Azərbaycanın icbari tibbi sığorta modeli necə olacaq?

20160506-184646link“Yaxın həftələrdə ölkəmizin yerli xüsusiyyətlərinə və inkişaf imkanlarına uyğun tibbi sığorta modelinin işlənib-hazırlanması nəzərdə tutulub”.

Bu sözləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  monitorinq, təhlil, informasiya texnologiyaları  şöbəsinin müdiri İsa Əliyev Modern.az-ın sorğusunu cavablandırarkən deyib.

O qeyd edib ki, ilkin işlərin aparılması üçün zəruri işçi heyəti toplanıb, müvafiq ixtisasa və təcrübəyə malik kadrların Agentliyə cəlb edilməsi işi davam edir. Eyni zamanda, xarici mütəxəssislərlə birlikdə icbari tibbi sığortanın ölkəmizdə tətbiqi imkanları araşdırılır

“ Hal-hazırda model üzərində işlər gedir və seçiləcək modeldən asılı olaraq icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanacaq.  İcbari tibbi sığorta sosial həmrəylik prinsipinə əsaslanır. Başqa sözlə, yaşından, sosial statusundan, sağlamlıq vəziyyətindən və gəlirindən asılı olmayaraq bütün insanlar bu sığorta proqramında iştirak etməlidirlər. Müvafiq gəlirə malik insanlar icbari tibbi sığorta fonduna müəyyən ödənişlər edəcəklər”.

İ.Əliyevin sözlərinə görə, gəliri olmayan və ya aşağı gəlirli bəzi qrupların (məs: uşaqlar, əlillər, təqaüdçülər və s.) tibbi xərcləri dövlət tərəfindən ödənilə bilər.

“Tibbi sığorta üçün vəsaitlər Agentlikdə toplanacaq. İnsanlar tibbi xidmətlərə ehtiyacı yarandıqda tibb müəssisələrinə müraciət edəcəklər. Bu zaman onların tibbi sığortada iştirakına görə xidmətin növündən asılı olaraq tibbi xidmət göstəriləcək”.

Şöbə müdiri qeyd edib ki, dünya təcrübəsində adətən ilkin səhiyyə xidmətlərinin böyük əksəriyyəti, stasionar xidmətin daha effektiv müalicə üsulları paketə daxil edilir.

“Xidmətlər zərfinin tərkibi xəstəliklərin ciddiliyi, sosial əhəmiyyəti, insanları yoxsullaşdırma riski və bu kimi digər amillərdən asılı ola bilər. Bütün bunları nəzərə alaraq, əhalinin ehtiyaclarına ən uyğun xidmətlər zərfi işlənib-hazırlanacaq və təqdim ediləcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR