Ət satışına yeni təklif: Fərqli kateqoriyalar üzrə qiymətlər daha ucuz olacaq

img2050415Yəqin ki, hər bir insan mağazadan ət alarkən, bu ətin cavan yoxsa, yaşlı, xəstə yoxsa, sağlam heyvana aid olması haqqında düşünür. Bundan başqa keyfiyyətindən və heyvan cəmdəyinin hansı hissəsindən asılı olmayaraq ət eyni qiymətə satılır.
Yalnız qəssablar öz mənfəətləri üçün sümüksüz əti sümüklü ətdən daha baha satırlar. Ancaq təklif olunan yeni qayda işbazların deyil, vətəndaşların xeyrinə olacaq.
Belə ki, Avropada tətbiq olunduğu kimi, Azərbaycanda da ətin keyfiyyətinə görə  müxtəlif kateqoriyalara ayrılması və nisbətən yaşlı heyvan ətinin yaxşı ətdən daha ucuz satılması təklif olunur.
ABŞ və Avropa Birliyində marketlərdə tətbiq olunan ətin tarif sisteminə görə ətlər, heyvanın yaşı, cinsiyyəti, keyfiyyəti, yağlılıq dərəcəsi, rəngi kimi meyarlara görə təsnif edilir. Marketdən ya da qəssabdan alınan qırmızı ətin yaşına, yağına və keyfiyyətinə görə növ arayışı olur və növə görə ətin fərqli qiyməti də müəyyən olunur. Çox yağlı və ya yaşlı heyvana aid ətin qiyməti digərlərindən daha aşağı olur.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri, ya da nazirliyin lisenziya verdiyi mütəxəssislər ətin növünü müəyyənləşdirə və ətin keyfiyyətinə görə növünü də ətin üzərinə damğalaya bilər. İnək əti və dana əti keyfiyyət və ləzzət baxımından fərqli olduğu halda, vətəndaşa yüksək qiymətə aşağı keyfiyyətli ətin satılmasının da qarşısı alınar.
Müəyyənləşdiriləcək dərəcələr cədvəlinə görə, cavan öküz, yetkin öküz, inək, yaşlı inək, düvə kimi kateqoriyalar müəyyən oluna bilər. Ətə yağ tərkibinə görə 1-dən 5-ə qədər qiymət verilə bilər.
Ən yağlı ətə 5 qiyməti verilir. Ətin uyğunluğu üçün də hərflərlə P (poor-zəif), E (excellent–mükəmməl) və S (super ) kimi dəyərlər verilə bilər. Kəsim standartı da hazırlana bilər. Heyvanların kəsiləcək nöqtələri hamısında standart eyni olmalıdır.
Məsələ ilə bağlı musavat.com-a danışan deputat Vahid Əhmədovun sözlərinə görə, bütün dünyada bir praktika var ki, ətin keyfiyyətinə uyğun olaraq qiymətlər müəyyən edilir, fərqli qiymətlərə satılır: “Bir var dana əti, bir  də var yaşlı inək əti… Ətin keyfiyyətinin müəyyən edilməsinin çox böyük əhəmiyyəti var. Çünki, möhtəkirlər bundan çox istifadə edirlər, təzə ətin yanına köhnə əti də qatıb, eyni qiymətə satırlar. Bu baxımdan bütün dünyada tətbiq oluna təcrübənin Azərbaycanda da tətbiq olunmasına ehtiyac var”.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev isə musavat.com-a açıqlamasında bildirdi ki, ətin əmtəəşünaslığında onun müxtəlif kateqoriyaları var: “Dünyanın bütün ölkələrində ət satışa çıxarıldıqda həmin kateqoriyalara görə satışa çıxarılır. Bizdə heyvan cəmdəyi bütöv şəkildə satışa çıxarılır və müəyyən hissələri kəsilərək satılır. Ancaq bu kateqoriyalar ətin keyfiyyətini deyil, heyvan cəmdəyinin hansı hissəsindən olmasına görə fərqlənir. Yəni, ikinci, üçüncü kateqoriya ət keyfiyyətsiz və ya köhnə ət demək deyil. Gələcəkdə bu təcrübə yəqin ki, Azərbaycanda da tətbiq olunacaq. Çünki, ətin əmtəəşünaslığı bu cürdür”.
İqtisadçı ekspert Vüqar Bayramov isə musavat.com-a açıqlamasında bildirdi ki, əksər xarici ölkələrdə ətlər keyfiyyətinə görə qruplaşdırılır və bu təcrübənin Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var: “Ətlərin keyfiyyət kateqoriyalarından asılı olaraq fərqli qiymətlər təklif olunmalıdır. Azərbaycanda bu təcrübə yoxdur. Lakin istehlakçıların hüquqlarının qorunması üçün ətlərin keyfiyyətinə görə qruplaşdırılmasına ehtiyac var. Lakin keyfiyyət kateqoriyalarına bölgü ətin bahalaşmasına gətirib çıxarmamalıdır. Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi çalışmalıdır ki, bu proses qiymət artımı yox, qiymət azalmaları ilə müşayiət edilsin. Birinci növ ətin qiyməti bu gün satılan ətin qiymətindən baha olmamalıdır. İkinci, üçüncü kateqoriyalı ətin qiyməti isə bundan daha ucuz olmalıdır. Yəni, əsas diqqət ətin qiymətinin artmamasına yönəlməlidir”.Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR