Azərbaycan Türkiyə ilə viza rejimini ləğv edəcəkmi?

20160507-172347linkMilli Məclisin ötən gün keçirilən iclasında Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməsi ilə bağlı məsələ qaldırılıb. Millət vəkili Siyavuş Novruz qardaş Türkiyə ilə viza rejiminin ləğvini təklif edib. Deputat hazırkı durumda bunun vacib məsələ olduğunu diqqətə çatdırıb.

Cəbhədəki son hadisələr zamanı Türkiyənin Azərbaycana dəstək verdiyini xatırladan S.Novruzov qeyd edib ki, indiki şəraitdə viza rejiminin ləğv olunması və ya müddətinin uzadılması vacib amillərdəndir:

“Ümumilli liderimizin qeyd etdiyi kimi biz Türkiyə ilə “bir millət, iki dövlətik”. Bu arada belə sistemin indiki şəraitdə ləğv olunması və ya müddətinin uzadılması vacib amillərdəndir. Xüsusilə, Naxçıvan Muxtar Respublikasını qeyd etmək istəyirəm. Oradan Türkiyəyə işləməyə gedənlər var. Naxçıvan blokadada olan ərazidir. Onda Naxçıvandan Türkiyəyə işləməyə gedənlər məcburdular ki, 3 aydan bir sərhədi keçsinlər. Onların qazandıqları yol puluna gedəcək. Gürcüstan Türkiyə ilə viza sistemini ləğv etdi. Azərbaycanın bütün ərazisində olmasa da, Naxçıvanda viza ya ləğv olunmalı, ya da 1 il müddətinə uzadılmalıdır. Türkiyədən iş adamları Azərbaycana gəlib iş görür və ya əksinə. Müəllimlər var ki, Türkiyədə dərs deyir. Onların işlərinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, hazırda bu istiqamətdə iş gedir.

Politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyə ilə viza rejiminin ləğv edilməməsində İran faktoru ciddi rol oynayır. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə viza rejimini ləğv etsə, o zaman İran da vizanın ləğvini tələb edəcək. Bu isə Azərbaycana sərf etmir:

“Azərbaycan tərəfi qaçaqmalçılığın və qaçaq işçiliyin artacağı və bu vəziyyətin iqtisadiyyata mənfi təsir edəcəyini düşünərək İranda yaşayan 25 milyona yaxın azərbaycanlının ölkəmizə vizasız girməsini istəmir. Məhz buna görə İranla viza ləğv olunmur. İranla aparılan danışıqlar zamanı Azərbaycan rəsmiləri MDB ölkələri xaric olmaqla heç bir ölkə ilə viza rejiminin ləğv edilmədiyini deyirlər”.

Politoloqun fikrincə, məhz buna görə Azərbaycan hökuməti Türkiyə vətəndaşları üçün vizanı ləğv edə bilmir. Azərbaycan tərəfinin Naxçıvanla viza rejimini ləğv etməsinə gəlincə, Q.Hüseynli bunun vacib məsələ olduğunu deyib.

“Naxçıvanın blokadada olmasını əsas gətirərək vizanı ləğv edə bilərik. Hazırda bu məsələ ilə bağlı işlər aparılır. Çox güman ki Azərbaycanada vəziyyət stabilləşəndən sonra Türkiyə ilə vizasız gediş-gəliş tətbiq olunacaq”.

Qeyd edək ki, mövcud qaydalara görə, Azərbaycana gəlmək istəyən Türkiyə vətəndaşları viza almaq məcburiyyətindədirlər.

Onlara verilən vizanın müddəti isə 60 gündür.

Müstəqillik əldə edəndən sonra heç bir ölkəyə qarşı vizaları ləğv etməyən Azərbaycan sadəcə 9 ölkə (Gürcüstan, Rusiya, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan) vətəndaşlarının vizasız ölkəyə girməsinə icazə verir.

Azərbaycan Ermənistan və Türkmənistan xaric olmaqla, sadəcə MDB-yə üzv ölkələrin vətəndaşlarına qarşı viza tətbiq etmir.

Türkiyə vətəndaşları üçün sərhəddə viza məsələlərinin asanlaşdırıldığı və məsələnin daha effektiv həlli üçün işlərin davam etdirildiyi bildirilir.

Viza tətbiqinin ləğv edilməsi məsələsi 2 ölkə rəhbərlərinin qarşılıqlı səfərləri zamanı da gündəmdə olan məsələlərdən birini təşkil edib. (azvision.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR