“Ad günümü qeyd etməyə iş imkan vermir” – Fuad Poladov

83938Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Fuad Poladovun ad günüdür.
O, iş başında olduğunu, bütün günü Rus-Dram Teatrının səhnəsində çalışacağını bildirib: “Bu gün çox yaxşıyam. Axşamdan telefonlar susmur, zəng-zəngə təbriklər də təbriklərə calanır. Sağ olsunlar, məni təbrik edən bütün şəxslərə çox sağ olun deyirəm. Təəssüflər olsun ki, bu gün dostlarla bir arada ola bilməyəcəm. Buna iş imkan vermir. Bütün günü işdə və səhnədə olacam. Yeni bir tamaşa hazırlayırıq. Orada rolum var, bu üzdən səhər də, axşam da tamaşalarımın məşqində olacam. Tamaşanı təhvil verməliyik”.
F.Poladov qeyd edib ki, işdən sonra ailə üzvləri ilə yeni yaşını qeyd edəcək: “Sənət ailəmdən sonradır. Allah imkan versin, boş vaxt olan kimi bu günü dostlarla bir arada qeyd edərik. Amma bu gün ailəmlə olacam. Bunu dostlar da başa düşsün”.
Qeyd edək ki, Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin Xalq artisti fəxri adını alıb. (AzNews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR