və vədlərlə arxayın edərək, hissə-hissə olmaqla, ümumilikdə üç min manat pul qoparıb.

O məbləğin bir qismi bilavasitə əlbəəl verilib, bir qismi isə bank vasitəsi ilə onun və bizə dediyi Elnarə Xələddin qızı Hüseynova adlı xanımın adına keçirilib. Sonda o bizdən daha 600 manat pul istədi, lakin biz artıq ondan şübhələnməyə başlamışdıq deyə, qabaqcadan daha pul verə bilməyəcəyimizi dedik. Ondan sonra Q.Yusubovla əlaqəmiz kəsildi, zənglərimizə cavab vermədi”.

Cənab Nazir!

Beləliklə, bu şəxs agentliyimizlə əməkdaşlığının bitməsindən sonrakı iki il ərzində başqa insanları da aldatmış və işçilərimizin əziyyəti bahasına qazandığımız populyarlıqdan sui-istifadə edərək, bölgələrdə müxtəlif fırıldaqlar həyata keçirmişdir.

Fikrimizcə, Q.Yusubovun hərəkətləri nəinki S.Abbasovaya, həmçinin agentliyimizin işgüzar nüfuzuna zərbə vurmaq kimi dəyərləndirilməlidir.

Hörmətli Ramil Usubov!

Yazıb Sizdən xahiş edirik ki, Qafqaz Xəbər Agentliyinin adından müxtəlif dələduzluq əməlləri həyata keçirən Qürbət Şahvələd oğlu Yusubovun məsuliyyətə cəlb olunması, eləcə də digər əməllərinin araşdırılması istiqamətində müvafiq tapşırıqlar verəsiniz.

Agentliyimiz adından sizə qabaqcadan minnətdarlığımızı bildiririk.

 Hörmətlə,  Araz Kərəm oğlu Məmmədov

Qafqaz Xəbər Agentliyinin direktoru

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR