Xəzər necə çirkləndirilir?

423294Salyan rayonu ərazisindən Xəzər dənizinə birbaşa axar olmadığından, rayonda formalaşan tullantı suları dolayı yollar (müxtəlif kollektor, kanal və s.) vasitəsi ilə Bakı şəhərinin Qaradağ rayonu və Neftçala rayonu ərazilərindən dənizə axıdılır.

Qafqaznews.az  APA-ya istinadən bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində deyilib.

Bülletendə qeyd olunub ki, Salyan rayonunda formalaşan tullantı suların təmizlənməsi üçün inşa edilmiş keçmiş Bioloji Təmizləyici Qurğu (BTQ) rayonun Qaraqaşlı kəndində yerləşir: “Qurğu uzun müddət təmir edilmədən istismar olunduğundan hazırda tamamilə yararsız vəziyyətə düşüb. Digər bir ekoloji problem, rayonda formalaşan bərk məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsinin təmin edilməməsidir. Belə ki, rayonda fəaliyyət göstərən Kommunal Təsərrüfat İdarəsi yalnız mərkəzi küçələrdə və bəzi iaşə obyektlərində formalaşan tullantıların daşınmasına xidmət edir. Mərkəzdən kənar digər küçələrdə, kənd və qəsəbələrdə formalaşan tullantılar isə yaxın ərazilərə atılaraq, daşınması təmin edilmir”.

Bülletendə o da qeyd olunub ki, Neftçala rayonunda əsas problemlərdən biri təmizləyici qurğuların olmaması və şəhər əhalisinin sudan istifadəsi zamanı formalaşan tullantı suların təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa və ya dolayı yollarla Xəzər dənizinə axıdılmasıdır: “Rayonda tullantı sularının idarə edilməsi qeyri-qənaətbəxşdir. Belə ki, formalaşan tullantı suları bu sahədə cavabdeh olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Neftçala Rayon Su Kanal İdarəsinin balansında olan kanalizasiya xətləri vasitəsilə Xəzər dənizi ilə əlaqəsi olan Həsənabad kanalına tökülür. Bundan başqa, tullantı suları dolayı yollar (kanal, kollektor, arx və s.) vasitəsilə də dənizə axıdılır. Eyni zamanda, bu kanal rayonun mərkəzi hissəsindən keçdiyi üçün burada fəaliyyət göstərən əksər iaşə obyektlərində, avtoyuma məntəqələrində və s. formalaşan tullantı suları da sözügedən kanal vasitəsi ilə Xəzər dənizinə axıdılır. Bundan başqa əhalinin içməli suya olan tələbatının Kür çayı vasitəsilə ödənilməsinə baxmayaraq, çay sahil ətrafı yaşayış massivləri və bu ərazilərdə fəaliyyət göstərən müəssisələr tərəfindən çirklənməyə məruz qalır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR