Siyəzəndə 8 şagird qidadan zəhərlənib

img2066934Bu gün Siyəzən rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayonunun Zarat tam orta kənd məktəbinin 8 şagirdi zəhərlənmə diaqnozu ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 2005-ci il təvəllüdlü Tacəddinova Samirə Rasim qızı, Ağaverdiyev Novruz Qurbanəli oğlu, Abdulrəhimov Məmməd Elşən oğlu, Mirzəyev Rza Xələf oğlu, Əliyarov Həmid Gülyar oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Məmməd Mövsüm oğlu, Aslanov Əbülhəsən Rabil oğlu və 2006-cı il təvəllüdlü Seyiddəmirova Xədicə Tahir qızıdır. Məktəblilərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Siyəzən Təhsil Şöbəsinin müdiri Rafael Hacıyev APA-nın yerli bürosuna bildirib ki, məktəblilər keks alıb yeyiblər, bundan sonra onlar özlərini yaxşı hiss etməyiblər və xəstəxanaya yerləşdiriliblər: “Hazırda onların səhhətində ciddi problem yoxdur. Hamısı evə buraxılıb”.
Onun sözlərinə görə, məktəblilər keksi məktəbin bufetindən deyil, məktəbdən kənarda yerləşən mağazadan alıblar.
Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR