Şəkidə sürücülük vəsiqəsinin “qiymət”i 1000 manat oldu

Безымянный copy“İmtahan günü əlin cibində gəl, 2 saat ərzində “prava”nı al get”

Martın 27-də  Qafqaznews.az saytında ““Rüşvət müfəttişliyi”nin səsi Şəkidən gəldi – Jurnalist Araz Məmmədov sürücülük imtahanından kəsildi” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda bildirilirdi ki, dostumuz, həmkarımız Araz Məmmədov elə bu ayın 17 -də Şəki şəhər 8 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində sürücülük vəsiqəsi almaq üçün imtahan verməyə getmişdi, lakin süni manelələrlə bu imtahandan keçə bilmədi. 8 saylı Şəki Qeydiyyat-İmtahan Şöbəsinin işçiləri ona “anladıblar” ki, hal- hazırda  qiymət 1000 manatdır. 1000 manat verməsən xeyri yoxdur. Imtahan günü əlin cibində gəl həll edərik.  Puluvu verib imtahana girirsən, imtahandan çıxdıqdan 2 saat sonra “pravanı” alıb gedirsən. Hətta misal da çəkiblər ki, “səndən əvvəl iki nəfər polis əməkdaşları gəlmişdi, onlar da biri 700, digəri isə 800 manat verib, imtahandan öz adamlarını keçirtdilər”.

Bu özbaşınalığı eşidən Araz Məmmədov Baş DYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevlə əlaqə saxlayıb, o isə öz növbəsində Araz Məmmədova bildirib ki, mən çalışaram Şəki Qeydiyyat-İmtahan Şöbəsinin rəisi Natiq Yaqubovla əlaqə saxlayım. Ancaq Natiq Yaqubova nə Kamran Əliyevin, nə  də Orxan Mansurzadənin sözü keçməyib.

Qeydiyyat-İmtahan Şöbəsinin işçiləri Araz Məmmədova bildiriblər ki, “dollar 0.78 və hətta 1.05 olanda hardasa nəsə güzəşt edə bilirdilər, ancaq indi 1.70 olduğu üçün DİN-in Baş DYPİ-nin rəhbəri Ramiz Zeynalov tapşırmasa heç kimə güzəşt edə bilmərik”.

Təsssüflər olsun ki, Şəkidəki özbaşınalıqlardan narazı qalan ancaq biz deyilik. Ölkə mətbuatında Natiq Yaqubovun “prava biznesi” haqqında az qala hər gün yeni bir yazı dərc olunur.

Gundeminfo.az saytı yazır: “Şəki sakinlərindən birinin dediyinə görə, o, sürücülük vəsiqəsi almaq məqsədilə DYP-nin bu şəhərdə yerləşən 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə müraciət edib. Burada isə, ondan vəsiqəyə görə 1000 manat pul istəyiblər. Bundan sonra vətəndaş Şəki şəhər İcra Hakimiyyətinə, həm də birbaşa Zərinə Cavadovanın qəbuluna gələrək, məsələni ona bildirib və səlahiyyətli dövlət orqanı kimi, icra hakimiyyəti tərəfindən hər hansı tədbir görülməsini tələb edib. Amma Zərinə Cavadovanın cavabı şikayətçini mat qoyub. “Məgər sən bilmirsən ki, Natiq (8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Natiq Yaqubov – red.) “pravanı” 1000 manata satır? Buna görə şikayətə niyə gəlmisən ki?..”

Realfakt.net saytında isə, başqa bir şikayətə diqqət çəkilir.

“Şəki şəhər İmtahan Qeydiyyat Şöbəsinin rəisi Natiq Yaqubov öz səlahiyyətlərini polis mayoru Vüqar müəllimə həvalə edib. Vüqar müəllim isə öz qayda qanunlarını həyata keçirir. İlk gördüyümüz mənzərə İdarənin divarlarına vurulmuş plastik materillar sökülürdü. Sürücülük vəsiqəsinə 800 m, dövlət nömrə nişanlarına baxıb nömrəyə öz qiymətini tətbiq edir. Vüqar müəllimin kabinetinin qarşısında bura müraciət edənlərin narazılığı ilə qarşılaşdıq. Balakəndən aldığı avtomobili özəlləşdirmək istəyən şəxsdən 180 manat pul tələb edən cənab mayor 55- lə olan dövlət qeydiyyat nişanlarına xüsusi qiymət qoyub. Şəki şəhərində 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi Zaqatala, Qax, Oğuz, Qəbələ, Balakən rayonlarını əhatə edir.da94b402-d9a0-44bb-ab61-bc286e907a63

Sakinlər yeni inzibati binadan razı olsalar da Hörmətli Natiq müəllimin bütün səlahiyyətləri verdiyi Vüqar müəllimdən narazıdırlar. Realfakt.net xəbər saytı olaraq bu gün Şəki şəhərində 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində olduq. Sakinlər narazı halda təşviş içində Vüqar müəllimin qoyduğu qiymətləri müzakirə edirdilər. Sürücülük vəsiqəsi alan şəxs 760 manat verdiyini və qiymətin yaxşı olmasına görə sevinirdi. 150-250 arası dəyişən avtomobillərini özələşdirib öz adına salanlarsa texniki baxışdan danışırdılar. Biz Vüqar müəllimin kabinetinə daxil olub cavan mayorla görüşdük.

Vüqar müəllim özümüzü təqdm etməmizdən dərhal əsəbiləşdi “Cinayətkar tutmusan elə bil” deyərək 5 manat pulu stola atıb “götür get” dedi. Mən ilk növbədə bu təhqirə dözməyib mayora “4- cü hakimiyyət beləmi cılızlaşıb, mən dilənməyə yox öz vəzifə borcumu yerinə yetirməyə gəlmişəm” deyərək otağı tərk etdim. Xatırladım ki, bizdən başqa otaqda polis çavuşu da vardı. İdarə rəisi Natiq müəllimi yenidən axtardım, növbətçi “polis rəis olmayacaq, bütün işləri Vüqar müəllimə tapşırıb” deyərək məni idarədən cıxartdı.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib, Hörmətli Ramiz Zeynalovdan bu məsələyə aydınlıq gətirməsini xahiş edirik. Azərbaycan polisi həmişə qüdrətli, vüqarlı, öz peşəsini sevən olub. Şəki şəhərində 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində isə biz bunun əksini gördük” (realfakt.net).

Görünür ki, Şəki “Mero”sunda vəziyyətin düzəlməsi üçün hələ çox yazmalı, danışmalı olacağıq.

Məlumdur, Natiq Yaqubov bu şikayətlərdən nəticə çıxarmaq niyyətində deyil. Bəs Ramiz Zeynalov mətbuatı izləyirmi?

Mövzu diqqətimizdədir. Əlavə faktlara və şikayətlərə də yer verməyə hazırıq.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR