Azərbaycanla İsrail birgə təlimlər keçirə bilərmi? – TƏHLİL

libermanRasim Musabəyov: “İstənilən halda, Libermanın müdafiə naziri olması xeyrimizədir”

Tofiq Abbasov: “Yaxın zamanda Zakir Həsənovla Aviqdor Libermanın görüşü baş tuta bilər”

İsrail və Azərbaycan arasında əməkdaşlıq istiqamətlərin ən geniş spektri üzrə olduqca dinamik inkişaf edir. Bunu İsrailin yeni müdafiə naziri Aviqdor Liberman xarici KİV-ə ilk olaraq Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, münasibətlərin səviyyəsi həqiqətən də çox yüksəkdir və iki ölkə üçün onların əhəmiyyətini qiymətləndirmək çətindir: “Bütün sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi dövlətlərimizin maraqlarına cavab verir və mənə oldquca perspektivli görünür”.

Terrorçuluqla mübarizə sahəsində Azərbaycanla əməkdaşlığa toxunarkən nazir qeyd edib ki, hazırda terrorçuluqla mübarizə məsələsi İsrail üçün həyati önəmə malikdir: “Dövlətin əsası qoyulduğu andan etibarən bütün tarix boyunca terrorçuların mütəmadi, davamlı hücumlarına qarşı durmaq məcburiyyətində qalmışıq. Beynəlxalq terrorun qarşısını almaq üçün azad dünyanın bütün ölkələri öz səylərini birləşdirməlidir” (trend.az).

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov qafqaznews.az-a bildirib ki, Libermanın müdafiə nazir olması Azərbaycan-İsrail münasibətləri üçün müsbət hadisədir.

“Tam olaraq, hansı yeniliklər, hərbi sahədə nə kimi məqamlar ortaya çıxacaq, deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, inkişaf şübhəsiz olacaq. Müdafiə Nazirliyinin tövsiyəsi olmadan silah alqı-satqı ilə bağlı müqavilələr imzalana bilməz. Həmçinin, hərbi-texniki əməkdaşlıq, təcrübə mübadiləsi və kəşfiyyat məlumatlarının mübadiləsi baxımından da müəyyən qədər isti münasibətlər var və bundan sonra da, bu münasibətlərin artacağını düşünürəm. İstənilən halda, Libermanın müdafiə naziri olması xeyrimizədir”, – deyə R.Musabəyov qeyd edib.

O, Libermanın müdafiə naziri təyin olunmasına, eləcə də hərbi-texniki sahədə Azərbaycan-İsrail əlaqələrinə  bəzi ermənipərəst qüvvələrin narahat yanaşmasına da toxunub.

скачанные файлы“Ermənilər və ermənipərəst lobbistlər çox şey deyə bilərlər. Amma İsrail rəhbərliyi hər zaman göstərib və göstərəcək ki, onun xarici siyasətinə kimsə müdaxilə edə bilməz. Ölkələrimiz arasında çox sağlam dostluq münasibətləri formalaşıb. Ermənistanın bu münasibətləri korlamağa gücü çatmaz”, – deyə millət vəkili vurğulayıb.

Politoloq Tofiq Abbasov da hesab edir ki, Azərbaycanla yaxşı münasibətləri ilə tanınan Aviqdor Libermanın Müdafiə Nazirliyi kimi strateji struktura rəhbərlik etməsi ölkələrarası münasibətlər üçün əhəmiyyət daşıyır.

“Düşünürəm ki, Liberman özü də bu münasibətlərin inkişafında maraqlıdır və Azərbaycanla hərbi-texniki əməkdaşlığın artırılması üçün əlindən gələni edəcək.  Liberman XİN başçısı olarkən də, iki dəfə Bakıya rəsmi səfər edib və diplomatik əlaqələrin möhkəmlənməsinə töhfələr verib. Onun təmsil etdiyi “Bizim Ev – İsrail” Blokunda da bu baxımdan yanaşma müsbətdir. İsrail daxilində və ya kənarda hər hansı qüvvənin Azərbaycan-İsrail dostluğuna kölgə salması ehtimalı çox zəifdir”.

Politoloqun fikrincə, Azərbaycan və İsrail arasında silah-alqı satqısının məhdudlaşdırılması barədə müxtəlif çağırışlar və hətta bir sıra proqnozlar heç bir məna daşımır.скачанные файлы (1)

“Aprel döyüşlərində Azərbaycan öz gücünü göstərdiyi zaman, Ermənistan tərəfi ciddi şəkildə narahat oldu və ölkəmizi dostlarından uzaqlaşdırmaq üçün müxtəlif variantlara əl atdı. Erməni lobbiçiləri müxtəlif yollarla Tel-Əvivə təzyiq göstərməyə, Azərbaycana silah satışını dayandırmaq və ya məhdudlaşdırmaq üçün çağırışlar səsləndirdi. İsrail hökuməti birbaşa olaraq bu çağırışlara münasibət bildirmədi. Amma dolayısı yollarla cavab verildi və bu cavab heç də ermənilərin xoşuna gəlmədi. İsrailin hərbi-siyasi dairələrinə yaxın olan şəxslər, o cümlədən tanınmış ekspert Yakov Kedmi də bildirdi ki, İsrailin Azərbaycanla münasibətlərinə, hərbi-texniki əməkdaşlığa heç kim təsir edə bilməz”, – deyə Tofiq Abbasov vurğulayıb.

Onun sözlərinə görə, dünya mətbuatı yaxın günlərdə Azərbaycan və İsrailin müdafiə strukturları arasında əməkdaşlığa dair müxtəlif tədbirlərin və görüşlərin də şahidi olacaq.

“Düşünürəm ki, yaxın zamanda Azərbaycan müdafiə naziri Zakir Həsənovla Aviqdor Libermanın görüşü baş tuta bilər. Bu görüş bizim üçün çox vacibdir. Əməkdaşlığı daha da genişləndirmək, ayrı-ayrı sahələrdə tərəfdaşlığı miqyasını artırmaq üçün mühüm addımlar atıla bilər.  Bu günə qədər Azərbaycanla İsrail arasında müəyyən qədər təcrübə mübadiləsi olsa da, birgə təlimlər  olmayıb. Bildiyiniz kimi, İsrail ordusunun çevik manevrlər etmək bacarığı çox yüksəkdir.  Ona görə də, birgə təlimlərin keçirilməsi də bizim üçün əhəmiyyət daşıyır. Yəqin ki, bu mövzuda da müzakirələr gedəcək”, – deyə T.Abbasov əlavə edib.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR