40 qəpiklik tibbi müayinə – Sürücülər tibbi müayinədən niyə yayınırlar? (VİDEO )

sm2“Qəfləti ölüm halları baş verə bilər”

Kənd və şəhərdaxili marşrutlarda çalışan sürücülərin sözlərinə görə, hər gün orta hesabla 800 nəfər sərnişin daşıyırlar. İctimai nəqliyyatda çalışdıqları üçün onların hər biri insanların təhlükəsizliyi üçün də cavabdehlik daşıyırlar. Buna görə də sürücülərin reysqabağı tibbi müayinəsi vacib məsələdir.

Sükan arxasında olanlara yaxınlaşaraq müayinədən keçib-keçmədiklərini soruşduq. Onlar isə min bir bəhanə ilə sualdan yayınmağa çalışdılar. Sürücülər müayinə kağızlarını gizlətsələr də bu sənədi əldə edə bildik. Bəlli oldu ki, müayinədən keçmək sürücülərə hər gün 40 qəpiyə başa gəlir. Yəni dırnağarası müayinə vərəqəsinə yapışqanlı kağızın vurulması ilə iş bitir. Əslində isə sürücülər heç bir tibbi müayinə olunmurlar.

Danılmaz faktdır ki, bəzən sərnişin avtobuslarının qəzaya uğraması sürücünün səhhəti ilə bağlı olur. Məhz buna görə də, çoxsaylı insan itkisi ilə qarşılaşmamaq üçün ictimai nəqliyyatda sükan arxasında olanların tibbi müayinədən keçməsi zəruridir. Sərnişinlər də sürücülərin müayinə edilməməsindən narahatdırlar. Saglamlığında problem olan sürücülərin ictimai nəqliyyatda işləməsi yolverilməzdir.

Həkimlər də xəbərdarlıq edir ki, sürücü səhhətində dəyişiklik hiss etsə belə avtomaşını idarə etməməlidir. Aidiyyatlı qurumlar isə bəzi  sürücülərin tibbi müayinədən yayındıqlarını deyirlər. Qanunvericilik aktlarında da təsbit olunur ki, ictimai nəqliyyatı idarə edənlər işə başlamazdan əvvəl tibbi müayinədən keçməlidirlər. Qaydalara əməl etməyənlər isə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnməlidir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR